Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:10

Beynimizdə şüurdan əvvəl seçimlər edən və qərar verən


- Elmi-kütləvi kitabların tanıtımı

Yalçın İslamzadənin Kitab köşəsi

David Eagleman, “İncognito: Beynin gizli həyatı”

"Bu yaxınlarda aparılan bir təcrübədə, iştirak edən kişilərdən 20smx25sm ölçülü qadın şəkillərini cazibərdarlıq baxımından dəyərləndirmələri istənildi.

Yalçın İslamzadə
Yalçın İslamzadə

Şəkillərin yarısında qadınların göz bəbəkləri böyüdülmüş, digər yarısında normal ölçüdə saxlanmışdı.

İştirakçılar göz bəbəkləri böyüdülmüş qadınları seçmişdilər, ancaq bunun fərqində deyildilər.

Elə isə, seçimi kim etmişdi?”

İstər ədəbiyyat və incəsənətdə, istərsə də mifologiya və psixologiyada insanın ikili təbiəti daima vurğulanıb.

Arthur Schnitzlerin Freydə çox təsir etmiş (“Gözləri tam qapalı” filminin əsaslandırıldığı) “Yuxu romanı”, “Döyüş klubu” romanı, Stivensonun “Mister Hayd və Doktor Cekill” əsərləri dualizmin ədəbi, Freydin supereqo ilə vuruşan İd-i, Yungun “şəxsiyyətin kölgə tərəfi” (“hər birimizin içində tanımadığımız daha biri var”), psixoloji ifadəsidir.

Normal, açıq şüurumuzun sərxoşluq, ifrat emosionallıq və ya yüksək stress kimi hallar xaricində dəqiq sərhədlərinin olduğu və təkbaşına rasional qərarlar verə bildiyi düşünülür.

Psixologiyadakı son araşdırmalar açıq şüurun fərqində olmadığı, şüurdan əvvəl seçimlər edən və qərar verən müəyyən beyin bölgələrinin mövcudluğunu göstərib.

Beyin görüntüləmə texnologiyalarının inkişafı ilə, insanın qavrama, xəyal qurma, hipnoz, “ruhun bədəndən ayrılması” kimi ən müxtəlif yaşantılara məsul olan beyin bölgələrini təsbit etmək və bu zehni hallar zamanı həmin bölgələrdəki fəaliyyətləri müşahidə etmək mümkündür.

Prosesi tərsinə çevirib, müvafiq beyin bölgələrinə elektrik siqnalları göndərməklə həmin təcrübələri beyində yenidən yaratmaq mümkündür.

David Eagleman, 2010
David Eagleman, 2010

David Eagleman, Baylor Tibb Məktəbində eksperimental psixologiya laboratoriyasının müdiridir.

“Boston Globe”, “Amazon”, ”Goodreads” və “Wall Street Journal” tərəfndən 2011-ci ilin ən yaxşı kitabı seçilmiş və 28 dilə tərcümə olunmuş “İncognito”, müəllifin araşdırmalarına istinad edərək şüurlu beynin bir çox hallarda fəaliyyətin mərkəzində deyil, bir kənarında olduğu tezisini əsaslandırır.

“Şüurlu fəaliyyət, bütün beyin fəaliyyətləri ilə müqayisədə aysberqin görünən qismidir”.

Yer kürəsinin kainatın mərkəzində olmadığının anlaşılması kimi, şüurlu prosesin də beynin əsas funksiyası olmadığı anlaşılır.

Qavrama, seçim etmə, qərar vermə mexanizmi beynin “alt qatında”, şüurun fərqində olmadan “incognito” baş verir.

Freyd, Yunq, Adler kimi klassik psixologiya qurucularından fərqli olaraq, hazırkı psixologiyanın məqsədli təcrübələr aparmaq və beyin proseslərini beyin görüntüləmə texnologiyaları ilə müşahidə etmək imkanı vardır - ölçmə və təcrübə psixologiyanın obyektiv bilgi əldə etməsinə imkan verir.

Kitabda psixoloji təcrübələrdən və onların şərhindən istifadə edən müəllif tezislərini sağlam zəminə oturdur.

“Təkamül hədəfləri düşüncələrimizin içində özünə yer tapır və onları formalaşdırır. Bu haqda bir az düşünün. Dediyimiz odur ki, düşünə bildiyimiz düşüncələr qədər, düşünə bilmədiyimiz böyük düşüncə kateqoriyaları da mövcuddur”.

XS
SM
MD
LG