Dünya xəbərləri
Fiziki şəxslərin vergi yükü azaldıldı

Yanvarın 1-dən Azərbaycanda gəlir vergisi ilə bağlı fiziki şəxslərə güzəştlər artırılıb.
APA-nın məlumatına görə, bu vergi məcəlləsində dəyişikliklər edilməsi haqqında 2015-ci iloktyabrın 20-də qəbul edilmiş qanunda nəzərdə tutulur.
İndiyə qədər fiziki şəxsin aylıq gəliri 250 manatadək olduqda yaşayış minimumunun 1 misli, illik gəliri 3 min manatadək olduqda isə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsindən gəlir vergisi vermirdi.
2016-cı il yanvarın 1-dən isə fiziki şəxsin aylıq gəliri 2500 manatadək olduqda yaşayış minimumunun 1 misli, illik gəliri 30 min manatadək olduqda isə 12 misli məbləğində olan hissəsindən vergi ödəməyəcək.
Qeyd edək ki, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manatdır.
Bütün xəbərləri izləyin
Rusiyada jurnalistləri Navalnı fondu ilə əlaqələrinə görə həbs ediblər

Moskva məhkəməsi dörd rusiyalı jurnalisti mərhum müxalifət lideri Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) ilə əlaqəli fəaliyyətlərinə görə hər birini 5 il yarım müddətinə azadlıqdan məhrum edib. Rusiya hökuməti FBK-nı "ekstremist təşkilat" kimi tanıyır.
Jurnalistlər — Antonina Favorskaya, Sergey Karelin, Konstantin Qabov və Artyom Kriqer üçün hökm oxunan məhkəmə iclası qapalı keçirilib. Jurnalistlər FBK-ya bağlı YouTube kanalları ilə əməkdaşlığa görə məhkum olunublar
Favorskaya və Kriqer hazırda Rusiya hökuməti tərəfindən "xarici agent" kimi tanınan "SOTAVision" media qurumu üçün çalışıblar.
"Müstəqil jurnalistika ekstremizmlə eyniləşdirilir"
Qabov və Karelin isə müstəqil jurnalistlərdir və "Reuters", "The Associated Press" kimi beynəlxalq media qurumları ilə əməkdaşlıq ediblər. Qabov həmçinin AzadlıqRadiosunun rusdilli xidməti ilə də əməkdaşlıq edib.
"Mən heç vaxt heç bir siyasi partiyanın üzvü olmamışam və hər zaman müxtəlif fikirlərə malik insanların hakimiyyət tərəfindən dinlənilməsi üçün onların fikirlərini obyektiv şəkildə çatdırmağı özümə bir jurnalist kimi borc bilmişəm", - Qabov məhkəmədəki son ifadəsində bildirib.
"Rusiyada müstəqil jurnalistika ekstremizmlə eyniləşdirilir", - o deyib.
Karelin isə çıxışında vurğulayıb ki, onun əməkdaşlıq etdiyi kanal o dövrdə hələ "ekstremist" elan edilməmişdi.
"Peşmanlıq yüngülləşdirici hal sayılır. Məhz cinayətkarlar etdiklərinə görə peşman olmalıdırlar. Amma mən işimə, jurnalistikaya dürüst və qərəzsiz münasibətimə, ailəmə və ölkəmə olan SEVGİYƏ görə həbsdəyəm", - o, məhkəməyə verdiyi yazılı açıqlamasında bildirib.
Prokurorluq hər bir təqsirləndirilən şəxs üçün 6 ilədək həbs cəzası tələb etmişdi.
Məhkəmə prosesi ictimaiyyət üçün bağlı keçirilib. Rəsmilər bunu Rusiya Ekstremizmlə Mübarizə Mərkəzinin xəbərdarlığı ilə əsaslandırıblar —FBK məhkəmə prosesinə müdaxilə etməyə cəhd göstərə bilərmiş.
Bu hökm, jurnalistlərə və Navalnının keçmiş tərəfdarlarına qarşı genişmiqyaslı repressiyanın bir hissəsidir. Navalnı 2024-cü ilin fevralında mübahisəli şəraitdə həbsxanada dünyasını dəyişib. O, siyasi motivlərlə qurulmuş ittihamlarla 19 illik cəza müddətini çəkirdi.
Navalnının ölümü beynəlxalq aləmdə qəzəb doğurub və Rusiyanın siyasi məhbuslara, müstəqil mediaya qarşı davranışının daha dərindən izlənilməsinə səbəb olub.
İnsan hüquqları təşkilatları bildirir ki, hazırda Rusiyada oxşar ittihamlarla onlarla jurnalist həbsdədir. Hökumət müxalif səsləri sıxışdırmağa davam edərək bu sahədə nəzarəti gücləndirir.
ABŞ Orbana yaxın şəxsə sanksiyaları ləğv edib

Aprelin 15-də ABŞ Macarıstan baş naziri Viktor Orban kabinetinin rəhbəri Antal Roqana yanvarda qoyulan sanksiyaları ləğv edib. Sanksiyalara səbəb Macarıstan rəsmisinin korrupsiya və kronizmdə ("tanışlıq" zəminində bir qrup insana əlverişli şərait yaradılması) ittiham olunması idi.
ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunan bəyanata görə, A.Roqan sanksiyalar siyahısından çıxarılıb.
Dövlət Departamentinin sözçüsü Temmi Brüs isə açıqlamasında bildirib ki, aprelin 15-də dövlət katibi Marko Rubio Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə telefon danışığı apararaq bu addım barədə onu məlumatlandırıb.
Brüsün sözlərinə görə, tərəflər ABŞ-Macarıstan münasibətlərinin gücləndirilməsi və iqtisadi əməkdaşlıq imkanları barədə də müzakirə aparıblar.
Orban və onun rəhbərlik etdiyi "Fides" partiyası ABŞ prezidenti Donald Trampın Avropadakı ən güclü dəstəkçilərindən biridir.
Vaşinqton bu ilin əvvəlində A.Roqana qarşı sanksiyalar tətbiq edib. ABŞ Dövlət Departamentinin yanvarın 7-də verdiyi bəyanatda bildirilib ki, Roqan "öz mövqeyindən istifadə edərək həm özünü, həm də partiyasına sadiq olanları varlandırıb". Roqanın Macarıstan iqtisadiyyatının strateji sahələrinə nəzarət üçün sxemlər qurduğu, bu sektorlardan gələn gəlirlərin mənimsənildiyi bildirilib.
O dövrdə ABŞ-nin Macarıstandakı səfiri Devid Pressman "sistemli" korrupsiyanın Macarıstanın ABŞ və müttəfiqlərinin təhlükəsizliyi ilə bağlı məsələlərdə qərar qəbul etməsinə mənfi təsir göstərdiyini vurğulayıb.
Pressman yanvarın 20-də Trampın andiçmə mərasimindən əvvəl vəzifəsindən istefa verib.
Orban hökuməti A.Roqana sanksiyaları "səfirin şəxsi intiqamı" olaraq qiymətləndirmişdi. Sanksiyaların ləğv edilməsi barədəki açıqlamanı Orban hökuməti "Vaşinqtonda küləklərin dəyişməsinin aydın əlaməti" kimi dəyərləndirib.
ABŞ Dövlət Departamenti yanvarda bildirib ki, Macarıstanda dövlət sektoru üzrə korrupsiya son 10 ildə getdikcə pisləşib.
Paşinyan 9 Mayda Moskvada olacaq - spiker

Ermənistan parlamentinin spikeri Alen Simonyan baş nazir Nikol Paşinyanın Moskvada Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsinin 80-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirakına Avropa İttifaqının (Aİ) mümkün mənfi reaksiyasını rədd edib.
Aİ-nin baş diplomatı Kaya Kallas aprelin 14-də potensial Aİ üzvlüyünə namizəd ölkələrin liderlərini mayın 9-da Rusiyada keçiriləcək hərbi parada qatılmamaları barədə xəbərdar edib. Kallas bunun əvəzinə bu ölkələri Ukrayna ilə həmrəylik göstərməyə çağırıb. Ermənistan rəsmi olaraq Aİ-yə üzvlük üçün müraciət etməsə də, parlament bu yaxınlarda Ermənistanın Aİ-yə qoşulma prosesinə start verildiyini bəyan edən qanun layihəsini qəbul edib.
"Bu qələbə həm də bizim qələbəmizdir, İkinci Dünya müharibəsində 300 min erməni həlak olub", –Simonyan aprelin 15-də jurnalistlərə bildirib. "Bu, bizim üçün ən qürurverici günlərdən biridir və düşünürəm ki, baş nazirin həmin tədbirdə iştirakı Aİ və digər məsələlərlə əlaqələndirilməməlidir. Bir çox Avropa İttifaqı liderləri Rusiyaya səfər edir, Rusiya prezidenti ilə görüşür və danışıqlar aparırlar".
"İndi Ermənistan hər şeyi bir kənara qoymalıdır ki, hansısa Aİ rəsmisi nəsə deyə bilər?.. Bu, onların baxışıdır, bu isə bizim", –Simonyan əlavə edib.
Paşinyan martın 14-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı mayın 9-da keçiriləcək paradda iştirak edəcəyini təsdiqləyib. Bu açıqlama Moskva ilə yaranmış gərginliyi yumşaltmaq istiqamətində Yerevanın atdığı addımları ön plana çıxarıb. Bu gərginliyin fonunda Rusiya ABŞ-də Donald Tramp administrasiyasının yaratdığı geosiyasi dəyişikliklərdən faydalanmağa çalışır. Paşinyan hökuməti 2022-ci ildən etibarən Rusiya ilə diplomatik və digər əlaqələri minimuma endirmiş və xarici siyasətini Qərbə doğru yönəltmişdi.
Simonyan Paşinyanın Qələbə günü tədbirləri üçün Moskvaya səfər qərarına beynəlxalq aləmdəki dəyişikliklərin təsir etdiyini inkar etməyib.
"Hər il dünya və reallıq xeyli dəyişir, biz bunları bir-biri ilə müqayisə edə bilmərik", –o bildirib. "Məsələn, gələn il biz, bəlkə də, bu paradda iştirak edə bilməyəcəyik".
ABŞ Dövlət Departamentinin büdcəsi yarıbayarı azaldıla bilər

ABŞ prezidenti Donald Tramp administrasiyası Dövlət Departamentinin büdcəsini 50 faiz azaltmağı planlaşdırır. Bu haqda "The New York Times" qəzeti əldə etdiyi işçi memoranduma istinadla yazır.
Plana görə, ən böyük ixtisar BMT və NATO-nun maliyyələşdirilməsində baş verə bilər. ABŞ beynəlxalq sülhyaratma əməliyyatlarına maliyyə dəstəyini tam dayandıra, Dövlət Departamentinin maliyyələşdirdiyi mədəni mübadilə və təhsil proqramlarını kəsə bilər. Səhiyyə, dünyanın yoxsul ölkələri üçün dərman və vaksinlərin alınması üzrə layihələrə humanitar yardımın da yarıbayarı azaldılması gözlənilir.
Bu il Dövlət Departamentinin büdcəsi 54 milyard dollardır, onun 28 milyard dollara salınması planlaşdırılır.
Qəzetin departamentdəki mənbələrinin dediyinə görə, plan Ağ evin ciddi büdcə ixtisarları ilə bağlı plan təqdim etmək üçün nazirliklər qarşısında qoyduğu tələblərə uyğun hazırlanıb. Yaxın vaxtlarda Tramp administrasiyası Konqresə gələn il dövlət büdcəsinə dair öz versiyasını təqdim edəcək, dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılması gözlənilir.
Ağ evin büdcə layihəsini isə Konqres təsdiqləməlidir və xeyli sayda konqresmen beynəlxalq proqramlara maliyyənin kəskin azaldılmasına qarşı çıxır. Bəzi demokrat senatorlar artıq bu təklifləri tənqid ediblər.
Tramp administrasiyasının Dövlət Departamentində xüsusi bölmənin yaradılması üçün 4 milyard dollar istəyəcəyi gözlənilir. Həmin bölmənin fövqəladə beynəlxalq humanitar yardımın ayrılmasına baxacağı nəzərdə tutulur.
İranda edamlar son 10 ilin rekord həddinə çatıb

"Amnesty International" təşkilatının son hesabatına görə, İran dünyada illik edam sayına görə ikinci yerdə qalmağa davam edir. Edamların sayı 2020-ci ildən bəri davamlı şəkildə artıb, əsas səbəb isə narkotiklə bağlı cinayətlərdir. Fəallar iddia edirlər ki, İran İslam Respublikası ölüm cəzasından həm də fərqli düşüncələri susdurmaq və siyasi müxalifəti boğmaq aləti kimi istifadə edir.
"Amnesty International" bildirir ki, İranda edamlar 2024-cü ildə son illərin ən yüksək səviyyəsinə çatıb, azı 972 nəfərin edamı qeydə alınıb. Bu artım dünyada ölüm cəzasının icrasındakı ümumi yüksəlişə də təsir edib. İran, İraq və Səudiyyə Ərəbistanındakı edamlar birlikdə ötən il qeydə alınan edamların 91 faizini təşkil edib.
"Amnesty International"ın baş katibi Anyes Kallamar bildirib ki, İran və Səudiyyə Ərəbistanı ölüm cəzasından hakimiyyətə etiraz etmək üçün "kifayət qədər cəsarəti olanları susdurmaq üçün" istifadə edir. O, edamların kəskin artmasına səbəb olan əsas amillərdən biri kimi narkotiklə bağlı cinayətləri də xüsusi vurğulayıb.
Hüquq-müdafiə təşkilatları bildirirlər ki, İranın ədliyyə sistemi şəffaflığın və hüquqi prosedurların ciddi çatışmazlığı ilə xarakterizə olunur.
Edam olunanların çoxu beynəlxalq hüquq normalarına uyğun gəlməyən məhkəmə proseslərində məhkum edilir. Bu proseslərdə məcburi etiraflar, vəkilə çıxış imkanının məhdudlaşdırılması və "Allaha düşmənçilik" kimi qeyri-müəyyən ittihamlardan geniş istifadə olunur.
"Amnesty International"ın sözçüsü və insan haqları üzrə hüquqşünas Raha Bahreyni bildirib ki, İranda gerçək edam sayı rəsmi rəqəmlərdən xeyli yüksək ola bilər. O, AzadlıqRadiosunun "Fərda" xidmətinə deyib ki, İran hökumətin şəffaf olmadığı üçün "Amnesty International"ın edamlarla bağlı məlumatları, əsasən, insan hüquqlarının pozulmasını izləyən monitorinq qruplarının sənədləşdirilmiş hesabatlarına əsaslanır.
"İran İslam Respublikasının hakimiyyət orqanları ölüm hökmündən terror və qorxu mühiti yaratmaq üçün bir vasitə kimi istifadə edirlər", - Bahreyni əlavə edib.
Əlcəzair Fransanın 12 diplomatını ölkədən çıxarır

Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşına 48 saat ərzində ölkəni tərk etmələri barədə göstəriş verib. "France24" telekanalının xəbərinə görə, Fransanın xarici işlər naziri Jan Noel Baro aprelin 14-də deyib ki, Əlcəzairin müvafiq qərarı bu ölkənin üç vətəndaşının Fransada həbs olunması ilə bağlıdır.
"Əgər rəsmilərimizin ölkədən çıxarılması qərarı qüvvədə qalarsa, bizim dərhal cavab verməkdən başqa seçimimiz olmayacaq", – Fransanın top diplomatı bildirib.
Aprelin 11-də Paris prokurorluğu Əlcəzairin ölkədəki konsulluq rəsmisi də daxil, üç əlcəzairlini adam oğurluğunda ittiham edib. Bu şəxslər 2024-cü ilin aprelində sosial media inflüenseri Əmir Buxorsun Paris ətrafında oğurlanmasında şübhəli biliniblər.
Ə.Buxors Əlcəzair hökumətinin tənqidçisidir və "TikTok" platformasında bir milyondan çox izləyicisi var. O, 2016-cı ildən Fransadadır və 2023-cü ildə siyasi sığınacaq alıb. Buxors 2024-cü ilin aprelində oğurlanıb və, vəkilinin sözlərinə görə, ertəsi gün sərbəst buraxılıb.
Əlcəzair hökuməti həmin inflüenserin məhkəmə qarşısına çıxması üçün ölkəyə qaytarılmasını tələb edir. Ona qarşı fırıldaqçılıq və terrorla bağlı ittihamlar irəli sürülüb və haqqında doqquz beynəlxalq həbs orderi çıxarılıb.
Azərbaycan və Ermənistan nazirləri Antalyada normallaşma prosesini müzakirə ediblər

IV Antalya Diplomatiya Forumu çərçivəsində aprelin 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin bildirməsinə görə, tərəflər iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.
Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
Son illər tərəflər arasında həm Avropa İttifaqının, həm Rusiyanın vasitəçiliyi ilə və həm də birbaşa sülh danışıqları aparılır. Tərəflər sülh sazişini bəndlər üzrə razılaşdırsalar da, hələlik, onu imzalamayıblar.
Azərbaycan rəsmiləri bugünlərdə bildiriblər ki, Ermənistan konstitusiyasında onlara qarşı ərazi iddiaları var və sülh sazişinin imzalanması ilə bağlı bu aradan qaldırılmalıdır. Üstəlik, onlar hesab edir ki, uzun illər Qarabağ münaqişəsində vasitəçilik etmiş ATƏT-in Minsk qrupu (ABŞ, Rusiya və Fransa həmsədrlərdir) buraxılmalıdır.
Ermənistan rəsmiləri də bunu mümkün sayır. Elə Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirədə Ermənistanın xarici işlər naziri A.Mirzoyan ATƏT Minsk qrupunun buraxılması barədə sənədin sülh razılaşması ilə birlikdə imzalanmasını təklif edib. Amma Ermənistan rəsmiləri konstitusiyaya dəyişikliklərini müzakirə etsələr də, onunla bağlı Azərbaycanın şərtini əsaslı saymırlar.
Antalyada Ermənistan və Türkiyə xüsusi nümayəndələri görüşüb
Ermənistan parlamentinin spikerinin müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Antalya Diplomatik Forumu çərçivəsində Türkiyənin bu proses üzrə xüsusi elçisi Sərdar Kılıç ilə görüşüb. Bu barədə Rubinyan X sosial şəbəkəsində məlumat verib: "Diplomatik Forumu çərçivəsində Sərdar Kılıç ilə Ermənistan-Türkiyə normallaşma prosesi ilə bağlı yaxşı müzakirəmiz oldu".
S.Kılıç da paylaşımında müzakirəni "məhsuldar" adlandırıb.
Ankara on illərdir Türkiyə-Ermənistan sərhədinin açılmasını, Yerevanla diplomatik əlaqələrin qurulmasını Ermənistan-Azərbaycan münaqişəsinin Bakı üçün məqbul həlli ilə şərtləndirir. 2022-ci ilin əvvəlində Ermənistan hökuməti ilə normallaşma danışıqları başlayandan Türkiyə liderləri bu şərti səsləndirib.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
İki il öncə Qarabağdakı erməni əhali Ermənistana köç edib, rəsmi Yerevan baş verənləri etnik təmizləmə kimi dəyərləndirir. Azərbaycan isə etnik təmizləmə ilə bağlı ittihamları qəbul etmir.
Putin Trampın xüsusi elçisi ilə görüşdü

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Onların görüşü dörd saatdan çox davam edib.
Ağ evin sözçüsü Kerolayn Livitt brifinqdə deyib ki, Uitkoffun Rusiyaya səfəri sülhə doğru daha bir addımdır.
"Axios" nəşri yazır: Donald Tramp Ukraynaya qarşı müharibə ilə bağlı Moskva ilə danışıqlarda irəliləyişin olmamasından narazıdır, Uitkoffu Rusiyaya buna görə göndərib.
Bu, Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından sonra Putin və Uitkoffun üçüncü görüşüdür.
Putinlə görüşməzdən əvvəl Uitkoff Rusiya prezidentinin xarici ölkələrlə əməkdaşlıq üzrə nümayəndəsi Kirill Dmitriyevlə danışıqlar aparıb. Bu, son bir neçə gündə nümayəndələr arasında ikinci görüş idi. İlk danışıqlar ötən həftə Vaşinqtonda baş tutub.
"Reuters"in mənbələrinin bildirdiyinə görə, Dmitriyevlə ilk görüşdən sonra Uitkoff Trampa deyib ki, sülhə nail olmağın ən qısa yolu Kiyevin Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini Rusiyaya güzəştə getməsidir. Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Uitkoffu dəstəkləməyib. Məlumata görə, Kelloq Trampa deyib ki, "Ukrayna bu ərazilərlə bağlı bəzi şərtləri müzakirə etməyə hazır olsa da, bu bölgələrə nəzarəti birtərəfli qaydada tamamilə Rusiyaya verməyə heç vaxt razı olmayacaq".
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.
2022-ci ildə prezident Vladimir Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.
Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.
"The Wall Street Journal" nəşrinin mənbələrinin məlumatına görə, ikinci prezidentliyinin başlanğıcında D.Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi K.Kelloqa müharibəyə 100 gün ərzində son qoymağı tapşırıb.
ABŞ-nin Ukraynadakı səfiri Trampın sülh səyləri fonunda istefa verib

ABŞ Dövlət Departamenti bildirib ki, ABŞ-nin Ukraynadakı səfiri Bricit Brink vəzifəsini tərk edəcək. Bu qərar Vaşinqton, Kiyev və Moskva arasında vacib sülh danışıqlarının getdiyi bir vaxtda postun boş qalmasına səbəb olacaq.
Keçmiş prezident Co Bayden tərəfindən təyin olunan Brink 2022-ci ilin mayından bəri Kiyevdə səfir vəzifəsini icra edirdi. O, bu müddət ərzində Rusiya tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə dövründə ABŞ-Ukrayna münasibətlərini tənzimləyirdi.
"Bricit Brink vəzifəsini tərk edir. O, artıq üç ildir ki, orada səfirdir — müharibə zonasında bu qədər uzun müddət böyük işdir", – Dövlət Departamentinin sözçüsü Temmi Brüs aprelin 10-da jurnalistlərə bildirib.
Onun yaxın həftələrdə vəzifəsini tərk edəcəyi gözlənilir.
Brinkin səlahiyyət müddəti Ukrayna ilə bağlı fərqli siyasət yürüdən iki prezident administrasiyasını əhatə edib.
Bayden administrasiyası dövründə Moskva ilə münasibətlər Soyuq müharibədən sonrakı ən aşağı səviyyəyə enib. Avropada İkinci Dünya müharibəsindən bəri ən böyük quru müharibəsi fonunda ABŞ Rusiya prezidenti Vladimir Putinlə əlaqələri dayandırıb.
Əksinə, Tramp administrasiyası Kreml ilə birbaşa əlaqəni bərpa edib. Son aylarda Tramp və Putin ən azı iki dəfə telefonla danışıb və hazırda Vaşinqton Ukrayna ilə Rusiya arasında sülh sazişinə vasitəçilik etməyə çalışır.
Brinkin istefa vermək qərarına heç bir səbəb göstərilməyib, lakin "Reuters" mənbələrə istinadən bildirib ki, bu qərar onun şəxsi iradəsi ilə verilib.
Amerikalı səfir Brink ötən həftə Rusiyanın Ukraynanın Krivoy Roq şəhərinə endirdiyi və 20 nəfərin ölümünə səbəb olan ölümcül raket zərbəsinə reaksiyasına görə Ukrayna prezidenti Volodimir Zelenskinin tənqidi ilə üzləşib. 4 aprel hücumu ilə bağlı sosial media paylaşımında B. Brink Rusiyanın məsuliyyət daşıdığını qeyd etməyib. Zelenski bununla bağlı məyusluğunu ifadə edib. İki gün sonra Rusiyanın raket zərbəsi ilə bağlı başqa bir paylaşımında diplomat Rusiyanın adını çəkib.
AŞPA Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanla bağlı daha bir tənqidi qətnamə qəbul edib. Qətnamədə "siyasi məhbusların dərhal azad olunması" çağırışı yer alıb, eləcə də demokratiya və insan haqları ilə bağlı digər problemlərə diqqət çəkilib.
Sənəddə vurğulanıb ki, "Gürcü arzusu" partiyasının siyasəti nəticəsində baş verən "demokratik geriləmə" gələcəkdə Gürcüstan nümayəndə heyəti Assambleyanın sessiyalarında iştirak edəcəyi təqdirdə onun səlahiyyətlərinin ratifikasiyasına töhfə verməyəcək.
Qətnamədə bir sıra meyarlar müəyyən edilib ki, onların yerinə yetirilməsi "Gürcü arzusu" nümayəndə heyətinin səlahiyyətlərinin tanınması üçün məcburi şərtdir.
Gürcüstan üzrə həmməruzəçi Sabina Çudiç bildirib ki, müvafiq qətnamə dialoqa hazırlığı göstərir, eyni zamanda Gürcüstan hakimiyyətinin yerinə yetirməli olduğu tələbləri müəyyən edir. O xatırladıb ki, Gürcüstan nümayəndə heyətinin hazırkı sessiyaya qatılmaması barədə qərarı AŞPA deyil, "Gürcü arzusu" hökuməti qəbul edib.
Qətnamə 89 səs lehinə, 3 səs əleyhinə olmaqla qəbul edilib.
Xatırlatma
"Gürcü arzusu" partiyası yanvarda AŞPA-da fəaliyyətini dayandırıb. Bu, Assambleyanın Gürcüstanı yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməni böyük səs çoxluğu ilə qəbul etməsindən sonra baş verib. Qətnamə Gürcüstan hakimiyyətini aprel ayına qədər yeni parlament seçkilərinin tarixini təyin etməyə, bütün siyasi məhbusları azadlığa buraxmağa və mübahisəli qanunlara yenidən baxmağa çağırırdı.
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Teya Tsulukiani qətnamənin şərtlərini "qəbuledilməz, ədalətsiz və əsassız" adlandırıb.
ABŞ və Rusiya Əbu-Dabidə məhbusları dəyişib

Rusiya və ABŞ aprelin 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə məhbus mübadiləsi həyata keçirib. "The Wall Street Journal" (WSJ) xəbər verir ki, iki ölkənin xüsusi xidmət orqanları mübadilə barədə razılığa gəlib. WSJ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffə istinad edir. Rusiya tərəfi, hələlik, mübadiləni rəsmi olaraq təsdiqləməyib.
Bildirilir ki, Moskva Rusiya və ABŞ vətəndaşlığına malik Kseniya Karelinanı azad edib. O, dövlətə xəyanət maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. İddiaya görə, o, Ukrayna Silahlı Qüvvələrinə kiçik məbləğdə pul köçürüb. Vaşinqton isə 2023-cü ildə Kiprdə ABŞ-nin tələbi ilə həbs edilmiş, Almaniya və Rusiya vətəndaşı Artur Petrovu Rusiyaya təhvil verib. Petrov sanksiyaları pozaraq Rusiyaya mikroelektronika tədarük etməkdə ittiham olunub.
Karelinanın vəkili onun sərbəst buraxıldığını və ABŞ-yə yollandığını təsdiqləyib. Onun azadlığa buraxılması dövlət katibi Marko Rubio tərəfindən də təsdiqlənib. Rubio X hesabındakı paylaşımında bildirib ki, Karelina Rusiyada haqsız yerə saxlanılıb və ABŞ prezidenti Donald Tramp "onun azadlığa buraxılmasını təmin edib".
Tanışını öldürən, meyitini iki hissəyə bölən... müharibəyə gedir

Udmurtiyada qətldə ittiham olunan 37 yaşlı sakinə qarşı cinayət işi dayandırılıb. Çünki o, Rusiya Müdafiə Nazirliyi ilə Ukraynada aparılan təcavüzkar müharibədə iştirakla bağlı kontrakt bağlayıb. Bu haqda AzadlıqRadiosunun "İdel.Realii" portalı məlumat yayıb.
Həmin kişi 2024-cü ilin dekabrında birlikdə içdiyi tanışı ilə mübahisədən sonra onu boğazından bıçaqlamaqda ittiham olunurdu. Bildirilirdi ki, o, tanışını divana yıxaraq bədəninə çoxsaylı zərbələr vurub. "Daha sonra cinayətin izlərini itirmək üçün meyiti boyun nahiyəsindən iki yerə parçalayıb, başı və bədəni evinin müxtəlif yerlərində gizlədib", – rəsmi məlumatda deyilirdi.
Udmurtiya prokurorluğu təqsirləndirilənin adını çəkməsə də, məhkəmənin saytında söhbətin Anton Belkov barədə getdiyi aydın olur.
Məhkəmə hərbi xidmətə çağırış məntəqəsinin rəisindən gələn vəsatəti təmin edib, həbs-qətimkan tədbiri ləğv olunub və müttəhim "Rusiya Federasiyası Müdafiə Nazirliyinin səlahiyyətli şəxsinə təhvil verildiyi andan" azadlığa buraxılıb.
2024-cü ildən Rusiyada təqsirləndirilən şəxslərə Müdafiə Nazirliyi ilə kontrakt imzalamaq imkanı verilib. Xidmət müddəti ərzində məhkəmə araşdırması dayandırılır. Məhkəmə icraatı mərhələsində kontrakt bağlamaqla cinayət məsuliyyətindən tamamilə yayınmaq da olar.
Mirzoyan Antalya Diplomatiya Forumunda iştirak edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 11-12-də Türkiyədə Antaliya Diplomatiya Forumunda iştirak edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin "Facebook" hesabında məlumat verilib. Bildirilib ki, forum çərçivəsində Mirzoyanın bir sıra ikitərəfli görüşləri də planlaşdırılıb.
Ermənistan XİN bu görüşlərin təfərrüatları barədə əlavə məlumat verməyib.
2024-cü ilin martında Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycan prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev və Ermənistan parlamentinin sədr müavini, Yerevanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyanın iştirakı ilə panel müzakirəsi baş tutmuşdu.
ABŞ və Rusiya diplomatları İstanbulda görüşəcək

ABŞ və Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyətini normallaşdırmaq məqsədilə aprelin 10-da İstanbulda danışıqları davam etdirəcəklər.
ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs aprelin 8-də jurnalistlərə bildirib ki, Moskva və Vaşinqton nümayəndə heyətləri səfirliklərin fəaliyyəti ilə bağlı məsləhətləşmələrin ikinci raundunu keçirəcək.
Danışıqlarda siyasi və ya təhlükəsizlik məsələlərinin müzakirə olunmayacağını deyən T.Brüs Ukraynadakı müharibənin "qətiyyən" gündəlikdə olmayacağını vurğulayıb: "Bu danışıqlar yalnız səfirliklərimizin fəaliyyəti ilə bağlıdır, ümumilikdə ikitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı deyil. Bu, bizim də dəfələrlə qeyd etdiyimiz kimi, yalnız Rusiya və Ukrayna arasında sülh bərqərar olduqdan sonra mümkün ola bilər".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl bildirmişdi ki, Rusiya nümayəndə heyətinə ölkənin ABŞ-dəki səfiri Aleksandr Darçiyev, amerikalı nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.
Vaşinqton və Moskvanın nümayəndə heyətləri sonuncu dəfə fevralın 27-də İstanbulda görüşüblər. Hər iki tərəf bağlı qapılar arxasında keçirilən danışıqların birinci raundunu "faydalı" adlandırıb.
Ərdoğan CHP lideri Özgür Özəli məhkəməyə verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbi ilə müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ qarşı iddia qaldırıb. Bundan əlavə, Ankaranın Baş Prokurorluğuna prezidentin təhqir olunması maddəsi üzrə Ö.Özəl barəsində cinayət işinin açılması üçün müraciət təqdim olunub.
Türkiyə prezidentinin vəkili Hüseyn Aydın X hesabında xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Ərdoğan CHP lideri Özəlin "xunta" ilə bağlı açıqlamalarına görə siyasi rəqibindən 500 min türk lirəsi (13 min dollardan çox) təzminat tələb edir.
Növbəti prezident seçkilərində Ərdoğanın əsas rəqibi olacağı gözlənilən CHP üzvü, İstanbulun meri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyə siyasi böhranla üzləşib. Hakimiyyət onun terror təşkilatları ilə əlaqədə olmaqda ittiham etsə də, sonradan İmamoğlu yalnız korrupsiyada ittiham olunub. Müxalifət İmamoğlu və onun bir neçə tərəfdaşına qarşı açılan cinayət işinin siyasi xarakterli olduğunu bəyan edib.
İmamoğlunun həbsi İstanbul, Ankara və digər şəhərlərdə kütləvi etirazlara səbəb olub. Türkiyədə martın 19-dan martın 23-dək keçirilən etiraz aksiyalarında iştirak edən mindən çox şəxs saxlanılıb.