Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:36

Cavid Hüseynov ev dustaqlığına buraxılmasını istəyir


Cavid Hüseynov
Cavid Hüseynov

-

Jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən «Qəbələ» futbol klubunun kapitanı Cavid Hüseynov avqustun 17-də Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb. Avqustun 18-də futbolçu haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət ediləcək.

Avqustun 14-də Bakı Apellyasiya Məhkəməsi Cavid Hüseynovun şikayətini qəbul etməmişdi.

Hüquqşünas Müzəffər Baxış musavat.com-a açıqlamasında Cavid Hüseynovun ev dustaqlığına buraxılmasının mümkün olduğunu deyib.

Onun fikrincə, Cavid Hüseynovla bağlı qərar verilərkən onun idmançı olması, ictimaiyyət tərəfindən tanınması da nəzərə alına bilər. M.Baxışın sözlərinə görə, Cavid Hüseynovun hadisənin törədilməsində nə qədər günahının olması müəyyən edildikdən sonra ona qarşı yeni maddələrlə ittiham irəli sürülməsə, futbolçu ev dustaqlığına buraxıla bilər.

M.Baxış deyir ki, Cavid Hüseynova qarşı irəli sürülən Cinayət Məcəlləsinin 307.1, 307.2 maddələri az ağır cinayətlər kateqoriyasına aiddir: «Cavid Hüseynov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı Cinayət Məcəlləsində heç bir problem mövcud deyil. Hər bir halda bu, məhkəmənin qərarından asılı olacaq. İstintaqın gedişatında əlavə dəyişiklik olmasa, məhkəmə ev dustaqlığı ilə bağlı qərar verə bilər».

Cavid Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı müraciətinə münasibət bildirən Rasim Əliyevin atası Məmmədəli Əliyev futbolçunun şikayətinin təmin ediləcəyinə inanmadığını bildirib. M.Əliyev oğlunun qatillərinin prezidentin nəzarəti altında həbs edildiyini və layiqli cəzalarını çəkmədən azadlığa buraxılmayacaqlarına inandıqlarını söyləyib.

Avqustun 8-də Rasim Əliyev Bayıl qəsəbəsində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

İstintaq Cavid Hüseynov bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməkdə təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Cavid Hüseynovla yanaşı, jurnalisti döyən 5 nəfər də həbs edilib. Onlardan biri C.Hüseynovun bibisi oğlu Elşən İsmayılovdur.

XS
SM
MD
LG