İran ABŞ prezidenti Donald Trampın yeni nüvə sazişi üzrə birbaşa danışıqlar təklif edən məktubuna "təmkinli" cavab verib.
İran xarici işlər naziri Abbas Əraqçi martın 27-də deyib ki, İran rəsmi yazılı cavabını Oman vasitəsilə Trampa çatdırıb. İran tərəfi bildirib ki, Trampın "maksimum təzyiq" kampaniyası qüvvədə olduğu müddətcə Tehran birbaşa danışıqlar aparmayacaq.
Martın 12-də Trampın məktubu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmisi tərəfindən İrana çatdırılıb. Bəzi ekspertlər bildirir ki, İranın Oman vasitəsilə cavab göndərmək qərarı Tehranın BƏƏ - İsrail münasibətlərindən narahatlığının göstəricisidir.
Digərləri isə Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə yaxın münasibətinə diqqət çəkərək İranın məktubunun məzmununun İsrailə çatdırılacağını bildirir.
Məlumatlara görə, Trampın məktubunda İranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar təklifi və razılığa gəlinmədiyi təqdirdə ciddi nəticələrin olacağına dair hədələr yer alıb. Vaşinqton İranın nüvə proqramına qarşı hava zərbələri endirmək ehtimalını istisna etməyib.
İranın ali dini lideri Əli Xameneinin baş müşaviri Əli Şəmxani bildirib ki, Tehran Trampın məktubuna "təmkinli" cavab verib.
"Məktubda deyilir ki, İran dolayı danışıqlara hazırdır və əgər müzakirələr bərabər əsasda aparılarsa, danışıqlar üçün əlavə addımlar atmağa hazırdır", - keçmiş milli təhlükəsizlik müşaviri Şamxani bildirib.
"Bu cür diplomatiya indiki administrasiya ilə işləmir"
Beynəlxalq Böhran Qrupunun İran proqramının direktoru Əli Vaeziyə görə, Tehranın dolayı danışıqlarda israr etməsi Vaşinqtonda yaxşı qarşılanmayacaq, çünki Tramp birbaşa görüşlərin yaratdığı görüntüyə önəm verir.
"Tramp dolayı danışıqlarla maraqlanmır", - Vaezi AzadlıqRadiosunun "Fərda" xidmətinə bildirib. "Mediatorlar vasitəsilə aparılan istənilən dolayı danışıqlar, nə qədər uğurlu getsə də, həmişə risk altında olacaq".
İranın Almaniyadakı keçmiş səfiri Hüseyn Musəvian isə X sosial şəbəkəsində yazıb ki, o, İranın "qeyri-müəyyən" cavab verdiyinə və Trampın məktubundakı bütün əsas məqamların nəzərə alındığına inanır.
Bununla belə, Ə.Vaezi İranın danışıqlar taktikasını tənqid edərək İran rəhbərliyinin Trampın necə işlədiyini anlamadıqlarını iddia edib.
"Tramp və onun nümayəndələri ilə qeyri-müəyyən ola bilməzsiniz. Bu cür diplomatiya indiki administrasiya ilə işləmir", - Vaezi bildirib. O vurğulayıb ki, İran birbaşa danışıqlar üçün dəqiq təkliflər irəli sürməlidir: "İranın yanaşması vaxt itkisidir və ən pis ssenaridə bu, bizi daha sülh yolu ilə həll edə bilməyəcəyiniz çıxılmaz vəziyyətə salacaq".
İran İslam Respublikası nüvə proqramının dinc xarakter daşıdığını israr edir, lakin sərt xətt tərəfdarları arasında onu silaha çevirmək çağırışları artmaqdadır.
Tramp ilk prezidentlik dönəmində ABŞ-ni İranın nüvə proqramına dair beynəlxalq razılaşmadan çıxarıb.
İran ABŞ sanksiyalarının ləğvi üçün danışıqlara hazır olduğunu bildirir, lakin raket proqramı və regional fəaliyyətləri ilə bağlı müzakirələri qəti şəkildə rədd edir.