-
«Nils Muižnieks-in 28 oktyabr 2015-ci il tarixli məqaləsi Azərbaycandakı mövcud real durumu əks etdirmir və Azərbaycanda seçkiöncəsi vəziyyət haqqında düzgün məlumat təqdim etmir. Məqaləsində Muižnieks 1 noyabrda keçiriləcək seçkilərin rəsmi nəticələri bəyan olunmadan onun yekunları haqqında əvvəlcədən fikir söyləməyə cəhd göstərir. O, həmçinin 5 milyondan artıq sayı olan Azərbaycan elektoratı və 1200 nəfər namizədin adından danışmağa çalışır».
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev oktyabrın 31-də «Politico» qəzetində dərc olunmuş cavab məqaləsində yazır.
Yazıda bildirilir ki, Azərbaycan hökuməti tərəfindən seçkilərin azad, açıq və şəffaf şəkildə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb: «Qarşıdan gələn parlament seçkiləri Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər qurumları təmsil edən 500-dən artıq beynəlxalq müşahidəçi tərəfindən izlənəcək. Eyni zamanda bu seçkilərdə 60 mindən artıq yerli müşahidəçi iştirak edəcək».
NAMİZƏDLƏRƏ VƏ MÜŞAHİDƏÇİLƏRƏ QARŞI HÖRMƏTSİZLİK
Müəllif qeyd edir ki, Nils Muižnieks-in məqaləsi qərəzlidir, hər hansı əsaslandırılmış faktlara istinad olunmur:
«Nils Muižnieks-in «1991-ci ildə müstəqilliyini əldə edəndən etibarən Azərbaycanda keçirilmiş seçkilər qanuna uyğunsuzluqlarla müşayiət olunmuşdur» deyə siyasi bəyanatı bu seçkilərdə iştirak etmiş namizədlərə və müşahidəçilərə qarşı hörmətsizlik kimi qəbul olunur.
Müəllif eyni zamanda müvafiq istintaq və məhkəmə qərarı ilə bəzi şəxslərin həbs edilməsini seçki prosesi ilə bağlamağa çalışır. Bunlar tamamilə əlaqəsi olmayan məsələlərdir».
Hikmət Hacıyev yazır ki, seçkilər hər bir ölkədə demokratik prosesin vacib komponentidir: «Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan xalqının azad iradəsi, onların fəal iştirakı və səsləri seçkilərin nəticələrini müəyyən edəcək».