Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:16

İsa Qəmbər: “Nardaran olayı bir neçə günün hadisəsi deyil”


İsa Qəmbər
İsa Qəmbər

►"Bu, Əliyev rejiminin yanlış siyasətinin məhsuludur"

“Həlak olan vətəndaşımızdır, əziyyət çəkən Nardaran kəndinin sakinləridir, indi diqqət buna yönəldilməlidir, yoxsa hakimiyyətdaxili oyunlar Azərbaycana da təhlükə, problem yaradır”.

Bunu AzadlıqRadiosuna müsahibəsində Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər deyir.

Gözlə

No media source currently available

0:00 0:02:26 0:00
Direct-ə keçid

O, Nardaran hadisələri ilə bağlı öz fikirlərini bölüşür:

- Nardaran Azərbaycanın, Bakının ən qədim kəndlərindən biridir. Adət-ənənələrə bağlı bir kənddir. Dini baxımdan da kifayət qədər fərqlənən bir kənddir. Bu özlüyündə normaldır, amma iki şərtlə: birincisi, kənar müdaxilələr olmasa. Xüsusilə, İranın müdaxiləsi, İranın kənd camaatının dinə bağlılığından sui-istifadə cəhdləri xoşagələn hal deyil və yolverilməzdir. İkincisi, hakimiyyət, Əliyev rejimi bu kəndə elə bil ki, ögey nəzərlə baxıb, kəndin sosial problemlərini həll etmək əvəzinə, camaatla normal münasibət formalaşdırmaq əvəzinə, sanki oranı qəsdən fərqləndirmək istəyib. Elə bil ki, qəsdən bunu həm ölkə ictimaiyyətinə, həm də dünya ölkələrinə nümayiş etdirmək istəyib ki, baxın, burda islamçılıq çox güclüdür, əgər Əliyev rejimi sərt avtoritar idarəetmədən imtina etsə, demokratiyaya, azadlıqlara imkan versə, bütün Azərbaycanda bu vəziyyət yaranacaq, dini ideologiyaya söykənən bir hakimiyyət formalaşacaq. Bu da rejimin maraqlarından irəli gələn yanaşmadır. Əslində, rejim bütün Azərbaycana doğma yanaşmayıb, hər zaman xalqa, ölkəyə öz marağını təmin etmək üçün obyekt kimi baxıb. Özəl məqamlar olub və hakimiyyətin də Nardarana münasibəti bu özəl məqamlardan biridir. Çünki son günlərdə baş verən faciəli hadisələr də, 7 vətəndaşımızın həlak olması, xeyli sayda insanın yaralanması, həbs edilməsi, kənd camaatının bu qədər əzab-əziyyət çəkməsi, fikrimcə, Əliyev rejiminin günahıdır, öz maraqlarını təmin etmək naminə yürütdüyü yanlış siyasətin nəticəsidir.

Buna da bax: "8-ci mərtəbədə eyvanda ocaq qalayıb yemək bişiririk"

“Bir nəfəri həbs etmək üçün…”

- Bəzi şərhçilər hesab edirlər ki, Nardarandakı olaylar hakimiyyətdaxili münaqişələrin təzahürüdür. MTN-də və digər dövlət qurumunda aparılan həbslər, Nardaran olayları zaman etibarilə bir-birinin ardınca baş verir. Siz necə düşünürsüz, bu, təsadüfdürmü?

- Burda müxtəlif versiyalar mövcuddur və versiyaların hər birinin yaşamaq hüququ var. Aydın məsələdir ki, hakimiyyətdə qruplaşmalar da var, sərvət və təsiretmə naminə hər cür cinayətkarlığa getməyə, bir-birlərinə qarşı da qəddar mövqe tutmağa hazırdırlar. Bunlar hamısı həqiqətdir, amma bu, səmərəli yanaşma deyil. Kənddə hadisələr baş verib, məqsəd bir nəfəri həbs etmək olsa da, polisdən, kənd sakinlərindən ölənlər olub, bu, hakimiyyətin atdığı yanlış siyasətin, – ya qəsdli, ya da səriştəsiz şəkildə həyata keçirilmiş siyasətin nəticəsidir. Burda hakimiyyətdaxili qruplaşmanın rolu var, ya yox, – bu, nəyi dəyişəcək? Həlak olan vətəndaşımızdır. Bu dəqiqə vəziyyətdən əziyyət çəkən Nardaran kəndinin sakinləridir, indi diqqət buna yönəldilməlidir, yoxsa hakimiyyətdaxili oyunlar Azərbaycana da təhlükə, problem yaradır.

Buna da bax: Meyitlər nardaranlılara qaytarılıb

“Hadisə iştirakçılarının söylədikləri həqiqəti başa düşməyə kömək edəcək”

Nardaran - kəndə gedən yollar bağlıdır. 1 dekabr
Nardaran - kəndə gedən yollar bağlıdır. 1 dekabr

- İsa bəy, təcrübəli bir siyasətçi kimi, Nardaranda nə baş verdiyi sizə aydındırmı?

Nardaran nəzarətdə. 1 dekabr
Nardaran nəzarətdə. 1 dekabr

- Təbii ki, informasiya çox məhduddur, tutulan şəxsləri faktiki cəmiyyətdən təcrid ediblər, vəkillə də təmin olunmayıblar. Hadisənin nə cür baş verməsinin bütün detallarını bərpa etmək elə də asan məsələ deyil. Hakimiyyət nümayəndələrinin istər rəsmi, istər qeyri-rəsmi sızıntılarına inanmaq çətindir, çünki hakimiyyət ictimai etimadı çoxdan itirib. Hadisənin bilavasitə iştirakçıları olan şəxslərin açıqlaması ortada yoxdur, yalnız kənd sakinlərinin rəyləri var. Hesab edirəm, hadisə iştirakçılarının söylədikləri həqiqəti başa düşməyə daha çox kömək edər. Ümumən qiymət verəndə, Nardaranda baş verənlər bir neçə günün hadisəsi deyil. Bu, hakimiyyətin uzun illər Azərbaycana, Nardarana qarşı apardığı siyasətin nəticəsidir və cəmiyyət də diqqəti məhz xalqa qarşı bu qəddar siyasət yürüdülməsinə yönəltməlidir. O qədər problemlər var ki, bilmirsən, hansını ən böyük problem kimi göstərəsən: iqtisadi azadlıqlar, siyasi azadlıqlar, kommunikasiya problemləri – yüzlərlə belə problem var ki, hamısını bu hakimiyyət yaradıb. İndiki məqamda hakimiyyət qəddarlıqdan əl çəkib kənd camaatını dinləməli, hər hansı cinayət hadisəsi varsa, buna da hüquqi müstəvidə qiymət verməlidir.

“Küncə sıxışdırılmış insanların daş-kəsəyi…”

- İsa bəy, kənddən yayılan foto və video kadrlardan da görünürdü ki, bəziləri kəndə gələcək hüquq-mühafizə orqanı əməkdaşlarını daş-kəsək, əldəqayırma partlayıcı maddələrlə qarşılamaq niyyətindədir…

- Bu məsələləri də biz sona qədər bilmirik. Küncə sıxışdırılmış insanların özlərini daş-kəsəklə müdafiə etməsi əlacsızlıqdan yaranan bir mövqedir. Təbii ki, bu, qəbuledilən bir mövqe deyil. Biz Müsavat Partiyası və demokratik düşərgə olaraq mübarizənin yalnız dinc yolla aparılmasının, heç bir şəkildə qarşıdurmaya, zorakılığa yol verilməməsinin tərəfdarıyıq. Sözümün canı budur ki, bu, camaatın çıxılmaz vəziyyətə salınması ilə bağlıdır. Daş-kəsək bir yana qalsın, ancaq, məsələn, silah məsələsi, – kim gətirib, niyə gətirib, kim istifadə edib, bunlar hamısı obyektiv hüquqi müstəvidə araşdırılmalıdır. Təəssüf ki, hüquq-mühafizə orqanlarının bu məsələləri obyektiv araşdıracağına da inam yoxdur.

Buna da bax: Ovçular sosial şəbəkədə “tələyə” düşdü

“Siyasətçilərin indi Nardarana getməsi elə də sadə deyil”

- İsa bəy, İsmayıllı hadisələrində siyasətçilər, məsələn, İlqar Məmmədov, Tofiq Yaqublu olay yerinə getdilər. Ancaq Nardaran hadisələrində heç bir siyasətçi kəndə gedib camaatla görüşməyib. Sanki müxalifət düşərgəsi də olayları kənardan izləməyə üstünlük verib.

- Əvvəla, o gündən sonra Nardaran kəndi mühasirəyə götürüldü, jurnalistlər belə çətinliklə ora gedib-gələ bilir, siyasilərin ora gedib- gəlməsi elə sadə məsələ deyil. Eyni zamanda, dəfələrlə bunun da şahidi olmuşuq ki, siyasi partiya nümayəndələri hər hansı münaqişə baş verən yerə gedəndə nəinki hökumət təmsilçiləri bunun əleyhinə çıxır, o cümlədən, münaqişə tərəfi də deyir ki, “başqalarının qarışmasını, məsələnin siyasiləşdirilməsini istəmirik”. Bəlkə də ürəklərində istəyirlər, amma dildə belə deyirlər. Ona görə də indiki mərhələdə siyasi partiya nümayəndələrinin Nardarana getməsi real deyildi. Elə bu da hakimiyyətin yaratdığı situasiyadır: siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə imkan yaradılmır ki, belə gərgin vəziyyət yarananda vətəndaş cəmiyyəti təmsilçiləri məsələyə müdaxilə edib münaqişənin itkisiz həll olunmasına yardım göstərsinlər.

Nardaran sakinin evi axtarışdan sonra (Video)

XS
SM
MD
LG