Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 17:27

Jagland Azərbaycanla bağlı araşdırmaya başlayır


Thorbjorn Jagland
Thorbjorn Jagland

-

Avropa Şurasının Baş katibi Thorbjorn Jagland Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlayır.

«Avropa İnsan Haqları Məhkəməsinin qərarları Azərbaycanda tənqidi səslərin susdurulması və söz azadlığının məhdudlaşdırılması üçün hüququn özbaşına (əsassız) tətbiqini üzə çıxarıb», - Baş katib deyib.

HAKİMİYYƏTDƏN İZAHAT İSTƏYƏCƏKLƏR

«Belə narahatedici bir şəraitdə, durumun düzəlməsinə yönəlik müsbət addım atılmadığından, Azərbaycana təmsilçilər göndərəcəyəm. Onlar ölkənin insan haqları konvensiyasının icrasıyla bağlı hakimiyyətdən izahat istəyəcəklər. Fərdlər səlahiyyət sahiblərinin hakimiyyətdən sui-istifadəsi nəticəsində azadlıqlarından məhrum ediləndə, xüsusi təşviş keçirirəm. Avropa İnsan Haqları Məhkəməsi bunu İlqar Məmmədovun işində üzə çıxarıb. Bu, Konvensiyanın çox ciddi pozulmasıdır».

Avropa Şurasının yaydığı açıqlamada xatırladılır ki, ötən ilin mayında Avropa Məhkəməsi İlqar Məmmədova qarşı cinayət işinin hüquqi baxımdan əsassızlığını, onun azadlığını əlindən almaq, hökuməti tənqid etdiyi üçün susdurmaq məqsədi daşıdığını bəyan edib.

Ancaq Baş katibin və Avropa Şurası Nazirlər Komitəsinin dəfələrlə etdiyi çağırışlara baxmayaraq, İlqar Məmmədov hələ də həbsdədir.

İLK DƏFƏ

Avropa İnsan Haqları Konvensiyasının 52-ci maddəsinə uyğun olaraq, Baş katib üzv ölkələrdə yerli qanunvericiliyin konvensiyanın icrasına necə təminat verdiyini araşdıra bilər.

Ancaq qurum bildirir ki, 52-ci maddə üzrə araşdırmalar nadir hallarda aparılır. Baş katib Jagland ilk dəfədir buna əl atır.

Xatırladaq ki, bir müddət əvvəl Thorbjorn Jagland insan haqları üzrə hökumətlə birgə işçi qrupdan da çıxıb.

Hakimiyyət təmsilçiləri isə ölkədə təməl insan haqları sahəsində beynəlxalq tənqidləri qərəzli sayır, bütün hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

XS
SM
MD
LG