-
İsrailin "Bahadır və Sona"sı
İsrailin təhsil naziri Naftali Bennett yazıçı Dorit Rabinyanın "Borderlife" adlı kitabını "yəhudi kimliyinə təhlükə yaratdığı üçün" orta məktəbin yuxarı siniflərinin dərs proqramından çıxarıb. Qəzetdə bu xəbəri oxuyan israillilər maraqdan sözügedən kitabı rekord həddə satın alıblar.
Təhsil naziri deyib ki, o, bu qərarı şəxsən verməyib, mütəxəssislərin bu haqda qərarını sadəcə olaraq, dəstəkləyərək rəsmiləşdirib. “Məsələ senzurada deyil, kitab dükanlarının hamısında satılır, kim istəyirsə, gedib ala bilər. Biz sadəcə olaraq, gəncləri millətlərarası nikaha həvəsləndirə biləcək bu kitabı məktəb proqramından çıxarmışıq."
Bu kitabda yəhudi qadınla fələstinli kişi arasında məhəbbət hekayəsi nəql olunur.
Kitabın naşiri deyib ki, yarım günə "Borderlife" kitabının yüzlərlə nüsxəsi satılıb. Bu isə həmin kitabın keçən aykı satışına nəzərən dörd dəfə çoxdur. Naşir artıq ikinci nəşri çap etməklə məşğuldur.
İsrailin iki əsas kitab dükanı ("Tzomet Sfarim" və "Steimatzky") bu kitaba yüksək tələb yarandığını bildiriblər.
“Borderlife” kitabı 2014-cü ilin may ayında nəşr edilib. Bu kitaba görə müəllifi İsraildə 50 yaşa qədər yazıçılar üçün olan Bernstein mükafatının 2015-ci il qalibi olub.