Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:50

Cavid Hüseynova görə prezidentə müraciət edildi


Cavid Hüseynov
Cavid Hüseynov

-

Bir qrup media nümayəndəsi prezident İlham Əliyevə və baş prokurora müraciət edib. Onlar jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunun futbolçu Cavid Hüseynovun zamanə buraxılmasını xahiş ediblər. Müraciətdə deyilir:

«Mərhum həmkarımızın ölümü bizim hər birimizi kədərləndirdi. Sizin, medianın dostu olaraq, bu hadisəni şəxsən nəzarətə götürməniz həmkarımız Rasim Əliyevin qatillərinin öz cəzasını alacağına tam inam yaradır. Baş vermiş cinayətlə bağlı həbsdə yatan «Qəbələ» futbol klubunun oyunçusu Cavid Hüseynov Azərbaycan bayrağının rəqib klubun azarkeşləri tərəfindən təhqir olunmasına etiraz edib. Onun «Qəbələ» futbol klubunu növbəti mərhələyə çıxaran qolu milli və idman şərəfimizin qorunması idi. Sonradan baş verən olayları istintaq aydınlaşdıracaq və Cavid Hüseynovun bu hadisədə iştirakını müəyyənləşdirəcək».

MÜRACİƏTDƏ DEYİLİR...

17 nəfər media təmsilçisinin imzaladığı müraciətdə Cavid Hüseynovun vətənpərvərliyi, bayraq sevgisi, ittiham olunduğu maddənin az ictimai təhlükəli olmasını nəzərə alaraq, futbolçunun məhkəmə hökmünə qədər zaminə buraxılması xahiş olunur:

«Azərbaycan bayrağının şərəfini qoruyaraq həbsdə olmuş Ramil Səfərovun mümkün görünməyən azadlığına nail olan, dünyanın ən uca bayrağı kimi Bakıda Bayraq Meydanının yaradılmasına imza atan, son Avropa Oyunlarında Azərbaycan bayrağının ucaldılmasından və himnimizin səsləndirilməsindən yüksək qürur hissi keçirən Sizə müraciət edirik».

MAHİR RÜSTƏMLİ: «CAVİDİN GÜNAHI VARSA, CƏZASINI ÇƏKMƏLİDİR»​

Mahir Rüstəmli
Mahir Rüstəmli

Müraciəti «Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli də var. O deyir ki, müraciəti imzalamaq üçün cumhuriyyet.az saytının baş redaktoru Nəsimi Şərəfxanlı onunla əlaqə saxlayıb, müraciətin mətnini telefonla oxuyub:

«Düzdür, mətndə bəzi məqamlar var ki, onlarla razı deyiləm. Özəlliklə, təriflərlə bağlı hissə ilə. Amma düşünürəm ki, Cavid Hüseynovun günahı varsa, öz cəzasını almalıdır. Amma Cavid nə istintaqdan yayınasıdır, nə də qaçası. Ona görə də düşünürəm ki, onun həbsdə saxlanılmadan da bu işdə günahının olub, olmaması müəyyənləşdirilə bilər».

Gözlə

No media source currently available

0:00 0:01:18 0:00
Direct-ə keçid

«MÜRACİƏTİN ÜNVANI PREZİDENT DEYİL...»​

Jurnalistlərin öz həmkarlarının ölümünə görə həbs olunan birinin zaminə buraxılması sosial şəbəkələrdə bir mənalı qarşılanmayıb. Çoxları bu xəbəri paylaşarkən, müraciəti imzalayanları qınayıb.

Hüquqşünas Ələsgər Məmmədli öz facebook hesabında yazıb ki, kiminsə barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsi üçün prezidentə yox, məhkəmələrə müraciət olunmalıdır:

«Demokratik hüquqi dövlətdə həbs qəti imkan tədbirinin dəyişdirilməsinin ünvanı Prrezident deyil, məhkəmələrdir. Bir qrup jurnalist ölkədəki məhkəmə sisteminin müstəqilliyinin durumunu bu müraciətləri ilə ortaya qoyub».

RASİMİN ANASI İSƏ İNANA BİLMİR...

Rasim Əliyevin anası Seyfurə Əliyeva deyir ki, media təmsilçilərinin belə bir addım atmasına heç cür inanmır:

"Mən heç cür inana bilmirəm ki, bir jurnalistin qətlində adı keçən bir nəfərin zaminə buraxılması üçün həmin jurnalistin öz həmkarları prezidentə müraciət etsin. Heç cür inana bilmirəm buna".

Gözlə

No media source currently available

0:00 0:00:37 0:00
Direct-ə keçid

Müraciətə imza atanların bəziləri bunu təkzib ediblər. Belə bir müraciəti imzalamadıqlarını deyirlər.

Cavid Hüseynov avqustun 11-də jurnalist Rasim Əliyevin ölümü ilə bağlı başlanan cinayət işi üzrə həbs olunub. O, cinayəti bilib xəbər verməməkdə ittiham edilir.

ann.tv saytının əməkdaşı Rasim Əliyev öz facebook hesabında Cavid Hüseynovu tənqid edən status paylaşıb. Bundan sonra Cavid Hüseynov Rasim Əliyevə zəng edib. Caviddən sonra isə onun bibisi oğlu, 21 yaşlı Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb.

Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, avqustun 8-də Elşən İsmayılov 4 nəfər yaxını ilə Rasim Əliyevi döyüb, ona çoxsaylı bədən xəsarətləri yetiriblər. R.Əliyev avqustun 9-da Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Bu maddə üzrə 5 nəfər ittiham olunur.

Cavid Hüseynov isə hadisəni bilib, xəbər verməməkdə təqsirləndirilir.

XS
SM
MD
LG