Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:16

Bahalı arenalar "duza qoyulub"


Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

-

500 milyon manata başa gələn 65 minlik stadion hansı gün üçün tikilib?

Futbol üzrə Azərbaycan yığması 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində İtaliya yığmasını Bakı Olimpiya Stadionunda qəbul edəcək. Qarşılaşma oktyabrın 10-da baş tutacaq

Ot örtüyünə görə komandaların oynamağa stadion tapmadığı bu günlərdə bir sual da ortaya çıxdı – beynəlxalq futbol oyunları Bakı Olimpiya Stadionunda niyə keçirilmir? 500 milyon manata başa gələn 65 minlik stadion hansı gün üçün tikilib?

Avqustun 5-də Ağdamın “Qarabağ” komandası Şotlandiyanın “Celtic” klubunu qəbul etməmişdən bir neçə gün əvvəl məlum oldu ki, T.Bəhramov adına Respublika Stadionu “keçəlləşib”.

İyun ayında Avropa Oyunları zamanı bu stadionda kamandan oxatma yarışları keçirildiyindən, sonradan da texniki tədbirlər görülmədiyindən stadionun ot örtüyünün 30 faizi sıradan çıxmışdı.

Elə “Qarabağ” azarkeşləri də qarşılaşmanın Bakı Olimpiya Stadionunda keçirilməsini arzulayırdılar. Bunun üçün AFFA rəhbərliyinə məktub da göndərmişdilər. Ancaq komanda bu stadionu əvvəlcədən UEFA-ya təqdim etmədiyi üçün qaydalara görə matçın Olimpiya Stadionunda keçirilməsi mümkünsüz idi.

Oktyabrın 10-a hazırlıq

Komandalar beynəlxalq dərəcəli oyunların hansı stadionda keçirilməsi üçün əvvəlcədən UEFA-ya müraciət etməlidirlər.

Bakı Olimpiya Stadionunda hansısa tədbirlər keçirilimi? Stadionun ətrafındakı mühafizəçilər heç kimi içəri buraxmır. Stadionun əlaqə saxlamaq üçün telefonu da yoxdur. Adı stadion olduğundan, bura da ən çox futbol azarkeşləri və komandaları göz dikdiyindən Azərbaycan Futbol Federasiyası Assosiasiyası ilə əlaqə saxladıq.

AFFA-nın mətbuat xidmətinin baş mütəxəssisi Firuz Abdulla AzadlıqRadiosuna bildirdi ki, Bakı Olimpiya Stadionu AFFA-nın balansında deyil.

Komandalar isə beynəlxalq dərəcəli oyunların hansı stadionda keçirilməsi üçün əvvəlcədən UEFA-ya müraciət etməlidirlər. Firuz Abdulla onu da söylədi ki, futbol üzrə Azərbaycan yığması 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində İtaliya yığmasını Bakı Olimpiya Stadionunda qəbul edəcək. Qarşılaşma oktyabrın 10-da baş tutacaq.

AFFA-dan dedilər ki, stadion Gənclər, İdman Nazirliyinin balansındadır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, hələlik stadionda heç bir tədbir keçirilməsə də, plana uyğun tədbirlər olacaq.

Bakı Olimpiya Stadionu bu ilin martında hazır olub. Stadionda 1-ci Avropa Oyunlarının açılış və bağlanış mərasimləri keçirilib. Avropa Oyunlarından sonra stadionda heç bir idman tədbiri baş tutmayıb.

Qışa qaldı...

Bakı Olimpiya Stadionunun qonşuluğundakı Milli Gimnastika Arenasında da sakitlikdir. Arenanın rəsmi açılışı 2014-cü ilin aprelində olub. 5407 nəfərlik bu kompleks Avropa Oyunları zamanı gimnastika yarışlarına ev sahibliyi edib.

Arenadan AzadlıqRadiosuna bildiriblər ki, Avropa Oyunlarından sonra burda heç bir tədbir baş tutmayıb. Ancaq qış üçün yarışların keçirilməsi planlaşdırılır.

“Crystal Hall”da hər gecə işıqlar yanır

Crystal Hall
Crystal Hall

Gecələr rəngarəng işıqlarıyla bərq vuran “Baku Crystal Hall” məxsusi olaraq 2012-ci ildə Bakıda “Eurovision” Mahnı Müsabiqəsinin keçirilməsi üçün inşa edilib.

Həmin tədbirdən sonra burada bir neçə konsert proqramı baş tutub. Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov da 2014-cü ilin dekabrında “Baku Crystal Hall”-da konsert proqramıyla çıxış edib.

Bu ilin iyununda burada birinci Avropa Oyunları zamanı idmanın voleybol, boks, qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışlar keçirildi.
Hazırda “Crystal Hall” yay tətilindədir. Heç bir tədbir keçirilməsə də, hər gecə arenanın işıqları yanır.

XS
SM
MD
LG