- Elmi-kütləvi kitabların tanıtımı
Yalçın İslamzadənin kitab köşəsində
Stephen Greenblatt, “Sıçrayış: dünya necə modernləşdi” kitabı
Renessans - “yenidən doğuluş” deməkdir, min illik qaranlıq dövrdən sonra yenidən doğulan isə antik Yunan-Roma mədəniyyəti idi.
Min il davam edən Orta Əsrlərin əsas ruh halı Aristotel kosmologiyasına uyğun olaraq, bu dünyanın dəyərsiz, çürümüş, müvəqqəti sayılması idi, insanların “in articulo mortis” qiyaməti gözləmələri təbliğ olunurdu, əsas intellektual fəaliyyət sahəsi sxolastika idi, düşüncə beyində başlayıb məntiqlə davam edir, yenə beyində bitirdi.
Məntiqi çıxarışları real dünya ilə qarşılaşdırmaq ənənəsi yox idi, bilginin doğruluğunu yoxlamaq üçün təcrübədən istifadə olunmurdu.
Əsrlərlə Aristotelin ölçməyə əsaslanmayan hərəkət qanunları və teleoloji izahlara əsaslanan dünyagörüşü doğru qəbul edildi, avtoritetdən gələn doqmalara hörmət qadınların kişilərdən daha az dişlərə sahib olduqları, ya da eyni yerdə göy qurşağının yalnız 52 ildə bir görünə biləcəyi çıxarışları kimi sadə tezislərin belə, real dünyada yoxlanılmasına mane oldu.
O dövrdə kitablar az sayda və əlyazması formasında idi, kitablar status simvolu kimi sadəcə üzlərinin çıxarılması üçün nəzərdə tutulmuşdu, onları oxumaq üçün xüsusi statusa və icazəyə sahib olmaq lazım idi.
Müzakirə - problemlərə klassiklərə istinad edərək həll tapmaqdan ibarət idi. Baş avtoritet kilsə olmaqla, ictimaiyyət əsasən üç qrupdan - “oratores” (moizə oxuyan rahiblər), “bellatores” (döyüşən əsilzadələr) və “laboratores” (işləyən kəndlilərdən) ibarət idi.
İtaliyanın şimalında şəhər-dövlətlərin yaranması ilə vəziyyət dəyişməyə başladı, yeni dövlətlərə noter, hüquqşünas, səfir kimi kadrlar lazım idi.
Bu kadrlara duyulan ehtiyac antik dövrlərin ritorika, siyasət, hüquq, memarlıq, mühəndislik mövzusunda yazılmış kitablarına marağı artırdı.
Yeni yaranan humanistlər sinfi üçün ticari kar və karyera uğuru qazanmaq artıq günah sayılmırdı. Dünya və insan önə çıxır, maraq doğururdu.
Rəsmdə perspektivin istifadə olunması, təsvirləri real dünyadakı kimi üç ölçülü və insanın baxış bucağından çəkməyə imkan verirdi.
Rəsm mövzusu olaraq, Məryəm, ya da Həvva kimi dini deyil, bir tacirin həyat yoldaşı kimi dünyəvi, ya da yunan mifologiyasının qadın obrazları kimi paqan obrazlar daha çox işlənirdi. Getdikcə Məryəmi Venera əvəz etməyə başlamışdı.
Şəhər-dövlətlər müstəqil siyasət aparmaq üçün dünyəvi siyasi nəzəriyyəyə ehtiyac duyurdular.
Florensiya Respublikasının vətəndaşı olaraq, istər muzdlu ordunun Florensiyanın maraqlarını satması, istər Fransanın müttəfiqi olmasına baxmayaraq, Florensiyaya həqir münasibəti və yeni yaranan şəhərlər arasındakı gərgin münasibətlər Makiavellini müasir siyasi nəzəriyyənin yaradıcısı saydıracaq fərqli siyasi təlim yaratmağa sövq etdi.
Makiavelli o zamana gədər həmişə tətbiq olunan, ancaq sadəcə şifahi müzakirə edilən taktikaları açıqsözlülüklə yazılı ifadə etdi.
Monten insan bədənini ikiyə ayıran, üzü ilahi, bədənin aşağı hissəsini pis, günah qaynağı qəbul edən, şəxsi gigiyena anlayışının olmadığı orta əsrlər anlayışından fərqli olaraq, böyük bir səmimiyyətlə insanın psixoloji kompleksləri və fizioloji prosesləri haqqında esselər yazırdı.
Fərdiyyətçilik yaranırdı və ədəbiyyatda etiraz edən, şöhrətpərəst, karyerist, öz oyununu quran, dünyəvi məqsədləri olan obrazlar yaradılırdı.
Renesansdan fərqli olaraq, Orta Əsrlərdə “Ev, qohumluq, bir lojaya və ya həmkarlar ittifaqına üzvlük - bunlar şəxsiyyəti müəyyən edən əsas göstəricilər idi. Müstəqillik və özünəyetərli olma mədəni üstünlük yaratmırdı, bunların nəinki təşviq edilməsi, düşünülməsi belə, ağla gəlməzdi.
Kimlik, bir əmr-komanda zəncirində dəqiq və anlaşılan mövqe demək idi.”
Təbiət, insan, qadın, maddə, kar arzsusu, karyera üçün çalışmaq, axirətə deyil bu dünyaya dair bilgilər qazanmaq getdikcə norma sayılırdı və daha çox insanın marağını oyadırdı.
Renessans mədəniyyətini yaradan italyan humanistlər “kitab ovçuları” idilər. Onlar monastırlarda gözdən kənarda qalmış antik mətnləri kəşf edir, üzlərini köçürür, öz aralarında paylaşırdılar.
Kitab ovçusu ilk humanistlərdən biri Petrarxdır, Siseronun məktublarını kəşf etmiş, Boccaccio (Bokaço) onun kəşflərinin və yazılarının humanist mühitdə təbliğatını aparmışdır. İlk humanistlərin yazı fəaliyyətləri, sonralar modern, dünyəvi italyan dili üçün əsas təşkil etdi.
Məşhur humanistlərdən biri, olduqca əhəmiyyətli bir əlyazmanı kəşf etmiş şəxs isə Poggio Bracciolinidir.
Bracciolini, Roma şairi Lucretiusun “De rerum Natura” adlı əsərini kəşf edir. "De rerum Natura”, Demokritin ardıcılı olmuş atomist filosof Epikürün əsrlərlə unudulmuş atomist görüşlərini açıqlayan uzun poemadır.
Poggio Bracciolini “De rerum Natura”-nın mövcud olan tək əlyazmasını uzun və çətin bir səyahətdən sonra çatdığı bir alman monastırında tapır.
Üzünü köçürüb digər humanistlərə göndərməsi ilə adı qaynaqlarda çəkilən, ancaq özü uzun müddətdir gizli qalan bu əsərə maraq yenidən canlanır və mətbəənin kəşfi çap olunan kitabı daha çox insanın oxuya bilməsini təmin edir, intellektuallar üzərində böyük təsir göstərir.
Uzun müddət unudulmuş atomist nəzəriyyə yenidən canlanır, müasir elmin inkişafı ilə atom nəzəriyyəsi müasir fizikanın mərkəzinə oturur, 1986-cı ildə kvant mexanikası prinsiplərinə əsaslanaraq, hazırlanmış ST mikroskopu ayrı-ayrı atomları vizuallaşdırmağa imkan verir, əsrlərlə təqib edilmiş demokritçi-epikürçü fəlsəfənin mərkəzi atom anlayışı ST mikroskopu vasitəsilə görünən olur.
Epikürizmin 20 əsas tezisini açıqlayan, əlyazmanın tarixinin, yenidən kəşfinin, onun Avropa düşüncəsi üzərində böyük təsirinin izini təqib edən, Antik dövr, Orta Əsrlər və Renessans dövrünə dair maraqlı məlumatlar verən, Harvard Universiteti ədəbiyyat professoru Stephen Greenblatt'ın Pulitzer mükafatı almış “Sıçrayış: dünya necə modernləşdi” əsəri dünyanın müasirləşmə prosesini öyrənmək istəyənlərin mütləq oxumalı olduqları bir kitabdır.
Epikür deyir:
“Hər şey görünməyən zərrəciklərdən yaranır. Elementar hissəciklər əbədidir, sayca sonsuz, ancaq forma və ölçü olaraq sonludur.
Kainat dizayn edilməmişdir, azad iradənin qaynağı sıçrayışdır. Təbiət dayanmadan təcrübə aparır, ruh ölümlüdür, ölümdən sonra həyat yoxdur, təşkilatlanmış dinlər xürafələrlə dolu yanılqılardır.
Təbiətüstü varlıqlar yoxdur, insan həyatının əsas prinsipi həzzi artırmaq, acını azaltmaqdır, həzzin qarşısındakı ən böyük maneə acı deyil, yanılqılardır.”