-
İşlərin üstü o vaxt açılıb ki, kreditlər vaxtında ödənilməyib. Bu da bankın fəaliyyətinin yoxlanılmasına səbəb yaradıb. Yoxlamalar vaxtı isə üzə çıxıb ki, xəzinədəki pullar filialın bir neçə işçisi tərəfindən başqalarının adına rəsmiləşdirilərək «özününküləşdirilib». Filialın keçmiş işçiləri deyirlər ki, bu işlərin başında elə filialın müdiri Fikrət İbrahimov dayanıb. Filial müdiri isə deyir, «heç nədən xəbərim yoxdur».
Məhkəmə «Atrabank» ASC-nin Xəzər filialının keçmiş işçilərini mühakimə edir. İttihamsa çox ağırdır – onlar tüfeyli, kimsəsiz, kasıb, savadsız insanların adına kredit rəsmiləşdirib mənimsəməkdə təqsirli bilinirlər.
««Atrabank»ın Xəzər filialının əməkdaşları bankdan yarım milyon manatdan çox krediti mənimsəməkdə ittiham olunurlar. Bank əməkdaşları digərləri ilə birlikdə 150-ə yaxın istifadəyə yararsız avtomobili sənədləşdirərək bankdan külli miqdarda pul çıxarmağa müvəffəq olublar».
Bu ittiham Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə zallarından birində səslənir. «Atrabank»ın Xəzər filialının vəzifəli şəxsləri bir neçə gündür ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə mühakimə olunurlar.
İntiqam Fərəcov, Tural Mərdanov, Natiq Adıgözəlov və Vüqar Əliyev dələduzluqda təqsirli bilinir. Həbsdə olmasalar da, onlardan heç yerə getməmək barədə iltizam alınıb.
«MAŞINLAR FİLİALIN QARŞISINA GƏTİRİLİR, KREDİTLƏR RƏSMİLƏŞDİRİLİRDİ»
İttiham aktında göstərilir ki, Fuad Mahmudov 2010-2011-ci illərdə avtomobil alqı-satqısı ilə məşğul olarkən «Atrabank» ASC-nin Xəzər filialında qeyri-rəsmi qaydada avtomobil kreditlərinin verilməsində vasitəçilik edən Zaur Ədilov və digərləri ilə cinayət əlaqəsinə girib. Həmin filialda əsasən maddi imkanı aşağı səviyyədə olan, tüfeyli həyat tərzi keçirən, az məbləğdə pulun müqabilində sənədi imzalamağa razılaşan şəxslərin adına xəzinə-məxaric orderləri tərtib ediblər. Bu yolla da külli miqdarda pul vəsaitini bankın xəzinəsindən çıxarmağa nail olublar. Təqsirləndirilən şəxslər ifadələrində göstəriblər ki, bu yolla əldə etdikləri pulları öz aralarında bölüşdürüblər.
Ancaq, məsələn, İntiqam Fərəcov ittihamları qəbul etmir. O, ifadəsində deyib ki, əvvəllər maşın alveri ilə məşğul olub. 2007-2008-ci illərdə Fuad Mahmudovla (təqsirləndirilən şəxslərdən biridir, həbsli axtarışdadır) tanış olub. Aralarında avtomobil alveri ilə bağlı danışıqlardan sonra «Atrabank» ASC-nin Xəzər filialına apararaq Zaur Ədilovla (barəsində aparılan cinayət işi ayrılıb) tanış edib:
«Öz maşınımı satmaq istəyirdim. Zaur maşına baxdı. Özünü bankın qarşısında çox sərbəst aparırdı, hamıya göstəriş verirdi. Mən onu elə əvvəldən filialın müdiri kimi tanımışam. Dedi ki, sənədlər qaydasında olarsa, avtomobil girova qoyulmaqla adıma 5 min manatlıq kredit xətti aça bilər. Ancaq nağd şəkildə 4 min dollar veriləcək. Qalan pulları bankın xərclərinə və «şapka» kimi özünə götürəcək. Mənsə razılaşmadım. Sonradan münasibətimiz yarandı, bir neçə dəfə avtomobilləri həmin bankda girov qoyub kreditlə satmışam».
Deyir, bu yolla 13 avtomobil satıb. Bundan başqa, Zaur Ədilovun yanına azı 9 dəfə adam yollayıb:
«Onların adına kredit rəsmiləşdirilirdi. Özləri bankın binasına girmirdilər. Çöldə gözləyirdilər, sənədləri də gətirib onlara elə çöldə imzaladırdılar. Pulun az qismini həmin adamlara verir, qalanı Zaura qalırdı. Hər müştəridən azı 1500-1700 dollar qalırdı».
«FİLİAL MÜDİRİNİN HƏR ŞEYDƏN XƏBƏRİ VARDI»
Təqsirləndirilən şəxs qismində dindirilən Natiq Adıgözəlov da özünü təqsirli bilmir. O, 5 il əvvəl həmin filialda işə başladığını deyir. Məsələlərdən isə birbaşa filialın müdiri Fikrət İbrahimovun da xəbəri olduğunu deyir:
«Fikrət müəllim filialın müdiri, Vüqar Əliyev onun müavini idi. Həm də yaxın dost idilər, işə də birlikdə gəlib gedirdilər. Vüqar müavin təyin edildikdən sonra Fikrət müəllim əmr verməklə bütün kreditlərin verilməsini və onların ödənilməsinə nəzarəti ona həvalə etdi. Kredit şöbəsinin müdiri olsam da, faktiki heç bir səlahiyyətim olmayıb. Kredit verilməsi ilə bağlı sənədlərin hazırlanması, kredit götürən şəxslərə sənədləri imzalatdırmaq, müştərinin təhlil olunması mənim vəzifəmə aid edilmişdi. Ancaq reallıqda bütün bu işləri Fikrət müəllimin əmri ilə Vüqar görürdü. Mənə yalnız onların tapşırıqları ilə sənədləri hazırlayıb onlara təqdim etmək işi qalmışdı».
Natiq Adıgözəlov məhkəmənin nəzərinə çatdırıb ki, filial müdiri Fikrət İbrahimov əsasən vətəndaşlardan depozit-əmanət pullar cəlb edib. Bu qaydada banka təxminən 1 milyon manata qədər depozit cəlb edib:
«Fikrət müəllim deyirdi ki, həmin filial əsasən avtomobil kreditlərinin verilməsi ilə məşğul olacaq. Bu fəaliyyət bankın Müşahidə Şurası tərəfindən təsdiq edilmiş «Kreditlərin verilməsi qaydaları haqqında» təlimatla tənzimlənmişdi. Həmin qaydalara görə, bankdan avtomobil girova qoyub kredit götürmək istəyən müştəri bankın adına «kreditin alınması üçün sifariş» yazmalı olurdu. Ancaq Fikrət müəllim heç vaxt kreditin verilməsini həmin təlimatda göstərilən qaydalara uyğun aparmırdı. Filialın əsas işlərini Fikrət İbrahimovun gətirdiyi Zaur Ədilov yerinə yetirirdi. Zaurun da avtomobil alveri ilə məşğul olan tanışları Elçin Musayev, Fuad Mahmudov, İntiqam Fərəcov, Şahin Məmmədov və başqa şəxslər olurdu. Həmin avtomobil alverçiləri haradansa avtomobil alıb banka gətirir, birbaşa Fikrət İbrahimova müraciət edirdilər.
Bir çox hallarda Fikrət İbrahimov Vüqarla çölə çıxıb avtomobilə baxırdı. Çünki Fikrət İbrahimov özü komissiyanın sədri olmaqla, Vüqar və Turaldan ibarət qiymətləndirmə komissiyası yaratmışdı. Bundan sonra Fikrət İbrahimov Zaur və digər avtomobili gətirən şəxslərə bildirirdi ki, kredit vermək üçün Bakı şəhərində qeydiyyatda olan şəxs tapıb gətirsinlər, həmin avtomobilə görə hansısa məbləğdə kredit verilsin».
ÖDƏNİLMƏMİŞ KREDİTLƏR HƏR ŞEYİN ÜSTÜNÜ AÇIB
İşlərin üstü o vaxt açılıb ki, kreditlər vaxtında ödənilməyib. Bu da bankın fəaliyyətinin yoxlanılmasına səbəb yaradıb. Yoxlamalar vaxtı isə üzə çıxıb ki, xəzinədəki pullar filialın bir neçə işçisi tərəfindən başqalarının adına rəsmiləşdirilərək «özününküləşdirilib».
İstintaq zamanı Zaur Ədilov təqsirləndirilən şəxs qismində dindirilərkən deyib ki, filialın müdiri Fikrət İbrahimovla 2009-cu ildə «Kredobank» ASC-nin Nəsimi filialında tanış olublar. 2010-cu ilin sonlarında Fikrət İbrahimov «Atrabank» ASC-nin Xəzər filialına müdir təyin olunub və ona təklif edib ki, birlikdə orada işləsinlər:
«Fikrəti tanıdığıma görə onun təklifi ilə razılaşdım, onunla həmin filiala getdim. Fikrət həmin filialın fəaliyyətini əsasən avtomobil kreditlərinin verilməsinə yönəltmiş və mənə tapşırmışdı ki, kim kreditlə avtomobil alveri etmək istəsə, onları filiala gətirsin və həmin filialdan kredit götürsünlər. Avtomobil alverçisi kredit almaq üçün filiala müraciət etmişdisə, əvvəlcə ona yaxınlaşmış, avtomobilin sənədlərinə baxıb bu barədə Fikrətə və ya onun müavini Vüqara məlumat vermişdilər. Onlar razılıq verdikdə, kreditin ayrılması üçün sənədlər hazırlanaraq kredit ayrılmış, kredit verildikdən sonra ayrılan vəsaitin 16 faizini müştəri və ya avtomobil alverçisi ona qaytarmışdı.
Banka gətirilən bütün avtomobillərə görə ayrılmış kreditin hamısı bu qaydada rəsmiləşdirilirdi. Bu qaydada həmin banka əsasən avtomobil alverçisi Fuad Mahmudov gələrək avtomobil kreditləri götürüb. Sonradan isə Fuadın vasitəsilə Elçin Musayev, İntiqam Fərəcov, Şahin Məmmədov da banka gəlib. Onlar da avtomobillərə görə kreditlər götürüblər. Həmin şəxsləri alverçilər tapıb gətirir, onlara da hansı məbləğdə pul verilməsini özləri həll edirdilər».
FİLİAL MÜDİRİ DEYİR, «HEÇ NƏDƏN XƏBƏRİM YOXDUR»
«Atrabank»ın Xəzər filialının müdiri Fikrət İbrahimov işə şahid kimi cəlb olunub. O, filial işçilərinin dediklərini inkar edib. İfadəsində göstərib ki, Vüqar Əliyev müdir müavini təyin edildikdən sonra filialda bütün kreditlərin verilməsinə və onların ödənilməsinə nəzarət ona həvalə olunub:
«İşlədiyi dövrdə Natiq Adıgözəlova hər hansı qanunsuz göstəriş verməmişəm, əksinə, həmişə vəzifəsinə daxil olan funksiyaları düzgün icra etməsini tapşırmışam. Onun kredit şöbəsinin müdiri kimi ən əsas vəzifəsi müştəriləri qəbul etmək və onların ödəmə qabiliyyətini yoxlamaq olub. Sonradan bilmişəm ki, Natiq bu vəzifəsini lazımi qaydada yerinə yetirməyib. O, Zaur Ədilov və digər avtomobil alverçiləri ilə yaxşı münasibət saxlayıb onlara kömək edib və həmin şəxslərin gətirdiyi müştərilərin adına kredit sənədləri hazırlayıb. Vüqar Əliyevlə birlikdə Natiqə inandıqlarına görə sənədləri imzalamışam. Baş verənlərdən isə sonradan xəbər tutmuşam».
Fikrət İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun qaynıdır. Əvvəlcə o da cinayət məsuliyyətinə cəlb olunub, ancaq sonradan işdə şahidə çevrilib. Barəsindəki cinayət işi ləğv edilib. Fikrət İbrahimov bunu belə izah edib ki, istintaq orqanı onun cinayətdə əli olmasını sübuta yetirməyib.
Məhkəmə prosesi davam edir.