Avropadakı 4.3 milyon ukraynalı qaçqın yaxın müddətdə sülhün bərqərar olacağı Ukraynaya qayıtmaq seçiminə sahib ola bilər, amma onların bir çoxu artıq bunu istəmir.
Çexiyadakı ukraynalı qaçqınlar hazırda ölkə əhalisinin təxminən 3.6 faizini təşkil edir ki, bu da Avropada ən yüksək göstəricidir. Yaxınlarda aparılan sorğu göstərib ki, onların 1/4-dən azı qaçqın vizalarının müddəti bitdikdən sonra Ukraynaya qayıtmağı planlaşdırır.
Anna Naduda qalmağa ümid edənlərdən biridir. Heykəltəraş və müəllim olan Anna 2022-ci ildə Rusiya işğalının başlamasından əvvəl kiçik oğlunu faciəvi qəzada itirib.
"Mən daha bir övladımı itirməkdən, oğlumu itirməkdən çox qorxuram", - o, AzadlıqRadiosuna deyir.
Naduda sağ qalan uşağı ilə sığınacaq tapdığı Çexiya paytaxtı barədə hərarətlə danışır. "Praqa bizi sevgi ilə qarşıladı", - sənətçi paytaxtın sakit bir qəsəbəsində heykəl üzərində işləyərkən bildirir.
Onun 11-yaşlı oğlu çex dilini öyrənib və məktəbə gedir. "Mən uşağımın sabit və müsbət mühitdə böyüməsini istəyirəm", - Naduda deyir.
Nadudaya viza Avropa İttifaqının 2022-ci ildə qəbul edilmiş və 2026-cı ilin martına qədər davam edən Müvəqqəti Müdafiə Direktivi çərçivəsində verilib.
Çexiya Respublikası Daxili İşlər Nazirliyinin sözçüsü Hana Mala AzadlıqRadiosuna açıqlamasında bildirib ki, həmin tarixdən (2026) sonra nə olacağı müharibənin nəticəsindən asılı olaraq razılaşdırılacaq: "Ən böyük ehtimalla keçid dövrü olacaq, bu dövr ərzində qaçqınlar gələcəkdəki vəziyyətləri ilə bağlı addım atmaq üçün vaxt əldə edəcəklər – ya başqa bir növ yaşayış icazəsinə keçərək, ya da evlərinə qayıdaraq".
Qaçqınlar üçün yeni vizalar
Çexiyada müvəqqəti qoruma vizası olan 389 min ukraynalının bir çoxu sülh razılaşması əldə olunarsa, bu ölkədə qalmaları üçün çətinliklə üzləşəcək.
Aprelin 1-dən etibarən Ukrayna qaçqınları "xüsusi" yaşayış vizası üçün müraciət edə biləcəklər. Bu viza onlara müharibənin bitməsindən sonra Çexiyada qalmaq icazəsi verəcək və daimi yaşayış icazəsinə keçid üçün potensial bir imkan təqdim edəcək. Lakin ərizəçilərin illik ümumi gəliri 440 min CZK (19 min 200 ABŞ dolları) olmalıdır.
"Mən daha çox qazanmalıyam", - Naduda gülərək deyir. "Bu il üçün məqsədim budur".
Çexiya daxili işlər naziri Vit Rakusan açıqlayıb ki, qaçqınlar qalmaq istədiyi təqdirdə onlar üçün başqa yollar olacaq. "Onlar digər xarici vətəndaşlarla eyni qaydalara tabe olacaqlar", - o, fevralda bildirib.
Nazirin sözlərinə görə, sorğuların nəticələri göstərir ki, təxminən 200 min nəfər qala bilər: "Bu, əlbəttə ki, bizim idarə edə biləcəyimiz bir vəziyyətdir".
Lakin miqrasiya məsələləri üzrə hüquqşünaslar AzadlıqRadiosuna bildirir ki, bu imkanlar məhdud olacaq.
Çexiyada yerləşən Qaçqınlara Yardım Təşkilatının hüquq məsələləri üzrə rəhbəri Hana Frankova deyir ki, sülh əldə edildikdə və müvəqqəti müdafiə vizalarının uzadılmadığı halda, Ukrayna qaçqınları nəzəri olaraq sığınacaq üçün müraciət edə bilər: "Lakin bu, yalnız sığınacaqla bağlı əsasları olanlar üçün məna kəsb edir".
Hüquq mütəxəssisi hesab edir ki, Çexiyadakı ukraynalı qaçqınların yalnız 10 faizi cari gəlir tələbini nəzərə alaraq xüsusi yaşayış icazəsi ala bilər.
"Çexiya Viza Hüquqşünası" şirkətinin mütəxəssisi Svatava Pospiskova bildirir ki, atəşkəs elan edilərsə və müvəqqəti müdafiə viza sxemi uzadılmasa, Ukrayna qaçqınları yalnız 90 gün Çexiyada qala bilər: "Çexiya Respublikasında vizasız səyahət əsasında onlar 90 günə qədər yaşamaq imkanı əldə edəcək, lakin bu, dolanışıq qazanmaq məqsədilə olmayacaq".
Yuliya Dobrınina 2022-ci ildə Kiyevi tərk edən keçmiş hüquqşünas və fotoqrafdır. O, hazırda Praqadakı digər qaçqınların inteqrasiyasına kömək edən qeyri-hökumət təşkilatında çalışır.
Dobrınina hesab edir ki, Çexiyada oğlan övladı olan qadınlar Ukraynaya qayıtmamaq üçün bütün imkanlardan istifadə etməyə çalışacaq. Bu isə Rusiyanın işğalının sülh razılaşması ilə sona çatacağına inamın az olduğuna işarədir.
Dobrınina da müharibə sona çatdıqdan sonra Çexiyada qalmağı planlaşdırır. "Qayıdacaq yerim yoxdur", - o bildirir və əlavə edir ki, doğma şəhəri Melitopol Rusiyanın işğalı altındadır.
QHT işçisi gəlirinin xüsusi viza üçün müəyyən edilmiş həddi qarşılayıb-qarışlamayacağından da əmin deyil. "Bilmirəm, bəlkə, bir kron az, bir kron çox", - o bildirir.
Polşada və Almaniyadakı ukraynalı qaçqınlar
Digər Avropa ölkələrindəki ukraynalı qaçqınlar da nə qədər qala biləcəkləri ilə bağlı qeyri-müəyyənliklə üzləşirlər. Avropa İttifaqının statistikasına görə, Almaniya və Polşa ən çox, müvafiq olaraq, 1.16 milyon və 992 min ukraynalı qaçqına ev sahibliyi edir. Hər iki ölkədə ukraynalı qaçqınlara verilən sosial yardımın səviyyəsini azaltmaq üçün addımlar atılıb. Polşanın baş naziri Donald Tusk yanvarın əvvəlində bununla bağlı təkliflər irəli sürüb, Almaniyanın gələcək kansleri Fridrix Merts isə keçən il oxşar təkliflərlə çıxış edib.
Berlində Ukrayna kafesinin sahibi Anqelika Qumz fevralda AzadlıqRadiosuna deyib ki, ölkədə ukraynalı qaçqınlara münasibət dəyişir: "Əvvəl çox adam kömək etməyə hazır idi, Ukrayna üçün anlayışı vardı. Zaman keçdikcə münasibət dəyişib".
Çexiyada qaçqınlara verilən sosial yardımlar da siyasi mübahisələrə yol açıb. 2022-ci ilin fevralından bəri qaçqınlara təxminən 62 milyard kron (2.7 milyard dollar) ayrılıb. Amma bu qrupun verdiyi vergi və digər töhfələr artıq 55 milyard krona çatıb. 2024-cü ildə Ukrayna qaçqınları çex dövlətindən aldığı yardımdan təxminən 5.7 milyard kron daha çox ölkəyə töhfə verib.
Yazı AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq və fotoqraf Amos Çapl tərəfindən hazırlanıb.