Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:56

Köhnə bakılıların «ümumi mülkiyyət» dərdi…


Köhnə Bakı.
Köhnə Bakı.

-

Köhnə bakılılar arasında tez-tez mülkiyyət mübahisələrinə rast gəlmək olur. Səbəb də odur ki, vaxtilə tikilmiş mülklər sonrakı nəsillər arasında şifahi bölüşdürülsə də, bu bölgülər vaxtında rəsmiləşdirilməyib. Beləliklə, ümumi mülkiyyət statusu olan əmlaklar zaman keçdikcə yaxın qohumlar arasında mübahisə predmetinə çevrilir.

«Mən evlənəndən sonra əmim həyətdən pay istəyirdi, verdik. Özünə ev tikdi, şərait yaratdı. Evin davamını tikmək üçün yenə də mənim həyətimə keçməli olurdu. Mən də icazə vermədim. Elə münaqişə də buradan başladı. Gizli yollarla sənəd əldə etdi. Mənə dedi ki, «sənədlər mənim adımadır». 14 ildir bu iş uzanır, axır nəticədə indi məni və ailəmi evdən çıxarırlar. Səsimi isə heç kim eşitmir, eşitmək istəmir».

Zığ qəsəbəsi, Ş.Həmidov küçəsi, ev 32 ünvanının sakini olan Habil Əbdülov 40 ildir ailəsi ilə yaşadığı ata-baba mülkünün əlindən çıxmaması üçün ömrünün 14 ilini məhkəmə yollarında keçirib. Bundan sonra neçə ilini bu yollarda itirəcək, bunu özü də bilmir.

İKİ QARDAŞ VƏRƏSƏLİK ALIBLAR

Onun sözlərinə görə, 40 ildən artıqdır ki, həmin ünvanda pasport qeydiyyatında olmaqla, sahəsi 42 kvadratmetr olan ikiotaqlı mənzildə yaşayır.

Yaşadığı ev də daxil bütün tikililərin yerləşdiyi 750.2 kvadratmetrlik ərazi babası Qulam Əbdüloğlunun adına olub:

«Atamgil 3 qardaş olublar. Bənzuləli atamın ortancıl qardaşı olub. Babamızdan qalan, indi yaşadığımız bu evlər sovet hakimiyyəti dövründə inşa edilib. 2001-ci ildə əmim Bənzuləli qanunsuz yolla icra hakimiyyətindən ölmüş şəxsin, yəni babam Qulamın adına həmin əraziyə sərəncam alıb. Halbuki icra hakimiyyəti belə bir sərəncam vermək səlahiyyətində olmayıb. Həmin sərəncam əsasında «kupça» çıxartdırıb. Bundan sonra kiçik qardaşı, digər əmim Zayadxanla birlikdə 24 saylı notariat kontoruna gediblər və vərəsəlik şəhadətnaməsini iki qardaşın adına alıblar, atamın adını gizlədiblər».

8 İLDƏN SONRA YENİDƏN MÜRACİƏT EDİB

Şikayətçi deyir ki, əmisinin bu əməllərindən sonradan xəbər tutub. Bununla bağlı məhkəməyə müraciət edib. Məhkəmədə qeydiyyat vəsiqəsinin etibarsızlığı və miras əmlakına hüququnun tanınması ilə bağlı iddia qaldırıb:

«Babamdan miras qalmış, bizim də yaşadığımız ev daxil olmaqla digər əmlakları əmim Bənzuləli qanunazidd yollarla öz adına özəlləşdirdi. Şikayətimizə məhkəmələrdə baxılıb, həmin özəlləşdirmə işləri ləğv olunub. Bu barədə 2005-2006-cı il tarixlərdə çıxarılmış məhkəmə qətnamələri də var. Ancaq 8 ildən sonra əmim Bənzuləli Əbdülov yenidən məhkəmələrə müraciət edib. Məhkəmələr tərəfindən baxılıb hüquqi qiymət verilmiş halların yenidən mübahisələndirilməsinə nail olub».

Bənzuləli Əbdülov isə dövlət sənədi olan «Çıxarış»ın saxta olmadığını təsdiqləyən rəylər olduğunu bildirib.

VƏRƏSƏLİKDƏN MƏHKUM EDİLİB

Bakı Apellyasiya Məhkəməsi əvvəlki məhkəmələrin vərəsə hesab etdiyi Habil Əbdülovun və ailə üzvlərinin evdən çıxarılması barədə qərar verib. Ali Məhkəmə də həmin qərarı qüvvədə saxlayıb. Habil Əbdülov deyir, bundan sonra nə edəcəyini bilmir.

Hüquqşünas Fuad Hüseynov deyir, bu məsələnin hüquqi müstəvidə mübahisələndirilməsini tükənmiş hesab etmək olmaz:

«Araşdırmaq lazımdır ki, əvvəllər məhkəmələrin hüquqi qiymət verdiyi bir işə 8 ildən sonra yenidən necə baxıla bilərdi? Digər tərəfdənsə, hələ Konstitusiya Məhkəməsi var. Hələ hakimlərin hərəkətlərinin araşdırılması üçün Məhkəmə Hüquq Şurası var. Habil Əbdülov müraciət edə bilər. Gec deyil».

XS
SM
MD
LG