Keçid linkləri

2025, 05 Yanvar, bazar, Bakı vaxtı 08:53

Qaz da, işıq da bahalaşdı. 'Davam edəcək'


Qaz limiti nə qədər ədalətli müəyyən edilib? Dağ kəndlərində yaşayanlar danışır
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Qaz limiti nə qədər ədalətli müəyyən edilib? Dağ kəndlərində yaşayanlar danışır

Dövlət qurumlarının müraciətləri əsasında Tarif (qiymət) Şurasının iclasında bir sıra sahələrdə qiymətlər artırılıb.

Qurumun bu gün, yanvarın 2-də açıqladığı məlumatda bildirilir ki, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə tariflər təsdiq edilib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilib: "Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat təsdiq edilib".

İstilik təchizatı iki dəfə bahalaşdı

Eyni zamanda əhaliyə göstərilən istilik təchizatı xidmətinin qiyməti artırılıb.

Şura iddia edir ki, hazırda "Azəristiliktəchizat" ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1.10 manat təşkil edir: "Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir... "Azəristiliktəchizat" ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda, aylıq 1 m2 üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal (40-50 m² sahə) üçün 14.6 manat həddində müəyyənləşdirilib".

Təbii qaz da bahalaşıb

Tarif Şurasının qərarı ilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kubmetr təbii qazın tarifi dəyişdirilməyib.

Əhali üzrə isə bahalaşma var:

- 1200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0.5 qəpik artırılaraq 12 qəpikdən 12.5 qəpik;

- 1200 kubmetrdən 2500 kubmetrədək olan hissə üçün 2 qəpik artırılaraq 20 qəpikdən 22 qəpik;

- 2500 kubmetrdən çox olan hissə üçün 5 qəpik artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

Elektrik də...

Yeni qərarla habelə elektrikin də qiymətlərində artım var:

- 200 kVts olan hissə üçün 1 kVts elektrik enerjisinin tarifi 0.4 qəpik artırılaraq 8 qəpikdən 8.4 qəpiyə;

- 200 kVts-dən 300 kVts-dək olan hissə üçün 1 qəpik artırılaraq 9 qəpikdən 10 qəpiyə;

- 300 kVts-dən çox olan hissə üçün 2 qəpik artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.

Qərarlar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.

Tarif Şurasının izahı

Tarif Şurası qazın bahalaşması ilə bağlı qərarını ölkədə təbii qaz üzrə mövcud ölkədaxili orta tarifin maya dəyərindən aşağı olması izah edib.

Qurumun açıqlamasına görə, bu, "iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb".

Şura vurğulayıb ki, təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə də yeni tariflər müəyyənləşdirilib.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

"Büdcəni doldurmaq qayəsidir"

İqtisadçı Zöhrab İsmayıl AzadlıqRadiosuna bildirib ki, ölkədə qaz təchizatından başqa digər bütün kommunal xidmətlərin keyfiyyətində problemlər var: "Şəhərin müxtəlif yerlərində elektrik enerjisinin verilməsində tez-tez kəsintilər olur. Gərginlik stabil deyil, gərək hər bir cihazdan tənzimləyici ilə istifadə edəsən. Su ilə bağlı da vəziyyət aydındır. Şəhərin böyük hissəsi Kür suyunu içir, hansını ki, içmək olmaz. Əhaliyə verilən istilik xidməti də yetərincə deyil. Bəzi yerlərdə o normal olsa da, şəhərin əksər yerlərində lazım olan tələbat ödənilmir".

O hesab edir ki, bu, həmin qurumlardakı böhranla bağlıdır: "İstər "Azəriqaz", istər "Azəristiliktəchizat", istər "Azərişıq" borcun içindədir... Bu qiymət artımı da daha çox böhran vəziyyəti ilə bağlıdır. Digər tərəfdən də bu, büdcəni doldurmaq qayəsidir".

İqtisadçının fikrincə, qiymətlərin artımı davam edəcək: "Bu, həmin qurumlarda böhran sona çatmayana qədər davam edəcək".

Rəşad Həsənov
Rəşad Həsənov

"Fərqli bir limitlər tətbiq edilməlidir"

Mövzunu "Turan"a şərh edən iqtisadçı Rəşad Həsənov deyir ki, dövlət bir çox dövlət qurumlarını subsidiyalaşdırır və nəticədə həmin subsidiyanın yükü vətəndaşların üzərinə düşür: "Həmin yükün azgəlirli sosial qruplara daha aşağı səviyyədə ötürülməsi sosial siyasətin tərkib hissəsidir. Təbii ki, istənilən halda istənilən qiymətin artırılması arzuolunan deyil. Amma reallıq ondan ibarətdir ki, həmin qiymətlərin maya dəyəri artır".

Onun sözlərinə görə, müvafiq qurumların maliyyə-təsərrüfat fəaliyyətinin şəffaflaşdırılması və sağlamlaşdırılması daha ön planda görünməlidir: "Burada xərclər optimallaşdırılmalıdır və məhsulun maya dəyəri ortaya çıxandan sonra müəyyən istiqamətdə diferensiallaşma yolu ilə tariflərin təyin edilməsinə getmək olar. Amma görünən ondan ibarətdir ki, bizdə daha çox qiymətlərin artırılması yolu ilə xərclərin müəyyən hissəsinin örtülməsi gedir".

R.Həsənov bir məqama da diqqət çəkir: "Bəzi bölgələrdə qaz olmadığına görə ailənin bütün ehtiyacları elektrik enerjisi hesabına ödənilir. Burada diferensiallaşdırmanı təkmilləşdirməyə ehtiyac var. Eyni zamanda, daha azgəlirli insanların yaşadığı ucqar rayonlarda sərt qış aylarında daha çox elektrik enerji istifadə olunur. Bu, nəzərə alınmalı və bu şəxslərə nisbətdə fərqli bir limitlər tətbiq edilməlidir".

XS
SM
MD
LG