Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:11

Özünüzü futbolçu hesab edirsiniz?


Rəşad Babalı
Rəşad Babalı

- "Onsuz da Azərbaycanda hər bir problem həll olunmadan naməlum gələcəyə ötürülür. Palaz altına süpürülərək, gələcəyə saatlı bomba qoyulur."

"Hazırda Mixitiryanı 47 milyona istəyirlər. Köhnə qiymətiylə belə, Azərbaycandakı futbolçuların məşqçiləri qarışıq, hamısının topasından bahadıyeee."

Rəşad Babalı

İdman tərbiyəsiz olanda

Jurnalist Rasim Əliyevin “Qəbələ” futbol klubun oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən təklənərək döyülməsi və sonra xəstəxanada qəssablıqla həkimliyi səhv salan ağxalatlılar tərəfindən ölümə tərk edilməsi bir çox məsələləri gün üzünə çıxartdı.

Onsuz da Azərbaycanda hər bir problem həll olunmadan naməlum gələcəyə ötürülür. Palaz altına süpürülərək, gələcəyə saatlı bomba qoyulur.

Ortaya o çıxdı ki, ölkədə idmançı olmaq istədiyini etmək səlahiyyəti almaq deməkdir. Xüsusən əgər o idmançı haradasa ilk yeri tutub bayraq qaldırıbsa, vəssalam. Hamı onun qarşısında təzim etməlidir.

Üstəgəl, əlavə qazanc yeri olsun, nömrəsiz maşın sürsün, avtoşluq eləsin, qırmızı işıqda keçsin, çəp baxanları “başa” salmaq” səlahiyyəti verilsin və digər imtiyazlar. Bu şəraiti də yaradan hakimiyyətdir.

Uzun illər idmana qayğı adı altında qoçu dəstələri yetişdirildi. Yaradılan ab-havaya uyğun olaraq, gənclər idman salonlarına sağlam olmaq üçün yox, əzələ şişirtməyə gedirlər.

Onlara sağlam orqanizm lazım deyil. Bilirlər ki, bu cəmiyyətdə işləyən tək qanun gücdür. Heyvani instinktlər hakimdir beyinlərə.

Hər hansısa idman növündə (xüsusən döyüş) ilk öyrədilən şeylərdən biri də budur ki, idmançı gərək sadə olsun. Aqressiv, tiripaç olmasın.

Belə şeylər Azərbaycanda işləmir. Çaşıb birdən gözünü sənə zilləmiş bədəncə cılız birini xışdamasan, idmançı olmanın nə ləzzəti oldu bəs. Amma elə ki gördün səndən güclüdür, özünü elə apar ki, guya görmədin.

İllərdir yetişdirilən “bayraq vətənpərvərliyi” harın idmançıların yetişməsinə şərait yaradır. Xüsusən rəqib ermənidirsə, həmin “idmanist”in çəkisi artır. Əl üstündə gəzdirilir.

Cavid Hüseynov kimilərinin özlərində jurnalist cəzalandırmaq səlahiyyətinin olmasını hiss etməsiylə futbolun durumu tərs mütənasibdir. Hansı uğurlara görə belə tirpaçlıq edirsiniz, hə?

Bəlkə hansısa kubok-zad qazanmısınız? Mənbəyi çirkli pullar hesabına yaradılan klublarda əməklərinin yüzlərlə misli qədər maaş alıb, əvəzində həvəskar oyun sərgiləməkləmi özünüzü futbolçu hesab edirsiniz?

Oğurluq pullarla xaricdən alınan legioner hesabına bir iki mərhələ keçməyi qəhrəmanlıqmı sayırsınız? Bəs milli səviyyəsində nağarmısınız?

Çox uzağa getməyəcəm. Səhərdən axşama aşağıladığınız Ermənistandan misal gətirəcəyəm. Düşmən ölkənin klubları Avroliqada dişsizdirlər.

Ona görə ki, onların jaləli, teksunlu, nöyütlü, “samalyotlu” mənbələri yoxdu. Amma əvəzində güclü milliləri var.

Futbol tarixlərində ən yaxşı nəticə…. 2013-cü ildə 35-ci yer olub. Həmin il Ermənistan yığması Brazilayada keçirilən Dünya Kubokuna mübahisəli məsələlərə görə qatıla bilmədi.

Amma görək özünü dartmaqda tayı-bərabəri olmayan Azərbaycan yığması nə zad edib. Ən yaxşı nəticəmiz bilirsinizmi, nə qədər olub? 94-cü yer.

Bilirəm, bu rəqəmlər çox siyapırın üzünü qızartmayacaq. Yenə də xatırlatdım.

Milyonlarla pulun havaya sovrulduğu Azərbaycan futbolundan fərqli olaraq, Ermənistan futbolu Mixitiryan kimi istedadı yetişdirib. Bəzi qurcuxanlara xatırladım ki, adam oynaya bilməsəydi, 25 milyona Borrusiya Dortmunta transfer olunmazdı.

Üstəlik, hazırda Mixitiryanı 47 milyona istəyirlər. Köhnə qiymətiylə belə, Azərbaycandakı futbolçuların məşqçiləri qarışıq, hamısının topasından bahadıyeee.

Barı bu fakta görə üzünüzdə-zadda qızartıya oxşayan nəsə əmələ gəldimi?

İdman jurnalistlərindən biri belə bir əhvalat nəql etmişdi. Paytaxt klublarından biri (deyəsən, Neftçi olub) Xəzər-Lənkaranla səfər oyununa gedir. Klubun avtobusu yola düşür.

Ancaq içində bir-iki jurnalist, həkim və texniki heyətdən başqa heç kim olmur. Futbolçuların hamısı öz maşınlarıyla Lənkarana gediblər. Yolda da çıxmadıqları hoqqalar qalmayıb.

Yol hərəkət qaydalarını eninə, uzununa pozublar. Polislər isə həmişə olduğu kimi belə hallarda OFF moduna keçiblər.

Normal ölkələrdə isə futbolçular klubun avtobusunda gedirlər. Bu, həm kollektiv ruhu qorumaq, həm də oyunçular arasında bərabərliyi təmin etməkdir.

Digər tərəfdən, qənaətdir. Dünyaca məşhur klubların oyunçularından yuxarıdakı hərəkətləri heç zaman görməzsiniz. Çünki mədəniyyət fərqləri var.

İdmançılarımızın qanabulaşmış uğurlarına artıq sevinməyəcəyəm. Xüsusən, "Qəbələ" kulubunun. Qarşıdakı oyunlarda səmimi qəlbdən məğlubiyyət arzu edirəm.

P.S. Cavid Hüseynova qarşı eyni sözləri (daha artığını da) hansısa yekəşiş səlahiyyətli, biri və ya yaxını yazsaydı, reaksiya həminki olmazdı. Uzaqbaşı vasitəçilərlə xəbər göndərib deyəcəkdilər ki, incidik. Bəlkə heç onu da deməzdilər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG