- "Atam qardaşımı görüb ondan üzr istədi, əsəbiləşdiyini deyib onun könlünü aldı. Anam ortaya yemək qoydu, o, iştahla mədəyə ötürdü."
Ayxan Ayvaz
Qardaşımın bir günü
Onda Bakıya qar yağmağa başlamışdı. Hər yer buzlamışdı. Yollar tutulmuş, adamlar seyrəlmişdi.
Həmin gün atam qardaşımı gec gəldiyi üçün evdən qovdu. O, ağlamsınan gözləri ilə qapını açıb çıxıb getdi. Atam ardınca söyüşlər söydü, ona evə gəlməməsini əmr etdi.
Aradan xeyli keçəndən sonra anam ağlamağa başladı, qardaşımın yaxşı tərəflərindən danışdı. Atam yumşaldı, elə bil bayaqkı sözlərini yaddan çıxarıb:
- Get, gör o, hardadır? – deyə mənə müraciət etdi.
Əynimi geyib aşağı düşdüm. Külək məni döyürdü, sazaqdan qulaqlarım qızarmışdı. Yolların qırağında uşaqlar durub aftobusa qartopu atırdılar. Başqaları isə dayanan marşurutların arxasındakı dəmirdən tutub ləzzətlə sürüşürdülər.
Hiss elədim ki, qardaşım haradasa qıraq yerdədir. Yoxsa o, bu cür mənzərələrə baxmağı çox sevirdi. Həm də ki, könlü qırılanda heç nə ilə məşğul olmaq istəmir, qaçıb uzaqda öz-özü ilə dərdləşir, vaxt keçirir.
Bu onun çoxdankı, uşaqlıqdakı xasiyyətidir. O istəyir ki, hər kəslə normal əlaqəsi olsun. Onun ürəyinə toxunmaq çox asandır. Gözləri dolur, ağlamsınır.
Çox vaxt da adamı vurmağı var. Ancaq sonradan peşimanlıq hissi onu bürüyür. Yol arayır ki, küsdüyü, yanlış olaraq döydüyü adamın könlünü alsın.
Bu işi yaxşı bacarır. Çünki bir-iki dəfə mənimlə olan xırda söhbətlərində şirin dilini işə salıb günahını ört-basdır eləməyi bacarmışdı.
Nə deyim, nə vaxt ondan küsürdüm, həmişə istəyirdim, özümə söz verim ki, bir də barışmayacam, onun sözlərini eşidən kimi suyulurdum.
İnadkar olmağıma baxmayaraq, insanlarla küsülü dayana bilmirdim, uzağı səhərisi gün həmin adamla yenidən zarafatlaşır, hər şeyi unudurdum.
Qardaşımı əvvəllər anamdan gizlicə getdiyimiz oyun oynanılan klubda tapdım. O, oynamırdı, qıraqda durub gözünü ekrana zilləmişdi. Gözləri evdən çıxdığındakı kimi dopdolu idi.
Nədənsə, ona yazığım gəldi. O, yaxşı insandır. Qardaşım olduğuna görə demirəm, sadəcə hər şeyi olduğu kimidir. Safdır, insanlara inanır, budur onun zəifliyi.
O, böyüyür və daim güclənir. İnsan ki, nə qədər güc toplayır, yekələnir, o zaman onun içindəki məğlubiyyət hissi daha çox gözə çarpır.
Yaxınlaşıb onun qolundan tutdum. O, məni geri itələdi.
- Gəl... dədə bağışladı səni.
İnadını yeridirdi. Gəlmək istəmədiyini deyib məni usandırırdı. Nəsə, qəribə şey axtarırdım ki, o, sözündən dönsün.
Düşündüm ki, evdəki istiliyi anlatsam bəlkə də gələr.
- Kino başlayıb. Sənin sevdiyin. Mama yemək bişirib.
Ac olduğunu hiss edib belə dedim. Həm də filmlərdən xoşu gəldiyini bildiyimdən bu fürsəti də əldən buraxmadım.
O, bir az da naz-qoz edəndən sonra arxamca düşüb gəldi. Onun gözlərində hələ də eyni ifadə donub qalmışdı. Elə bil ağlamaq, boşalmaq istəyirdi, sadəcə mənim burda olduğumu anlayıb özünü güclə tuturdu.
Atam qardaşımı görüb ondan üzr istədi, əsəbiləşdiyini deyib onun könlünü aldı. Anam ortaya yemək qoydu, o, iştahla mədəyə ötürdü.
İçəridə istiliklə bərabər bir qüssə vardı. Hər kəs nədənsə, deyib-gülmək əvəzinə uzun müddət susurdu. Yalnız televizorun səsi sükutu pozurdu.