Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:09

Gənclər Azərbaycandakı yazıçılıq ənənəsindən imtina etməlidirlər


Rasim Qaraca
Rasim Qaraca

- Rasim Qaraca. Gənc yazarlara 10 məsləhət.

1. Gənc yazarlar heç bir məsləhətə qulaq asmamalıdır. Artıq o, Gənc yazardırsa, demək, yazar olmaqdan ötrü özünün motivləri, təsirləndiyi kitabları və hərəkətverici səbəbləri vardır.

Məsləhətlərə qulaq asib onsuz da öz bildiyini edəcək. Qırxayağa sormuşlar, yeriyəndə birinci hansı ayağını atırsan, çaşıb qalmış, yeriyə bilməmiş.

Hər yazıçının yazıçı olmaqda öz səbəbləri, öz sxemləri var, birininki o birinə uyğun gəlməyə bilər.

Çox ağıllı olmaq yaradıcılığa ziyandır. Ağıllı insan dünyada yazılmış bu qədər kitabın qarşısında özünü itirir. Davam etməkən ötrü tərs və axmaq olmalısan. Sənətdən öyrənmək deyil, sadəcə təsirlənmək olar.

2. Buna görə də, gənc yazarlar süpürgəçilik etməlidirlər. Bu günə qədər yazılmış olanlar zaman keçdikcə dəyərini itirən maklaturadır.

Klassik yazarlar get-gedə uşaq ədəbiyyatına çevrilir və çox hissəsi dövriyyədən çıxır. Gənclər, onların gəlişməsinə əngəl olan ədəbiyyat bütlərini süpürüb atmağı bacarmalıdırlar.

Bunu etməyənə qədər onlar nə yazırlarsa yazsınlar, bulanıq camaşır suyuna bənzəyəcək.

İllüstrasiya. Browne Henriette, "Yazan qız" rəsmi
İllüstrasiya. Browne Henriette, "Yazan qız" rəsmi

3. İnkar mübarəkdir. Gənc yazıçılar təsdiqi təsdiq yolunu tutmamalıdırlar. Qəbul olunmuş düşüncənin onlara uğur gətirməyəcəyini başa düşməlidirlər.

Yaradıcılığın yolu eksperimental olmalıdır.

Yazıçı əks pozisiyada olmalıdır: cəmiyyətlə, hakimiyyətlə, zamanla və kosmik təfəkkürlə əks pozisiyada.

4. Klassik Şərq ədəbiyyatıyla mümkün qədər erkən yaşlarda vidalaşmaq, vaxt itirməmək lazımdır.

Şərq ədəbiyyatında qiymətli simalar var və onlarla sadəcə tanış olub unutmaq yetərlidir. Müasir sənət anlayışı Avropa mərkəzlidir.

5. Gənc yazıçılar vizual incəsənət növlərini (kinomatoqrafiya, rəssamlıq) mümkün qədər izləməli, nəzəri məqalələri oxumalı, sənət tarixini bilməlidirlər.

6. Yazıçılar Birliyinə üzv olmamalıdırlar, xalq yazıçılarıyla əl görüşməməli və şəkil çəkdirməməli. Bu, onların olan-qalan istedadının yox olmasına səbəb ola bilər.

7. Kiminsə xoşuna gəlməkdən ötrü bir cümlə olsun belə, yazmamalıdırlar.

Ədəbiyyata heç kimin qoltuğunda və ya kölgəsində gəlməyə çalışmamalıdırlar.

Ümumən, Azərbaycandakı yazıçılıq ənənəsindən bilmərrə imtina etməlidirlər.

8. Yaradıcılıqlarını anlamayan və dəyər verməyən insanla evlənməməlidirlər. Hər ikisi sənətin birinciliyini qəbul etməsələr, yaradıcılıq prosesi əzablı olacaq.

9. Ədəbiyyat yalnız ədəbiyyat üçün olmalıdır, ondan karyera, şöhrət, qazanc və s. məqsədlər üçün istifadə etmək sənətə xəyanət etmək deməkdir.

10. Keçmiş yazıçıların nüfuzu onları qorxutmasın. Unutmasınlar ki, onlar artıq keçmişdə qalıblar, az və ya çox dərəcədə köhnəliblər.

Hər birimizin yaşı bəşər mədəniyyətinin yaşıyla ölçülür. Kim ən son təcrübəni ifadə edirsə, böyük olan da odur.

XS
SM
MD
LG