Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:20

Müsavat seçkilərin nəticələrinin ləğvini tələb edir


Arif Hacılı.
Arif Hacılı.

-

«Seçki komissiyaları tamamən hakimiyyətin əlinin altındadır və ölkədə demokratik siyasi mühit mövcud deyil».

Müsavat Partiyasının başqanı Arif Hacılı parlament seçkilərinin nəticələri ilə bağlı noyabrın 2-də keçirdiyimətbuat konfransında belə deyib.

Arif Hacılı budəfəki parlament seçkilərini son 15 ildə ən uğursuz seçki adlandırıb, seçici fəallığının reallıqda 10 faiz təşkil etdiyini deyib:

«Müsavat Partiyasının seçkilərə 73 namizədliyi irəli sürülsə də, yalnız 25-nin namizədliyi qeydə alınıb. Təbliğat-təşviqat proqramları zamanı da xeyli sayda qanun pozuntusu halı yaşanıb. Pulsuz efir vaxtı əvvəlki illərdən fərqli olaraq, ümumiyyətlə, verilmədi. Pullu efir vaxtı isə əvvəlki vaxtlara nisbətən 10 dəfəyə kimi artıq idi. Müxalifətin də o məbləğləri ödəməyə maddi imkanı yol vermədiyi üçün efirə çıxmaq mümkünsüz idi. Bundan başqa, Müsavat Partiyasının nümayəndələri 100-dən çox seçki məntəqəsində olub və müşahidəçilərimiz seçkilərdə aktivliyin çox aşağı olduğunu bildirib. Ancaq hökumət bu faizi 55 olaraq qiymətləndirib. Bunun özü bir saxtakarlıqdır. Seçki günü məntəqələrin bir çoxunda «karusel» əməliyyatı müşahidə olunub. Topa bülletenlərin atıldığına dair videofaktlar da mətbuatda işıqlanıb. Bütün bu səbəblər nəzərə alınaraq Müsavat Partiyası seçkinin nəticələrini tanımır və hökumətdən dərhal nəticələrinin ləğv olunmasını tələb edir».

«BİZİM MÜBARİZƏMİZ MANDAT ALMAQ ÜÇÜN DEYİLDİ»

Arif Hacılı partiyanın son anda seçkidə iştirakdan imtina etməsinin partiyanın siyasi taktikası olduğunu deyib. Bildirib ki, onların bu seçimi qanuni olsa da, adları seçki bülletenlərindən çıxarılmayıb:

«Seçkidə namizədlərimizin adı bülletenlərdən çıxarılmadı. Bəhanə olaraq da bülletenlərin artıq çap olunduğu bildirilib. Ancaq bu kimi hallar seçki təcrübəsində dəfələrlə baş verib və seçkidə iştirakdan imtina edən namizədlərin adları bülletenlərdə qələmlə cızılaraq seçicilərə təqdim olunurdu. Bizim mübarizəmiz mandat almaq üçün deyildi. Hesab edirəm ki, son anda iştirakdan imtina etməklə niyyətimizi xalqa çatdıra bildik və ekspertlər də bu addımımızı uğurlu qiymətləndirib».

Arif Hacılı Müsavat Partiyasının bundan sonra da siyasi məhbusların azadlığı və ölkədə azad seçki mühitinin yaradılması istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.

XS
SM
MD
LG