- "Saytlar ağızdan-ağıza gəzən söhbətləri tirajlayır, yüksəklik aldığımızı iddia edirlər. Həqiqətdə isə ermənilər Zodanlı kəndində əhalinin otuz beş baş mal-qarasını aparıblar."
"Hətta, dünən şou biznes saytları belə, Gədəbəydə baş verənlərlə bağlı xəbər tirajlayırdılar ki, bu da ölkədə mətbuatın bərbad vəziyyətdə olduğunu deməyə əsas verir."
Hikmət Carçılı Orhun
Gedənlərin qayıtması
Ümumiyyətlə, son bir neçə ildə bu vədələr saytlarımız cəbhədə “müharibə” başlayır, xırda atışmaları fürsət qılıb, ardı-arası kəsilməyən xəbərlər paylaşaraq, insanlarımızı təşvişə salır.
Yadıma gəlir, ötən il bu vaxt hələ atışma-zad yox idi, artıq saytlarımız beş erməni, iki Azərbaycan əsgərinin şəhid olduğunu yazırdı.
Müdafiə Nazirliyi isə əsası olmayan xəbərlərin saytları başına götürdüyünü görə-görə adəti üzrə susurdu.
Bu azmış kimi, bir neçə sayt da vəziyyəti qiymətləndirib, bölgələrdə sərhədə yaxın kəndlərin sakinlərinin ev-eşiklərini tərk etdiyini iddia edir, palaz-palaz yazılar dərc edirdilər.
Bir sözlə, düşmənin əlinə yaxşıca girəvə düşmüşdü, heç nədən şəhidlərinin sayını artırır, dünya ictimaiyyətinin qarşısında imtiyaza aparan addımlar atırdı.
Bu kimi atışmalar cəbhə bölgələrində az qala hər gün olur. Hər gün onlar hücum edir, biz susdururuq, biz hücum edirik, onlar susdururlar.
O qalmışdı ki, hörmətli jurnalistlərimiz camaatımızı yurd-yuvasından didərgin salan düşmənin kəsilmiş qulağı ilə selfie (özçəkim) edələr.
Bir-iki gündür, yenə başlayıblar. Erməni əsgərlərinin Gədəbəyin İvanovka kəndindən təxminən 12 kilometr aralıda yerləşən Çiçəkli yaylağı deyilən ərazidəki hərbi hissəmizə hücum etdiyini, ağır itki verərək geri çəkildiyini yazırlar.
Düzdür, atışma olub. O da düzdür ki, bir şəhid vermişik.
Məsələ belədir ki, insanlarımızı təşvişə salan saytlarımızın yazdığı sayaq sərhəddə müharibə-zad yoxdur.
Daha doğrusu, bu kimi atışmalar cəbhə bölgələrində az qala hər gün olur. Hər gün onlar hücum edir, biz susdururuq, biz hücum edirik, onlar susdururlar.
Qazaxın Quşçu Ayrım, Kəmərli, Məzəm, Bala Cəfərli, Cəfərli; Tovuzun Ağdam, Əlibəyli kəndləri istiqamətində axşam saatlarında baş verən gündəlik atışmalar mətbuatın diqqətindən kənarda qalır.
Bəzən yaralananımız, şəhid düşənimiz olur, ancaq naməlum səbəblərdən gizlədilir, Müdafiə Nazirliyi təsdiqləmədiyindən diqqətdən publikaya çıxarılmır, ört-basdır edilir.
Bəlkə də ona görədir ki, bir şəhid verdiyimiz cəmiyyətə açıqlananda müharibə effekti yaradır.
***
Təcrübəmdən misal gətirim. Ötən ilin avqust hadisələri ərəfəsində Qazaxın Kəmərli kəndi istiqamətində ölkəyə erməni daxil olduğuna dair xəbər yazmışdım.
Məlumatı kəndin icra nümayəndəsindən almışdım. O bildirmişdi ki, ölkəyə doğrudan da, erməni keçib.
İyirmi dəqiqəyə yaxın onun otağında saxlanandan sonra əsgərlərimizə təhvil verilib.
Müdafiə Nazirliyi xəbərin təsdiqini bir aya qədər uzatdı; o zamana qədər ki, icra nümayəndəsi işindən azad edildi, bir jurnalist kimi mənim etibarım “iki paralıq” oldu, camaat bir nəfər kimi susuduruldu.
O zamana qədər ki, sərhədi keçən erməni artıq kimsənin vecinə deyildi.
Xəbər saytda gedəndən sonra adamlar o təhər qorxuduldu ki, indi hər hansı sosial problemə dair sual verəndə belə, danışmaq istəmirlər.
Halbuki, yazdığım xəbər müharibə effekti filan yaratmamışdı. Sadəcə hər zaman olduğu kimi adi bir erməni ölkəsindən bezib Azərbaycandakı “gözəl həyat”a qaçmışdı, onu yazmışdım.
***
Gədəbəydə baş verən atışma haqqında yazılanlar isə az qala müharibənin bir addımlığında olduğumuzdan xəbər verir.
IP yığmaq üçün biri-birinin bəhsinə düşən saytlar ağızdan-ağıza gəzən söhbətləri tirajlayır, yüksəklik aldığımızı iddia edirlər.
Həqiqətdə isə ermənilər Zodanlı kəndində əhalinin otuz beş baş mal-qarasını aparıblar.
Əsgərlərimizin geri qalanının hələ də təxris edilməməsi isə insanlarımızda əməlli-başlı xof yaradıb.
Gedənlərin geri qayıtması gec baş tutduğuna görə, adamlara haqq verməyə də bilmirsən.
Qorx ki, bu gün-sabah yenə bir-iki ürkək adam sərhəddə yerləşən kəndini tərk edib, şəhərdə yaşayan qohum-əqraba evinə sığınanda saytlarımız yazalar ki, filan kənd boşaldıb.
***
Bu kimi halların aradan qaldırılması üçün peşəkarlara ehtiyac var. Jurnalistlər müəyyən sahələr üzrə “ixtisaslaşma”lıdırlar.
Fikrimcə, bu işdə Türkiyə mətbuatının təcrübəsindən yararlana bilərik. Onlar idmandan yazan yazarları belə müxtəlif sahələr üzrə hazırlayıblar.
Misal üçün, futboldan yazanlar ayrı, basketboldan yazanlar ayrı, avtomobil idmanlarından yazanlar ayrı və s.
Təəssüflər olsun ki, Azərbaycanda əlinə qələm alan adam elə bilir, hər mövzuda yaza bilər. Yazır da.
Nəticəsi isə göz qabağındadır: araşdırılmamış məlumatları sayt və qəzetlərə manşet edirlər.
Hətta, dünən şou biznes saytları belə, Gədəbəydə baş verənlərlə bağlı xəbər tirajlayırdılar ki, bu da ölkədə mətbuatın bərbad vəziyyətdə olduğunu deməyə əsas verir.
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)