Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:05

“Rüşvət vermədik, daraşıb sökdülər”


İllüstrasiya
İllüstrasiya

►“3 otağım, böyük eyvanım, hamam, ayaqyolu… Hamısı qaldı traktorun altında…

Hər şey bir anda baş verdi. Sürünə-sürünə tikdiyimizin üzərinə qarğa-quzğun kimi daraşıb bir anda söküb getdilər”.

Şahxanım Əzizova AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, ötən il Abşeron rayonu, Bakı-Şamaxı yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən hissəsində yola yaxın yerdən 2 sot torpaq sahəsi alıblar.

Ev tikmək üçün Abşeron rayon İcra Hakimiyyətinə müraciət etdikdə onlardan rüşvət istənilib:

“Dedik, “kirayədə qalan adamlarıq. Qanuni rüsumu nədirsə, ödəyək, hər nə sənəd lazımdırsa əldə edək, qanuni yolla tikintimizə başlayaq”.

İcra hakimiyyətinin Əli adlı işçisi dedi, “verəcəyiniz pul mənə çatmayacaq, mən kiməm ki?”...”

Buna da bax: Həccin xərci və "acgöz Səudiyyə krallığı"

"200 MANATI SİFTƏ KİMİ VERDİK"

Şahxanım Əzizovanın sözlərinə görə, evin tikintisinə başlayanda İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsində çalışan Əli adlı şəxsin istədiyi iri məbləğin yalnız 200 manatını “siftə” kimi veriblər:

“Dedi ki, tikinti başa çatdıqdan sonra yerdə qalan 2 min manatı almaq üçün gələcək. Tikinti başa çatandan sonra gəldi, 2 min manatı tələb etməyə başladı. Dedik, “heç tikintiyə görə götürdüyümüz borc-xərci necə qaytaracağımızı bilmirik”. Dedi ki, “pul ödənilməsə, evi sökəcək”. Dedi, dediyini də etdi”.

Şahxanım Əzizova və Şahin Əzizov Şamaxı rayonunda qeydiyyatdadırlar. Ş.Əzizova deyir, 1-ci qrup əlildir. Əlilliyi ona rayondakı mənzildə başqa ailə üzvləri ilə bir yerdə yaşamağa imkan vermir. Oğlu Şahinin isə yeddi övladı var. Hamısı da azyaşlıdır. Oğlunu da, nəvələrini də başına yığıb rahat yaşayışlarını təmin etmək üçün burada ayrıca ev tikiblər.

Buna da bax: Fransa prezidentindən Qarabağ açıqlaması

“YALVARDIQ MÖHLƏT VERSİN”

Şahxanım Əzizovanın oğlu Şahin Əzizov:

“Bu da tikdiyimiz evin aqibəti… Biz Əliyə yalvardıq ki, möhlət versin, pulu düzəldib verərik. Ancaq bu ayın 11-də başının dəstəsi ilə gəldi, dedi, “sonuncu dəfə deyirəm, ya çıxarın pulu qoyun stolun üstünə, ya da ev sökülür”. Özləri ilə gətirdikləri traktoru saldılar evin canına, sökdülər. Anam qarşılarını kəsmək istəyəndə onu da vurdular, ağız-burnunu partlatdılar, dişlərini qırdılar”.

Abşeron rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna tikilinin qanunsuz olduğunu, buna görə də icra hakimiyyəti tərəfindən söküldüyünü bildiriblər.

Şahin Əzizov deyir, heç yerdə işləmir, evi də banklardan götürdüyü kreditlərlə tikib. Əlil anası da onun himayəsindədir.

Abşeron rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna tikilinin qanunsuz olduğunu, buna görə də icra hakimiyyəti tərəfindən söküldüyünü bildiriblər. Əzizovlardan rüşvət istənilməsi ilə bağlı deyilənləri isə “uydurma” adlandırıblar.

Buna da bax: «Televiziya gəlib çəkdi, sonra hamısını yığışdırdılar»

VƏKİL: "BU, ÖZBAŞINALIQDI"

Hüquqşünas Fuad Hüseynov deyir, Əzizovlar Abşeron rayon İcra Hakimiyyətini məhkəməyə verə bilərlər:

“Hətta tikili qanunsuzdursa, yenə də onun qanunsuz tikili kimi sökülməsinə məhkəmə qərar verməlidir. Hər hansı bir tikilini məhkəmə qərarı olmadan sökmək özbaşınalıqdır. Əvvəla, əgər icra hakimiyyəti sonradan bu binanı sökəcəkdisə, onun tikintisinə niyə əvvəldən göz yumurdu? Demək ki, burada həqiqətən də hansısa maraq olub”.

Hüquqşünasın sözlərinə görə, söküntü zamanı Şahxanım Əzizovanın fiziki təzyiqə məruz qalmasına gəlincə, o, bununla bağlı ərazi polisinə müraciət etməlidir.

XS
SM
MD
LG