Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:28

Günel Mövlud. Həssas insanın xoşbəxt yaşaması mümkün deyil


Günel Mövlud
Günel Mövlud

- "Bu barədə düşünəndə fikirləşirəm ki, əllərim və gözlərimdən başqa, digər orqanlarım mənə o qədər də vacib deyil. Danışma və eşitmə bacarığından isə məmnuniyyətlə özüm imtina edərdim."

Günel Mövlud

Marina Svetayevanı düşünərkən...

Xeyli vaxtır, əsəblərim çox pis korlanıb. İndi durub niyə korlandığını izah etsəm, gülməli çıxar. Bilənlər onsuz da bilir, bilməyənlərə isə onsuz da heç nəyi izah etmək mümkün deyil.

Əsəblərin korlanmağı ən çox səhhətimlə bağlı özünü büruzə verir. Məsələn, son iki aydır, az qala hər gün müayinə olunuram. Hər yerimi yoxladıram, hər şeydən analiz verirəm.

Bütün ölümcül, müayinəsi olmayan xəstəliklərdən qorxuram. Qaynar çayın udlaq xərçənginə səbəb olduğunu eşidirəm, o dəqiqə onkoloqdan görüş alıram.

Başımda ağrı olur, o dəqiqə şiş olduğunu düşünüb həkimə qaçıram. Yazı yazanda barmaqlarım ağrıyır, qorxuram ki, sümük xərçəngidir. Sol döşümdə ağrı olur, ödüm qopur ki, döş xərçəngidi.

Manikür edirəm, barmağım qanayır, o dəqiqə düşünürəm ki, indi hansısa xəstəlik keçdi qanıma.

Əslində, yaşamağı o qədər də sevən adam deyiləm, məni ölmək o qədər də yox, iş qabiliyyətindən məhrum olmaq bərk qorxudur.

Bu barədə düşünəndə fikirləşirəm ki, əllərim və gözlərimdən başqa, digər orqanlarım mənə o qədər də vacib deyil.

Hətta ən yaxın adamlarla da danışmaqdansa yazışmağı daha rahat sayıram.

Danışma və eşitmə bacarığından isə məmnuniyyətlə özüm imtina edərdim.

İnsanları eşitmək və onlarla danışmaq məcburiyyəti artıq mənə dəhşətli dərəcədə əzab verir. Hətta ən yaxın adamlarla da danışmaqdansa yazışmağı daha rahat sayıram.

Əzab çəkmədən üz-üzə danışa biləcəyim 2-3 nəfər qalıb.

Hərdən düşünürəm ki, nə vaxt belə oldu? Nə baş verdi ki, mən həvəslə, şən yaşamaqdan, gündəlik qayğılarla yaşamaqdan, normal adam kimi həyat sürməkdən nəsə ayrı, çətin bir mərhələyə keçdim?

Necə oldu ki, normal adamları sevindirən şeylər məni sevindirmədi, onları narahat edən suallar məni narahat etmədi, onların bir-biriləri ilə etdikləri söhbətlər mənə maraqsız gəlməyə başladı?

Mən ötən illərə baxıram və o sərhəddi, o başlanğıcı, o keçidi tapa bilmirəm. Heç nədə, heç kimdə, heç bir hadisədə...

Amma o, hər nədisə baş verdi və məni doğmalarımla ögey, dostlarımla yad, sevdiklərimlə uzaq elədi.

Uzaq ölkələrdə baş verənlər bütün qətlləri, partlayan təyyarələri, bütün zorakılıqları indi evimin içində, öz canımda hiss edirəm və anlayıramsa, bunun adı nədirsə, bu heç vaxt bitməyəcək.

Bir otel otağında soyuq tapança lüləsi, tənha evdə bir kəndir parçasının belə, bitirə bilməyəcəyi bir narahatlıq, sarsıntı, əzabdır bu...

Marina Tsvetaeva. Fotoqraf: Maks Voloşin
Marina Tsvetaeva. Fotoqraf: Maks Voloşin

Marinanı düşünürəm.

Mən onun barəsində, onun intiharı barəsində günlərlə, saatlarla düşünmüşəm.

Qəlbi o qədər sevgi, mərhəmətlə dolu, yüz ildə bir rast gəlinən bir istedada sahib qadın niyə son qoydu öz həyatına?!

Düşünürəm, amma anlamıram, anlamaq zəif izah edir vəziyyətimi. Mən tamamilə hiss edirəm onu.

Hiss edirəm, dünyada bircə bədbəxt insan qalıbsa, həssas insanın xoşbəxt yaşamağı mümkün deyil. Mən artıq bunu hiss edirəm...

XS
SM
MD
LG