-
Dar çərçivədə onu-bunu “kafir” deyə qaralamaqdan, axırının nə olacağını bilmədiyin yolun uğrunda itib-batmaqdan yazı-pozu, kitab-dəftər uğrunda can qoymaq maraqlıdır...
Hikmət Carçılı Orhun
“ƏSL İSLAM”, YOXSA KİTABLAR, RƏSMLƏR, FİLMLƏR?
Mən allaha inanıb-inanmadığımdan danışmaq istəmirəm. Onsuz mən “var” desəm də, deməsəm də var olan şey mənim sözümlə nə yox olandır, nə də...
Xülasə, mənim sözümlə bir zad dəyişən deyil. Nəsə dəyişməyəcəksə, onun haqqında uzun-uzadı söhbət açmağa lüzum görmürəm.
Ateistləri də ona görə qınayıram ki, inanmadıqları allahın haqqında saatlar aparan müzakirələr açmaqla onun varlığından narahat olduqlarını göstərmiş olurlar. Bəlkə də mən inanmıram, bəlkə də bir olan allahdan dindarların dediyi kimi inanmadığım qədər qorxuram.
Ümumiyyətlə, həmişə bu cür düşünmüşəm ki, allah “yox” dediyimiz qədər vardır, “var” dediyimiz qədər yoxdur. Bəşər övladı daim bunu düşünüb, bir son nöqtə tapmağa çalışıb. Amma heç kim onun varlığıyla yoxluğu arasındakı uçurumu hesablaya bilməyəcək.
Bütün dindarlar allahın nə vaxtsa gözlə görünməyəcəyini qafasına qoyub. Bir gün allah özü belə əyan olmaq istəsə, din xadimləri inkar edəcəklər. Buna görə də, onlarla nəyinsə davasını aparmaq mənasızdır.
Ayırmıram dindarları, ayrı-ayrı kateqoriyalara bölmək istəmirəm. Zatən özləri öz aralarında müxtəlif firqələrə, təriqətlərə bölünüblər, bir də mən bölməyim. Həm də ona görə ayırmaq istəmirəm ki, mən islamın beş şərtinə əməl edən bütün dindarları müsəlman bilirəm.
Mənim üçün “əsl İslam” anlayışı yoxdur. Mənim üçün, fərqi yoxdur, kim əlini qoynuna qoyub namaz qılır, kim sağını sağında, solunu solunda düzləyir, kim qulağının dibinə qoyur...
Mənim bildiyim dindar üçün namazın qılınma tərzi yoxdur. Mənim üçün “İslam” anlayışı var, İslamın beş şərti var, ona əməl edən hər kəs mömindir. Bilirəm, bu fikrin izaha ehtiyacı var.
Belə izah edim, hesab edin ki, mən yad planetdən gəlmişəm. Yerdən, göydən, günəşin Şərqdən çıxıb Qərbdə batmağından xəbərim yoxdur. Heç bilmirəm sünni-şiə davası nə deməkdir, hələ sələfi, nəqşibəndi və bu kimi başqa firqələri demirəm.
Və bir insan mənə hər şeydən əvvəl təqdim edir ki, bizim ölkənin və yaxud yaşadığımız corğafiyanın dini İslamdır. Şərtləri – kəlimeyi-şəhadəti bilmək, namaz qılmaq, həccə getmək, oruc tutmaq, zəkat verməkdir. Möminləri — müsəlmanlardır.
Bütün bunlardan sonra mənim umrumdamı ki, bu İslamın şiəsi, sünnisi var, hətta, şiənin daxilində mehdiçilik, sünninin tərkibində sələfilik, nəqşibəndilik və bu kimi başqa firqələr var. Hələ onların namazı möhürlə qılıb-qılmamaq yönündə apardığı davaları, peyğəmbər sünnətidir deyə əsa götürüb götürməməyi demirəm. Əlbəttə, heç vecimə də deyil.
Mənim üçün kitablardan, filmlərdən, rəsmlərdən gördüyüm müsəlman tipi var: başına fəs, üzünə saqqal qoyan və yaxud saqqalını dibindən qırxmayan, təsbeh fırlayan, əyninə balağı yekə şalvar geyinən, çiyninə qara, uzun üst geyimi atan hər kəs müsəlmandır.
Bu müsəlman tipi hərdən-hərdən uşağı, böyüyü, qadını “kafir” deyib bıçağın ağzına verir, ətrafındakı kütlənin bilgisizliyindən istifadə edib, peyğəmbərin karikaturasının çəkilməsinə silahlarla, ölümlə, qanla cavab verir...
***
Bu kimi dava-şavalar insanı doğrudan çox yorur. Ona görə də zamanında kitab oxumağa, filmlərə baxmağa meyl saldım. Düzdür, bir ara məscidə könül qapdırmışdım.
Mən dindar olsam, radikalından olmalıydım, amma düşündüm ki, puç bir yolda, niyə yarandıqlarını bilməyən insanların günahını almaqdansa daha faydalı şeylərə yönəlmək doğru addımdır.
Həmin vaxt məsciddən üz çevirdiyimə görə, məni “mürtəd” deyə ittiham edən, “kafir” deyə qaralayanlar da oldu, di gəl, fikrimdə qəti idim. Yazı-pozu adamı olmalı, o dindarların səhvlərini şapalaq kimi üzlərinə çırpmalıydım.
Dar çərçivədə onu-bunu “kafir” deyə qaralamaqdan, axırının nə olacağını bilmədiyin yolun uğrunda itib-batmaqdan yazı-pozu, kitab-dəftər uğrunda can qoymaq maraqlıdır. Hətta, ömrün boyu yazıb yaratdığın müddətdə kimsədən, dövlətdən, ətrafındakı insanlardan dəstək görməsən belə maraqlıdır. Nəyin davasını aparadığını bəlləyəndən sonra arxayın olursan. Tarixdə bir cümlən qalsa bəsindir...
Ən azından kitab oxumaq, filmə baxmaq ona görə maraqlıdır ki, yaşadığın və mövcud olduğun dar bir çərçivədən aşıb dünyada özgə zadların və zatların da olduğundan xəbərdar olasan.
P.S. Dünya sabun köpüyü kimidir, yaşandıqca artır. Misal üçün, mən gözümü açanda elə bilirdim ki, dünya qapımızdan qonşumuz AMON Elxanın qapısının ağzına qədər məsafəni əhatə edir. Yaşım artdıqca dünyanı kəndimizin, məktəbimizin, rayonumuzun, bölgəmizin, paytaxtımızın, nəhayət, bütün respublikanın timsalında gördüm.
Sonralar yavaş-yavaş kitab oxumaq kimi bir alışqanlığım meydana çıxdı. Və dünya belə-belə, bala-bala böyüdükcə böyüdü. Həm də hər dəfə yeni-yeni şeylər öyrəndik. Yaşamaq, inkişaf etmək lazımdır. Bir ideologiyaya sığınıb özünü çərçivəyə salmaq lazım deyil. Evin pəncərəsindən ancaq həyət-baca görünür. İnsan övladının şüuru isə daha böyük məsafəni qavramağa qadirdir...
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)