Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:13

«Cahangir Hacıyevdən sonra bəzi sahibkarlar da həbs ediləcək»


Əkrəm Həsənov
Əkrəm Həsənov

-

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov AzadlıqRadiosuna Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həbsini şərh edib. O deyir ki, bu, çoxdan gözlənən bir həbs idi: «Hələ gecikiblər».

- Əkrəm bəy, Sizcə, belə yubanmağa səbəb nə idi?

- Düşünürəm ki, oğurlanmış pulların böyük hissənin qaytarılmasına çalışırdılar. Ola bilər ki, Cahangir Hacıyev də müəyyən ümidlər verirdi, ya da istintaqa yanlış məlumat verib. Bu isə istintaqın araşdırma üçün xeyli vaxtını alıb. İlk günlərdən deyirdim ki, kreditlərin böyük hissəsi qaytarılmayacaq, Cahangir Hacıyevin verdiyi məlumatlar doğru deyil, istintaqı aldadır. Görünür, istintaq da axırda bu nəticəyə gəldi ki, Cahangir Hacıyev pulların qaytarılması üçün heç bir iş görməyəcək.

- Sizcə, verilən milyonlarla kreditin qaytarılması şansı varmı?

- Yox, çünki o pulların böyük hissəsi çoxdan Azərbaycandan çıxarılıb, başqa-başqa adamların adınadır. Vəsaitin bir hissəsi çoxdan göyə sovrulub, göyə sovrulan pulu necə tapıb qaytaracaqlar? Bəlkə də bir hissəsi qaytarılacaq.

- Sizcə, Cahangir Hacıyevin həbsi yeni həbslərə rəvac verə bilərmi?

- Gözləyirəm ki, krediti götürən sahibkarlar da həbs olunsun. Bir müddət öncə Daxili İşlər Nazirliyi bir neçə sahibkarı saxlamışdı, ehtimal edirəm ki, Cahangir Hacıyev kimi həmin sahibkarlar da krediti qaytarmaqla bağlı DİN-ə boş ümidlər veriblər. Gözləyirəm ki, onlar da həbs olunacaq.

- Əkrəm bəy, Beynəlxalq Bank son baş verənlərdən sonra toparlana bilibmi? Müşahidələriniz nə deyir?

- Beynəlxalq Bank xərclərini azaldıb, işçilərini ixtisar edir, layihələrini bağlayır, bu, bank üçün vəziyyətin yaxşı olmadığını göstərir. Digər tərəfdən, Beynəlxalq Bankın problemli kreditləri Aqrar Kredit Təşkilatına tapşırılıb, amma mən burda da gözləmirəm ki, bu qurum krediti qaytara biləcək, çünki rəhbərlik qeyri-sağlamdır. Hələ Beynəlxalq Bankın yeni rəhbərliyi gözəçarpan addımlar atmayıb ki, deyək, bank böhrandan çıxıb və ya ən azı buna cəhd edib. Həm də Beynəlxalq Bank rübdə bir dəfə maliyyə hesabatlarını dərc etməli idi, bunu etməyib. Elə bunun özü də vəziyyətin yaxşı olmadığını deyir.

XS
SM
MD
LG