Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:57

Bəlkə heç konstitusiya deyil, restoran menyüsüdür?


Seymur Baycan
Seymur Baycan

- "Yatmazdan əvvəl xeyli Nikonun verdiyi şeyə baxdım. Həmin gecə doğurdan da çox gözəl bir yuxu gördüm. Gördüm ki, gözəl bir qızın qarşısında oturmuşam..."

Seymur Baycan

Nəyə və necə inanmalı?

Niko rəssamdır. Küçə rəssamı. Onun haqqında “Kimdir dəli?” adlı yazı yazmışam. Bu adamla daha yaxından tanış olmaq istəyənlər əgər ərinmirlərsə, həmin yazını oxuya bilərlər.

Bircə onu əlavə edə bilərəm ki, o qiyafədə bir adam Bakıda, yaxud hər hansı bir bölgədə gəzsə, onu tutub ikinci dəfə dəli edərlər.

Bir gün bu Niko mənə əcaib bir şey verdi. Ona görə şey yazıram ki, verdiyi şeyə dəqiq ad qoya bilmirəm. Əşya desəm, düz çıxmaz.

Oyuncaq yazsam yenə də düz çıxmaz. Nə idi bu şey? Bu şey bir ip idi. Bu ipə hansısa quşun lələkləri bağlanmışdı. Üstəlik, ipə pivə butulkalarının dəmir qapaqları keçirilmişdi.

James Fenimore Cooper
James Fenimore Cooper

Niko bu əcaib şeyi verdi mənə və dedi ki, apar bunu as çarpayının üstünə, bu adama yaxşı yuxular gətirir. O vaxt Niko Fenimor Kuperin romanlarını oxuyurdu.

O da oxuduğu əsərlərin tamamilə təsiri altına düşən adamdı. Əsərlə yaşayır. Dedi ki, hindular da yaxşı yuxu görmək üçün bundan istifadə edirmişlər. Xətrinə dəymək istəmədim.

Şeyi ondan götürdüm. Biz səhər görüşmüşdük. Günortaya qədər söhbət etdik. Günorta gəldim evə. Şeyi asdım yatdığım yerin üstündən. Axşam tərəfi evdən çıxdım. Dostlarla görüşdüm.

Evə gec gəldim. Yatmazdan əvvəl xeyli Nikonun verdiyi şeyə baxdım. Həmin gecə doğurdan da çox gözəl bir yuxu gördüm. Gördüm ki, gözəl bir qızın qarşısında oturmuşam.

Onun uzun qara qaşları, qara saçları, qara gözləri vardı. Üzünün dərisinin rəngi ağ idi. Qız nəsə bir əhvalat danışırdı.

Əhvalatın süjeti yadımda qalmayıb. Görünür, bu əsas məsələ deyilmiş. Mən sakitcə oturub ona qulaq asırdım. O, danışdıqca əriyirdim.

Əriməyim bir qram da məni qorxutmurdu. Qorxamaq nədi, əriməyimdən həzz alırdım.

Əridim, əridim, əridim, axırda məndən heç nə qalmadı. Bədənim yoxa çıxdı. Həyatımda gördüyüm ən sehrli yuxulardan biri idi.

Bir vaxtlar “Min bir gecə” nağıllarında maraqlı bir əhvalat oxumuşdum. Bir qadının o qədər gözəl biləkləri olur ki, kim onunla satranc oynayırsa oyunu uduzur.

Ona görə yox ki, qadın mahir oyunçudur. Ona görə ki, oynayanların fikri qalır qadının gözəl biləklərində, fikirlərini oyuna yönəldə bilmirlər və nəticədə uduzurlar.

Gördüyüm sehirli yuxudan sonra belə bir əhvalatın baş verə biləcəyinin mümkünlüyünə inandım. O sehrli və unudulmaz yuxunun təsiri bununla bitmədi.

Bu sehrli yuxunun təsiri nəticəsində anladım ki, nəyə inanmaq əsas şərt deyil, əsas şərt necə inanmaqdı. Ümumiyyətlə, Nikonun verdiyi o lələkli ip və gördüyüm sehirli yuxu sayəsində necə sualının əhəmiyyətini anladım.

Məsələn, respublika. Necə respublika? Orda adamı adam yerinə qoyurlarmı? Seçkidə verdiyi səsi sayırlarmı? Qanunlar hamı üçün eynidirmi? Orda adamın bir milçək qədər dəyəri varmı? Yoxsa orda milçəklə adamın arasında heç bir fərq yoxdur?

Məmur. Necə məmur? Özünə işləyir, yoxsa camaata? Tutduğu vəzifənin məsuliyyətini anlayırmı? Yoxsa tutduğu vəzifə onun təfəkküründə adamları soymaq üçün bir silah rolunu oynayır?

Adam. Necə adam? Şüuru varmı? Düşünməyi bacarırmı? Xeyriyyəçiliklə məşğul olurmu? Xeyir və şər arasındakı fərqi başa düşürmü? Yoxsa dünyada hər şey onun üçün manatdan ibarətdir?

Kafe. Necə kafe? Orda yeməklər dadlı bişirilirmi? Xidmət necədir? Müştərilər arasında fərq qoyulurmu?

Müğənni? Necə müğənni? Oxumağı bacarırmı? Həqiqətən oxuyur, yoxsa cırıldayır? Bəlkə mikrafon onun təfəkküründə olan və olmayan əndamını göstərmək üçün bir vasitədir?

Həkim. Necə həkim? Öz peşəsinin müqəddəsliyini başa düşürmü? İnsana insan kimi baxır, yoxsa qurban kimi? Müalicə edir, yoxsa adamları cəllad kimi şaqqalayır?

Müəllim. Necə müəllim? Adamlara yazmaq-oxumaq öyrədir, yoxsa işi-gücü süpürgəpulu, pərdəpulu, ətirpulu-mətirpulu yığmaqdan ibarətdir? İnsan yetişdirir yoxsa paltarının altında bülleten daşıyır?

Mömin. Necə mömin? Oxuduğuna və danışdıqlarına səmimi qəlbdən inanırmı? Bəlkə din onun üçün bir vasitədir? Dindən-imandan danışıb yetim-yesirin pulunu mənimsəyib basıb yeyirmi? Rüşvətlə pul yığıb həcc ziyarətinə gedirmi? Kasıblara əl tuturmu? Bir yetimə bir kilo ət verib səkkiz kameraya bunu çəkib camaata göstərirmi? Allahdan qorxurmu? Bəndədən utanırmı?

Universitet. Necə universitet? Orda camaata savad öyrədirlər, yoxsa camaatı daha da debilləşdirirlər? Orda rektor mühafizəçiylə gəzir, yoxsa tək gəzir? Qəbuluna düşmək olurmu?

Konstitusiya. Necə konstitusiya? Həqiqətən konstitusiyadır, yoxsa kağız parçasıdır? Bəlkə heç konstitusiya deyil, restoran menyüsüdür?

Yazıçı. Necə yazıçı? Doğrudan yazıçıdır, yoxsa işi-gücü ona-buna yaltaqlanmaqdan ibarətdir?

Qonaq. Necə qonaq? Özünü qonaq kimi aparır yoxsa sırtıqlıq eləyir? Yaxından qonaq gəlib, yoxsa uzaqdan qonaq gəlib?

Qonaqpərvərlik. Necə qonaqpərvərlik? Hər şey gələn qonağın kim olmasına, mənfəətə hesablanıb, yoxsa səmimi qonaqpərvərlikdir?

Gəlin. Necə gəlin. Qaşı alınıbmı? Yoxsa alınmayıb? Hansı gözəllik salonunda bəzədilib? Həqiqətən bəzədilib, yoxsa meymuna oxşadılıb? Bakirədir, yoxsa bakirə deyil? Təzə gəlindir, yoxsa köhnə gəlindir? Bəlkə heç nə təzə gəlindir, nə də köhnə gəlin. Bəlkə orta gəlindir? Abırlıdır, yoxsa həyasızdır?

Qadın. Necə qadın? İfritədir, kahinədir, ləçərdir, yoxsa qancıqdır? Bəlkə su pərisidir. Məlahətlidir, yoxsa atsifətdir? Yemək bişirməyi bacarırmı? Kabab yeyə bilirmi? Yoxsa ancaq salat yeyir?

İt. Necə it? Hürməyi bacarırmı? Sümüyü necə gəmirir? Pişik görəndə üstünə cumurmu? Boynunda xaltası varmı? Ümumiyyətlə itə oxşayırmı?

Penis. Necə penis? Ölçüsü kiçikdir, yoxsa böyükdür? Sahibi istəyən zaman işlək vəziyyətə gəlirmi, yoxsa sahibini tez-tez pert edir? Ət parçasıdır, yoxsa sehrli çubuqdur?

Tarixçi professor. Necə tarixçi professor? Qandığı bir qrafa varmı, yoxsa danışdıqları və yazdıqları büsbütün boşboğazlıqdır? Bəlkə tarix onun anlamında saray ədəbiyatının nümayəndələrinə mədhiyyələr yazmaqdan ibarətdir?

Göy üzü. Necə göy üzü? Daş atanda orda qalırmı? Yoxsa qayıdıb adamın öz başına düşür?

Ağac. Necə ağac. Bar verirmi? Sərinik və kölgəlik yaradırmı? Gecə altında yatanda adamı cinlər boğurmu? Kəsəndə ondan nəsə düzəltmək olurmu? Nə düzəltmək olar bu ağacdan? Görəsən, nə düzəltmək olar? Tar, saz, mebel yoxsa dar ağacı, bəlkə də pol ağacı... Yoxsa hər şey ustadan asılıdır?

Şam. Necə şam? Onu harda yandırmaq olar? Restoranda, yoxsa kilsədə. Bəlkə bu şamı ancaq işıqlar sönəndən-sönənə yandırmaq lazımdır? Görəsən, bu şam yananda yaşayırmı? Yoxsa bu şamın yanması orden, medal, sot yeri, sanatoriyalara putovka almaq üçündür?

Kələm. Necə kələm? Borşluqdu, yoxsa dolmalıqdır? Yoxsa şorabalıqdı?

Dəxi, bu kimi söhbətlər. Beləcə, necə suali verib yazını sonsuza qədər uzatmaq olar. Onsuz da paralel xətlər kəsişmir.

Əlbəttə, paralel xətlərin kəsişməməsinin yazının movzusuna uzaqdan və yaxından heç bir dəxli yoxdu. Sadəcə bunu yazının sonunun bir az mənalı görünməsi naminə yazdım.

Kultura.az

XS
SM
MD
LG