Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:02

Soljenitsın. Ruzveltin dul xanımı sovet həbsxanasına baş çəkir


Alexander Solzhenitsyn,1997
Alexander Solzhenitsyn,1997

-

"Dünyasını dəyişmiş prezidentin dul xanımı olan bu qadın qabaqcıl və fərasətli insan idi. İnsan haqlarının qorunması uğrunda çox işlər görmüş xanım Ruzvelt, Amerikanın mərd müttəfiqini ziyarət etməyə qərar vermişdi.

O, Birləşmiş Millətlərin Yardım və Bərpa administrasiyasının yardımının necə paylandığını öz gözləriylə görmək istəyirdi."

Aleksandr Soljenitsın

“Birinci çevrədə” romanından parça

Buddanın təbəssümü

Tərcümə edən: Aygül Cəfərova

Bizim möhtəşəm hekayəmizdəki hadisələr şanlı 194... ilin qızmar yay aylarında dünyaca məşhur Butırka həbsxanasında cərəyan edir.

Pəncərənin üstünə havanın içəri keçməsinə maneə olan əlavə barmaqlıqlar vurulmuşdu və əyinlərində bellərinin ətrafına bağlanmış parçadan başqa heç nə olmayan, sayları kameraya görə nəzərdə tutulandan qat-qat artıq olan dustaqlar dözülməz bürküdən birtəhər olmuşdular.

Bu faydalı, sahmanlı müəssisə haqqında nə demək olar? O, öz kökünü Yekaterina kazarmalarından götürür. İmperatiçanın hökmünün sürdüyü o qəddar vaxtlarda kazarmanın qala divarlarından kərpic əsirgənməmişdi.

Adı var qalamızın

Qalalar içində!

Volterin müdrik məktub yoldaşı Yekaterinanın ölümündən sonra bu uğultulu otaqlar uzun müddət boş qaldı. Amma bizim vətənimizə uzun müddətdir hamının arzuladığı inkişaf gəldikcə, adı çəkilən hökmran xanımın xələfləri, Butırkaya Pravoslav kilsəsinin taxt-tacını sarsıdan kafirləri və inkişafa qarşı çıxan qaraguruhçuları yerləşdirməyi faydalı hesab etdilər.

Bənna və suvaqçılar bu nəhəng otaqları yüzlərlə geniş və rahat kameraya dəyişməyə kömək etdilər, yerli dəmirçilərin məharətli əlləri isə pəncərələrə əyilməyən barmaqlıqlar və yataqlara gündüz açılan, gecə isə bağlanan qövsvari dəmir örtükləri ərsəyə gətirdilər.

Bizim biyar mükəlləfiyətlı istedadlı kəndlilərin sıralarından ən bacarıqlıları Butırka qalasının ölümsüz şanına öz dəyərli töfhələrini verdilər: dərzilər yataqların dəmir örtükləri üçün kətan torbalar tikdilər, santexniklər çirkab suların axması üçün müdrik sistem quraşdırdılar, tənəkəçilər 4-6 vedrəlik, tutacaqlı və hətta qapaqlı paraşalar düzəltdilər.

Aleksandr Solzhenitsyn heykəli, Vladivostok, Rusiya
Aleksandr Solzhenitsyn heykəli, Vladivostok, Rusiya

Dülgərlər dustaqlara yemək verilməsi üçün axurlar hazırladılar; şüşəçilər qapılarda gözlüklər açdılar; çilingirlər kilidlər asdılar və Xalq komissarı Yejovun mütərəqqi zamanında xüsusi ustalar olan şüşəçi-armaturçular məftilli armaturun üstünü bulanıq şüşəvari bir qarışımla örtərək misli görünməmiş əlavə barmaqlıqlar düzəltdilər.

Bu barmaqlıqlar sayəsində təhlükəli dustaqların görə biləcəyi türmə həyətinin sonuncu küncünü, türmə binası kimi istifadə olunan ehtiyatkar kilsəni və səmanın bir parçasını da bağladılar. Türməni idarə etmənin rahatlıq tədbirləri nəticəsində gözətçilərin çoxu ali təhsilsiz idi. Bu isə Butırka sanatoriyasının qəyyumlarını kameralara düz iyirmi beş yataq qoymağa sövq etdi. Bununla da bəsit riyazi hesabın əsası qoyuldu: dörd kamera - yüz baş, bir koridor - iki yüz baş dustaq.

Beləliklə, bu şəfaverici müəssisə nə cəmiyyətin qınağına, nə də dustaqların şikayətinə tuş gəlmədən uzun onilliklər boyu çiçəklənməkdə idi. Şikayətlərin və qınaqların olmamasını biz “Birja Xəbərləri” qəzetinin səhifələrində çox nadir rast gəlindiyindən, “İşçi və Kəndli Deputatların Xəbərləri” qəzetində isə yerli-dibli olmamasından bilirdik.

Ancaq zaman Butırka türməsinin müdiri - general-mayorun xeyrinə işləmirdi. Böyük Vətən Müharibəsinin ilk illərindəcə “bir kameraya 25 baş” normasını pozmalı və kameralara əlavə sakinlər yerləşdirməli oldu. Lakin onlara yataq çatmırdı.

Sakinlərin sayı nəhəng ölçülər aldığı zaman yataqlar birdəfəlik aşağı endirildi, üstlərindən kətan torba çıxarıldı və taxta oturacaqlar salındı. Müzəffər general-mayor və yoldaşları kameraya əvvəlcə 50 nəfər, Hitlerizm üzərində dünya miqyaslı tarixi qələbədən sonra isə 75 nəfər itələyib saldılar.

Bu hal belə, gözətçiləri çətinə salmadı. Gözətçilər bilirdilər ki, dəhlizdə artıq 600 baş var və onlara görə əlavə maaş ödəniləcək.

Belə bir tünlükdə dustaqlara kitab, şahmat və domino verməyin mənası yox idi, onsuz da hamıya çatmayacaqdı. Zamanla vətən xainlərinə verilən çörək payı azalırdı, balıq əti amfibiya və zərqanadlılar ətiylə əvəzlənirdi, kələm və gicitkən yerinə isə heyvan yemi verilirdi.

Beləliklə, imperatiçanın milli qəhrəmanı qandallayıb zindanda saxladığı qorxunc Puqaçov qalası “alağ” qalasına dönüşdü.

İnsan axını isə davam etdiyindən şifahi dustaq ədəbiyyatı yox olurdu. Dustaqlar artıq unutmuşdular, ya da bilmirdilər ki, onların sələfləri kətan torbaların üstündə kef çəkir, qadağan olunmuş kitablar oxuyurdular (o kitabları təkcə türmə kitabxanalarından çıxarmağı unutmuşdular).

Kameraya tüstülənən dəmir çəlləkdə ixtiozavr ətindən hazırlanmış bulyon və alaq doğramacı gətirilirdi - dustaqlar taxta oturacaqların üstünə çıxır, yer dar olduğundan çöməlib dizlərini sinələrinə sıxışdırır, əlləriylə ayaqlarına dəstək verərək küçə itləri kimi dişlərini qıcayaraq yeməyin taxta çanaqlara ədalətli bölünüb - bölünmədiyini izləyirdilər.

Üzlərini paraşadan pəncərə tərəfə döndərib çanaqlardan yemlənirdilər. Bundan sonra yataqların və yataq altlarının sakinləri yetmiş beş ağızdan həyatverici yeməyi marçıldadırdılar. Kameranın fəlsəfi sükütunu sadəcə bu səs pozurdu.

Və hər kəs razı idi. Həmkarlar ittifaqının “Əmək” qəzetində, habelə dini qəzet olan “Moskva Patriarxlığı Xəbərləri”ndə də şikayət yox idi. Bu kameraların arasında heç nə ilə diqqət çəkməyən 72-ci kamera da var idi.

O kameranın taleyi artıq cızılmişdi, amma naraların altında sakitcə mürgüləyən və naralarının üstündə söyüşən dustaqlar onları gözləyən dəhşətlərdən xəbərsizdilər.

Taleyüklü günün ərəfəsində onlar hər zaman olduğu kimi paraşanın yanındakı sement döşəmədə uzun-uzadı yatmağa hazırlaşırdılar. İstidən özlərini yelləyərək (kamera qışdan - qışadək havalandırılmırdı) milçəkləri öldürür və bir-birlərinə Norveçdə, İslandiyada, Qrelandiyada müharibə vaxtı günlərinin necə xoş keçdiyindən danışırdılar.

Uzun müddət ərzində yaranmış daxili zaman qavraması sayəsində dustaqlar bilirdilər ki, növbətçi gözətçinin onlara gözlükdən “Yat komandası artıq verilib, tez yatın!” deyə böyürməsinə beş dəqiqədən az vaxt qalıb.

Qəfildən açılan kilidlərin səsi eşidildi. Dustaqların ürəyi düşdü. Qapı açıldı və qapıda hədsiz həyəcanlanmış, ağ əlcəkli, qamətli kapitan göründü.

Onun arxasında leytenant və serjant ordusu vurnuxurdu. Dustaqlar əşyaları ilə birlikdə tam bir sükut içində dəhlizə çıxarıldılar (dustaqların arasında dərhal güllələnməyə aparıldıqları şayiəsi dolaşdı). Dəhlizdə hər dəfə on nəfəri irəli çıxarmaqla beş dəfə saydılar və həmin adamlara yataq torbalarınının bir hissəsini götürməyə macal vermədən qonşu kameralara saldılar.

Bu xoşbəxtlər yerdə qalan 25 nəfərin dəhşətli taleyini yaşamaqdan qaçındılar. Öz əziz 72-ci kamerasının yanında qalanların son gördükləri şey təmizlik işlərində istifadə olunan maye çiləyən cəhənnəm maşını oldu. Sonra onları sağ çiyinləri tərəfə döndərdilər, gözətçilərin açarlarının cınqıltısı və çırtma sədaları altında (bunlar Butırkada qəbul olunmuş gözətçilərin bir-birinə “Dustaq aparıram” siqnalı idi) çoxsaylı daxili polad qapılardan keçərək apardılar.

Çoxsaylı pilləkanlardan nə güllələnmə, nə də işgəncə zirzəmisi olmayan geniş bir dəhlizə düşürdülər. Bura dustaq əhlinə yaxşı tanış olan məşhur Butırka türməsinin hamamının soyunma otağı idi. Soyunma otağı o qədər zərərsiz, hər zamankı kimi görünürdü ki, dustaqlar bunda bir hiylə olduğunu düşündülər.

Hərzamankı divarlar, oturacaqlar, qırmızı və yaşıl rəngli döşəmə, sobalardan gurultuyla çıxan od, üstündə bitli dustaq geyimini asmaq üçün asılqanları olan dəmir arabalar.

Dustaqlar müqəddəs surələrinin 3-cü ayəsi olan “Verirlərsə götür“ əmrinə sadiq qalaraq, bir-birlərinin üzünə və dişlərinə yavaşca vuraraq qaynar asılqanlara öz cəfakar, rəngi solmuş və hər on gündən bir dezinfeksiya məqsədiylə od sobalarına salınmaqdan yanmış paltarlarını asdılar.

Və cəhənnəmin xidmətçiləri olan iki yaşlı qadın dustaqların artıq bezdikləri çılpaqlıqlarına fikir belə verməyərək, arabaları cəhənnəm alovuna tərəf sürüb sobanın dəmir qapısını bağladılar. 25 dustaq hər tərəfdən bağlanmış soyunma otağında qaldı.

Onlar əllərində yalnız burun dəsmallarını və ya onları əvəz edən cırılmış köynək artıqlarını tutmuşdular. Təbiətin bizə əvəzsiz bir hədiyyə olaraq bəxş etdiyi, oturmaq üçün yarayan orqanında bir az olsun ət olanlar - o xoşbəxtlər - isti daş oturacaqlarda oturdular

(Butırka hamamları öz cah-cəlalı ilə Sandunov hamamlarını çox geridə qoyurdu və hətta deyirlər ki, bəzi xaricilər, sırf bu hamamlarda çimə bilmək üçün özləri gəlib Fövqəladə Komissiyaya təslim olurdular).

Yumşaq yerdən başqa yerdə otura bilməyəcək qədər arıqlamış dustaqlar isə soyunma otağının bir başından o biri başına gəzişir, çılpaqlıqlarını örtməyə çalışmadan qızğın mübahisə edərək nələrin baş verdiyini anlamağa çalışırdılar.

Qidaya çoxdan həsrət idi

Onların ac təxəyyülü!

Lakin onları soyunma otağında o qədər uzun müddət saxladılar ki, mübahisələr səngidi, bədənləri sızanaqlarla örtüldü və axşam saat onda yatmağa öyrəşmiş mədələri doldurulmaq üçün həzin-həzin çağırışlar etməyə başladı. Dustaqlar arasında qalib gələn tərəf pessimistlər partiyası oldu.

Onlar iddia edirdilər ki, divarlardakı, döşəmədəki barmaqlıqlardan artıq zəhərli qaz axmağa başlayıb və indi onlar hamısı öləcəklər. Bəziləri hətta qazın iyindən özünü pis hiss etməyə başlamışdı.

Birdən qapı gurultuyla açıldı və hər şey dəyişdi! Hər zaman olduğu kimi əllərində qoyun qırxmağa yarayan paslı qırxlıqlar olan, çirkli xalatlı iki gözətçi içəri girmədi, onların üstünə dırnaqlarını sındırmaq üçün dünyanın ən küt qayçısını atmadı. Xeyr! Dörd bərbər köməkçisi üstündə odekolon, rəngsiz dırnaq boyası və hətta teatrlarda istifadə olunan pariklər olan 4 güzgülü araba gətirdi. Onların ardınca aralarında ikisi erməni olan 4 çox hörmətli bərbər içəri daxil oldu.

Qapının düz arxasında olan bərbərxanada isə dustaqların qasıqlarını incə yerlərə basaraq nəinki küt qırxlıqla qırxmadılar, hətta qulaqlarına “narahat etmirik ki” deyə pıçıldayaraq çəhrayı kirşan sürtdülər.

Onların başlarını nəinki daz qırxmadılar, hətta parik təklif etdilər. Onların çənələrini nəinki tər-təmiz sürtmədilər, hətta müştərilərin istəyinə uyğun olaraq gələcək saqqal və bakenbordlar üçün yer də saxladılar. Dustaqların qulluğuna dayanmış bərbər köməkçiləri də bu arada onların ayaq dırnaqlarını kəsirdi.

Nəhayət hamamın qapısında onların ovuclarına yuyunmaq üçün 20 qram üfunətli maye sabun tökmədilər. Bunun əvəzinə hamamın qapısında serjant dayanmışdı və dustaqlara imza atdırandan sonra süngər və tam çəkili “Yasəmən pərisi” sabunu verdi.

Sonra hər zaman olduğu kimi onları hamama salaraq doyunca çimməyə icazə verdilər. Amma dustaqlar çiməcək hayda deyildilər. Onların mübahisəsi Butırkanın qaynar suyundan da qaynar idi.

A. Solzhenitsyn, Rusiya, 1996
A. Solzhenitsyn, Rusiya, 1996

Bu dəfə onların arasında optimistlər partiyası qalib gəldi. Onlar iddia edirdilər ki, Stalin və Beriya Çinə qaçıblar, Molotov və Kaqanoviç katolisizmi qəbul ediblər, Rusiyada keçici sosial - demokrat hakimiyyət qurulub və artıq Təsisçi Məclisə seçkilər başlayıb.

Birdən hamamın artıq sizə tanış olan giriş qapısı gurultuyla açıldı. Bənövşəyi dəhlizdə dustaqları inanılmaz hadisələr gözləyirdi: hərəsinə bir dənə xovlu məhrəba və... bir kasa yulaf sıyığı verdilər. Ağzına qədər dolu bir kasa düşərgə zəhmətkeşinin altıgünlük porsiyasına bərabər idi!

Dustaqlar məhrəbalarını yerə atdılar və qeyri-adi sürətlə qaşıqsız və ya hər hansı bir başqa alətsiz sıyığı mədələrinə ötürdülər. Onların bu hərəkətləri hətta yaşlı türmə mayorunu belə təəccübləndirdi və o, əmr etdi ki, hərəsinə bir kasa da gətirsinlər.

Bir kasa da yedilər. Bundan sonra baş verənlər isə sizin heç birinizin ağlına gəlməz. Donmuş yox, çürümüş yox, qaralmış yox, demək olar ki, yeməli kartof gətirdilər!

- Belə şey ola bilməz - dinləyicilər etiraz etdilər. Bu, artıq inanılmazdır!

Bu vaxt duz gətirdilər, ancaq duza daha ehtiyac yox idi.

Amma hər şey məhz belə oldu! Düzdür, növü yaxşı deyildi, xırda və qabıqlı idi və bəlkə də doymuş olsaydılar dustaqlar onu yeməzdilər.

Ancaq hiylə ondan ibarət idi ki, kartofu paylara bölünmüş deyil, ümümi bir vedrədə gətirdilər.

Dəhşətli bağırtı ilə, bir-birlərini itələyərək və çılpaq belləri üstündə sürünərək dustaqlar vedrəyə doğru atıldılar, bir dəqiqədən sonra artıq boşalmış vedrə küylə daş döşəməylə yuvarlandı. Bu vaxt duz gətirdilər, ancaq duza daha ehtiyac yox idi. Bu zaman ərzində dustaqların yaş bədənləri artıq qurumuşdu.

Qoca mayor dustaqlara məhrəbalarını yerdən götürməyi əmr etdi və nitqinə başladı.

- Əziz qardaşlar! - o dedi. – Siz hamınız, kiminiz on il, kiminiz isə iyirmi beş il müddətinə xırda qəbahətlərinizə görə keçici olaraq cəmiyyətdən təcrid edilmiş, namuslu sovet vətəndaşlarısınız. Bugünə qədər marksist-leninist məktəbinin humanistliyinə, partiyanın və hökümətin açıq-aydın ifadə edilmiş iradəsinə, şəxsən yoldaş Stalinin dəfələrlə verdiyi göstərişlərə baxmayaraq, Butırka türməsinin müdiriyyəti tərəfindən ciddi səhvlərə yol verilib. Bu səhvlərin düzəldilməsi zamanı artıq gəlib çatıb (“Evə buraxacaqlar”-dustaqlar utanmaz-utanmaz düşündülər). Bundan sonra sizi sanatoriya şərtlərində saxlayacağıq (“Yatmağa davam” deyə ruhdan düşdülər). Sizə bundan əvvəl icazə verilənlərə əlavə olaraq icazə verilir:

a) öz tanrılarınıza ibadət etmək;

b) gündüz vaxtı da yataqlarınızda uzanmaq;

c) istədiyiniz zaman ayaqyoluna getmək;

d) memuar yazmaq;

Sizə qadağan olunanlara əlavə edilən qadağalar:

a) dövlət əmlakı olan pərdələrə və mələfələrə burnunuzu silmək;

b) əlavə yemək istəmək;

c) kameraya yüksək çinli qonaqlar gəldiyi vaxt müdriyyətə qarşı çıxmaq və ya müdriyyətdən şikayət etmək;

d) masadan icazəsiz “Kazbek” siqareti götürmək.

Bu qaydalardan hər hansı birini pozacaq şəxs on beş sutkalıq soyuq karserə salınacaq və yaxınlarıyla məktublaşma haqqı əlindən alınaraq uzaq düşərgələrə göndəriləcək. Aydındır?

Mayor nitqini bitirdikdən sonra guruldayan arabalar dustaqların cırıq paltarlarını dəmir sobadan çıxarmadı, xeyr! - cır-cındırları udan cəhənnəm alovu onları qaytarmadı! Bunun yerinə dörd cavan təsərrüfat işçisi içəri girdi və mavi rəngli ipək alt paltarları paylamağa başladı.

Gənc xanımlar utanıb-qızararaq, məftunedici təbəssümləriylə dustaqlara ürək-dirək verirdilər ki, kişi olaraq onlar üçün hələ hər şey bitmiş sayılmaz.

Sonra dustaqlara sintetik köynəklər, tünd rəngli qalstuklar, parlaq sarı rəngli amerikan çəkmələri və süni yundan tikilmiş kostyumlar verdilər.

Dəhşət və sevincdən dili tutulmuş dustaqları yenidən öz 72-ci kameralarına apardılar.

Aman Allah, otaq necə də dəyişmişdi! Artıq dəhlizdəykən onlar ayaqlarının altında kilim hiss etdilər. Kameraya girərkən isə onları təmiz havanın əsintisi bürüdü və ölümsüz günəşin şüaları düz gözlərinə vurdu (bütün bu tədarüklər sırasında artıq səhər açılmışdı).

Məlum oldu ki, gecə ərzində barmaqlıqlar mavi rəngə boyanıb, pəncərələrdən əlavə barmaqlıqlar çıxarılıb və həyətin içində yerləşən keçmiş Butırka kilsəsinin üstünə mütəhərrik güzgü quraşdırılıb. Bu güzgüyə təhkim edilən xüsusi gözətçi onu elə çevirirdi ki, güzgüdə əks olunan günəş şüaları hər zaman 72-ci kameranın pəncərələrinə düşsün.

Hələ dünənə qədər tünd zeytun rəngində olan kamera divarları indi açıq rəngli boyayla boyanmışdı. Divarların bir çox yerində göyərçinlər və “Biz sülh tərəfdarıyıq!”, “Dünyaya sülh!” şuarları əks olunmuşdu. Taxtabitili oturacaqlar sanki burda heç vaxt olmamışdı.

Yataq kənarlarına kətan üzlüklər salınmışdı, yataqların üstündə quş tükündən mütəkkələr və yastıqlar düzülmüşdü, yatağın üstünə salınmış adyalın altından isə bəyazlığıyla işıq saçan mələfə və yorğanağı görünürdü.

İyirmi beş yatağın hər birinin yanında dolabçalar, divarlar boyunca Marks, Engels, müqəddəs Avqustin və Foma Akvinskinin kitablarıyla dolu rəflər düzülmüşdü.

Kameranın ortasında kraxmallanmış süfrə ilə örtülü masa var idi. Masanın üstündə içində güllər olan güldan, külqabı və açılmamış Kazbek siqareti var idi (Bu möcüzəvi gecənin bütün xərcini mühasibatda rəsmiləşdirmək mümkün olmuşdu. Təkcə “Kazbek” siqaretini hesabatın heç bir bəndinə uyğunlaşdırmaq mümkün deyildi. Türmə rəisi öz puluna “Kazbek”lə lovğalanmağa qərar vermişdi və elə bu səbəbdən Kazbekə görə cəza bu qədər ağır idi).

Hamısından daha çox paraşa qoyulan künc dəyişilmişdi. Divar tərtəmiz yuyulmuş və rənglənmişdi, yuxarı rəfdə Müqəddəs Məryəmin ikonasının önündə böyük çıraq yanırdı, Möcüzəkar Müqəddəs Nikolayın libası digər rəfdə dalğalanırdı, rəfin üstündə katolik Madonnasının ağ heykəli yüksəlirdi, dayaz taxçaya isə İncil, Quran, Talmud və balaca tünd rəngli Budda heykəlciyi qoyulmuşdu. Buddanın gözləri biraz qıyılmış, dodaqlarının küncləri azca qaçantəhər olmuşdu və qaralmış bürünc heykəlcik adamda elə təəssürat yaradırdı ki, Budda gülümsəyir.

Sıyıq və kartof yeməkdən doymuş və təəssüratların çoxluğundan sarsılmış dustaqlar soyundular və dərhal yuxuya getdilər. Xəfif külək kameranı milçəklərdən qoruyan pərdəni yelləyirdi. Gözətçi qapının yanında durmuş və heç kimin “Kazbek” çırpışdırmaması üçün qarovul çəkirdi.

Beləcə, onlar günortaya qədər mürgüləyək kef çəkdilər. Birdən ağ əlcəkli, çox həyəcanlanmış kapitan özünü içəri atdı və qalxma əmri verdi.

Dustaqlar cəld geyindilər və yataqlarını səhmana saldılar. Tələsik kameraya ağ süfrəylə örtülmüş yumru bir masa gətirildi və üstünə “Oqonyok”, “SSSR na stroyke” və “Amerika” jurnalları düzüldü. İçəri habelə iki diyircəkli, üzlənmiş köhnə kreslo da gətirdilər - və dözülməz sükut çökdü.

Kapitan yataqların arası ilə barmaqlarının üstündə gəzərək, gözəl, ağ rəngli taxtayla “Amerika” jurnalına əl uzadanların barmaqlarına vururdu. Dustaqlar dözülməz bir sükut içində gözləyirdilər.

Sizin öz şəxsi təcrübənizdən də bildiyiniz kimi, dustağın ən vacib duyğusu eşitməkdir. Dustağın görmə qabiliyyəti əsasən divarlar və barmaqlıqlarla məhdud olur, burunları üfunətlə dolmuş olur, barmaqları üçün isə yeni əşyalar olmur. Ancaq eşitmə qabiliyyəti son dərəcə inkişaf edir.

Dəhlizin ən uzaq küncündən gələn səs belə dərhal eşidilir. Bu uzaq səs türmədə baş verən hadisələrə şərh verir və zamanı ölçür: çay üçün qaynar su gətirirlərmi, gəzintiyəmi çıxarırlar, kiməsə evindən sövqatmı gətiriblər...

A.Solzhenitsyn, Rusiya, 1994
A.Solzhenitsyn, Rusiya, 1994

Əsrarəngiz hadisələrin açmasını da elə qulaq tapdı: 75-ci kamera tərəfdən polad qapı açıldı və dəhlizə çoxlu insan daxil oldu.

Onların tutqun səsləri və kilimin boğduğu ayaq səsləri eşidildi.

Səslərindən də aydın olduğu kimi, aralarında qadınların da olduğu adamlar 72-ci kameranın düz qarşısında dayandılar.

Butırka türməsinin rəisi onlara müraciət edərək mehribanlıqla dedi:

“Yəqin ki, xanım Ruzveltə kameraların birini ziyarət etmək maraqlı olar. Hansına girək, görəsən? Elə ilk rastımıza çıxan kameraya girək. Məsələn, bu 72-ciyə. Qapını açın, serjant!”

Və kameraya xanım Ruzvelt daxil oldu. Onu katib, tərcüməçi, iki adlı-sanlı xanım, türmə rəisi, Daxili İşlər Nazirliyi əməkdaşı formasında və mülki geyimdə olan bir neçə şəxs müşaiyət edirdi. Ağ əlcəkli kapitan isə kənarda dayandı.

Dünyasını dəyişmiş prezidentin dul xanımı olan bu qadın qabaqcıl və fərasətli insan idi. İnsan haqlarının qorunması uğrunda çox işlər görmüş xanım Ruzvelt, Amerikanın mərd müttəfiqini ziyarət etməyə qərar vermişdi.

O, Birləşmiş Millətlərin Yardım və Bərpa administrasiyasının yardımının necə paylandığını öz gözləriylə görmək istəyirdi. (Amerikaya zərərli şayiələr çatmışdı ki, guya administrasiyanın göndərdiyi ərzaqlar xalqa çatmır).

O, həm də Sovetlər İttifaqında dini etiqad azadlığının hansı vəziyyətdə olduğunu görmək istəyirdi. Ona artıq adi sovet vətəndaşlarını (əslində isə paltarlarını dəyişmiş partiya və Dövlət Təhlükəsizlik Nazirliyin əməkdaşlarını) göstərmişdilər.

Əyinlərində iş paltarları olan bu sadə vətəndaşlar Birləşmiş Ştatlara təmənnasız yardım üçün öz təşəkkürlərini bildirmişdilər. İndi isə xanım Ruzvelt təkid etdi ki, onu türməyə aparsınlar.

Onun arzusu çin oldu. O, kresloların birində əyləşdi, onu müşayiət edən heyət xanımın ətrafında özünə yer elədi və tərcüməçi vasitəsiylə söhbət başladı.

Mütəhərrik güzgüdə əks olunan günəş şüaları kameraya vurmağa davam edirdi. Küləyin xəfif nəfəsi pərdələri tərpədirdi. “Təsadüfi seçilmiş” kamerada belə, möhtəşəm təmizliyin hökm sürməsi, milçəklərin olmaması və bazar günü olmasına baxmayaraq, müqəddəs guşədə çırağın yandırılması xanım Ruzveltin çox xoşuna gəldi.

Dustaqlar əvvəl-əvvəl çəkinir və yerlərindən tərpənmirdilər, ancaq tərcüməçi yüksək çinli qonağın “Havanın təmizliyinə riayət üçünmü dustaqlardan heç biri siqaret çəkmir?” sualını tərcümə edər–etməz dustaqlardan biri ədəbsiz ədayla ayağa qalxdı, “Kazbek” qutusunu açdı, özünə siqaret yandırdı və birini də yoldaşına uzatdı. General-mayorun üzü bozardı.

- Biz siqaretlə mübarizə aparırıq - ifadəli şəkildə o dedi. - Çünkü tütün zəhərdir.

Dustaqlardan biri masaya yaxın oturdu və nəyəsə görə çox tələsik şəkildə “Amerika” jurnalını vərəqləməyə başladı.

- Bu insanlar nəyə görə cəzalandırılıblar? Məsələn, jurnal oxuyan bu cənab?- yüksək çinli qonaq soruşdu. (Bu cənab, amerikan turistiylə təsadüfi tanışlığa görə 10 il iş almışdı.) General-mayor cavab verdi:

- Bu adam – Hitlerin sadiq tərəfdarıdır. O gestapoda xidmət edib, bir rus kəndini şəxsən yandırıb və üzr istəyirəm, 3 rus kəndli qızını zorlayıb. Onun öldürdüyü körpələrin sayı - hesabı yoxdur.

- O, öldürülməyə məhkum olunub?!- xanım Ruzvelt qışqırdı.

- Yox, yox! Biz ümid edirik ki, o, düzələcək. Ona 10 illik namuslu əmək hökmü verilib.

Dustağın üzündə əzab əks olunmuşdu, amma o, söhbətə qarışmır və acgözlüklə jurnalı oxumağa davam edirdi.

Bu dəmdə boynunda böyük sədəfli xaç olan keşiş “təsadüfən” kameraya daxil oldu. Bəlliydi ki, keşiş üçün bu gündəlik işinin bir hissəsi idi və buna görə də o, müdiriyyəti və əcnəbi qonaqları görüncə çox karıxdı. O, hətta qayıtmağa cəhd etdi, amma onun təvəzökarlığı xanım Ruzveltin xoşuna gəldi və keşişdən öz borcunu yerinə yetirməyi xahiş etdi. Keşiş dərhal özünü itirmiş dustaqlardan birinə İncil verdi, digərinin yatağının üstündə oturdu və təəccübdən dəhşətə gəlmiş dustaqdan soruşdu:

- Beləliklə, mənim oğlum, keçən dəfə siz məndən Tanrımız İsa Məsihin əzabları haqqında danışmağımı istəmişdiz.

Məşhur xanım dustaqların səmimi narazılıqlarını görürdü, onların ürəkdən gələn qışqır-bağırlarını eşidirdi və buna görə də tərcüməni daha maraqla dinlədi.

Xanım Ruzvelt general - mayordan xahiş etdi ki, elə onun yanındaca dustaqlardan soruşsun: Birləşmiş Millətlər Təşkilatı adına bir şikayətləri yoxdur ki?

General-mayor təhdidedici səslə soruşdu:

- Diqqət, dustaqlar! Sizə deyilməmişdi “Kazbek”ə əl vurmayın? Könlünüzdən karser keçir?

Və o ana qədər səssizliyə qərq olmuş dustaqlar eyni anda hiddətlə etiraz etdilər:

- Yoldaş rəis, siqaretimiz yoxdur axı!

- Qoyun ciyərlərimiz bayram eləsin də!

- Tütünüm o biri şalvarımın cibində qalmışdı!

- Biz qadağan olduğunu bilmirdik!

Məşhur xanım dustaqların səmimi narazılıqlarını görürdü, onların ürəkdən gələn qışqır-bağırlarını eşidirdi və buna görə də tərcüməni daha maraqla dinlədi:

- Onlar Amerikadaki zəncilərin ağır həyat şəraitinə yekdilliklə etiraz edirlər və BMT-dən bu məsələni araşdırmağı xahiş edirlər.

Beləliklə, xoş söhbət əsnasında on beş dəqiqəyə yaxın vaxt keçdi. Bu anda dəhliz növbətçisi türmə rəisinə nahar yeməyinin hazır olduğunu məruzə etdi.

Qonaq, çəkinməyə ehtiyac olmadığını və yeməyi elə onun yanındaca paylamaqlarını xahiş etdi.

Xanımlar şokdaydılar, amma tərcüməçi onlara izah etdi ki, bu milli rus ənənəsidir.

Qapı açıldı və yaraşıqlı cavan ofisiant xanımlar (deyəsən, elə səhərki təsərrüfat işçiləri idi) toyuqlu əriştə şorbasını boşqablara çəkməyə başladılar.

Bir saniyə içində o vaxta qədər abırlı olan dustaqlar tamamilə dəyişildi: onlar çəkmələrini çıxarmadan yataqlarına atlandılar, çömələrək dizlərini sinələrinə sıxdılar və əlləriylə ayaqlarına dəstək verdilər. Bu it duruşunda dişlərini qıcıyaraq əriştənin ədalətli bölünməsini izlədilər. Xanımlar şokdaydılar, amma tərcüməçi onlara izah etdi ki, bu milli rus ənənəsidir.

Dustaqları masa arxasında oturmağa və mis qaşıqla yeməyə dilə tutmaq əbəs idi. Onlar hardansa öz köhnə taxta qaşıqlarını çıxardılar və keşiş yeməyə xeyir-dua verən kimi, ofisiant qızlar boşqabları yataqlara tərəf apardılar.

Masanın üstünə sümükləri atmaq üçün qab qoyulmuşdu, ancaq ona ehtiyac olmayacaqdı. Eyni anda dəhşətli sorma səsi, sonra isə toyuq sümüklərinin xırçıltı səsi eşidildi və boşqablara qoyulmuş hər şey birdəfəlik yox oldu.

- Bəlkə onlar acdılar? - narahat olmuş qonaq axmaq bir fikir bildirdi - Bəlkə onlar yenə istəyirlər?

- Kimsə əlavə istəyir?- general xırıltılı səslə soruşdu.

Ancaq düşərgənin müdrik “müstəntiq özü əlavə edər” ifadəsini yaxşı bilən dustaqlar əlavə boşqab istəmədilər, amma küftəli plovu da eyni ifadəolunmaz cəldliklə uddular. Kompot isə iş günü olduğuna görə verilmədi.

Bədniyyətli insanların Qərb dünyasında buraxdıqları şayiələrin yalan olduğundan əmin olduqdan sonra xanım Ruzvelt öz müşayiət heyəti ilə dəhlizə çıxdı və dedi:

- Bu bədbəxtlərin hərəkətləri necə də kobud, inkişafları necə də aşağıdır! Ancaq ümüd etmək olar ki, onlar on il ərzində burda mədəniyyət öyrənərlər. Sizin türməniz möhtəşəmdir!

Alexander Solzhenitsyn
Alexander Solzhenitsyn

Keşiş müşaiyiət heyətinin arasına qarışaraq, qapı bağlanmadan kameradan özünü çölə atdı.

Qonaqlar dəhlizdən gedəndən sonra ağ əlcəkli kapitan hövlnak kameraya girdi:

- Qaaaalx!- o qışqırdı. İki-iki düzül! Kameradan çıx!

Bir kələkbaz dustaq memuar yazma icazəsini hərfi mənada başa düşüb və hamı yatdığı vaxt, səhərdən artıq iki fəsil cızma-qaralayıb: “Mənə necə işgəncə verirdilər” və “Lefortovo məhkəməsindəki görüşlərim”.

Və görəndə ki, onun sözləri hamı tərəfindən düzgün başa düşülməyib, kapitan geridə qalanlara çəkməsinin altıyla əlavə olaraq izah etdi.

Ancaq burda məlum oldu ki, bir kələkbaz dustaq memuar yazma icazəsini hərfi mənada başa düşüb və hamı yatdığı vaxt, səhərdən artıq iki fəsil cızma-qaralayıb:

“Mənə necə işgəncə verirdilər” və “Lefortovo məhkəməsindəki görüşlərim”.

Memuarlar anındaca müsadirə edildi və təşəbbüskar yazıçıya qarşı yeni cinayət işi açıldı - dövlət təhlükəsizliyi orqanlarına həyasızca böhtana görə.

Və yenidən “dustaq aparıram” siqnalları verərək onları çoxsaylı polad qapılardan keçirib soyunma otağına apardılar. Orada onların əyinlərindən mavi ipək alt paltarına qədər hər şeyi çıxardılar və xüsusi səylə axtarış apardılar.

Axtarış zamanı dustaqların birinin ovurdundan üzərində dua yazılmış, İncildən qoparılmış bir kağız parçası tapdılar. Buna görə də onun hər üzündən bir şillə vurdular.

Dustaqlardan süngərləri və “Yasəmən pərisi” sabununu da aldılar və buna görə də qol çəkməyə məcbur etdilər.

Əllərində küt qırxlıq olan iki çirkli xalatlı gözətçi içəri girdi və dustaqların qasıqlarını, sonra isə eyni qırxlıqla yanaqlarını və başlarını qırxdılar.

Nəhayət hər birinin ovucuna 20 qram üfunətli sabun tökdülər və onları hamama salıb qapını bağladılar. Əlac yox idi, dustaqlar yenidən çimməli oldular.

Sonra alışılmış gurultuyla giriş qapısı açıldı və onlar bənövşəyi dəhlizə çıxdılar. Cəhənnəm qulluqçuları olan iki qoca qadın dəmir sobalardan arabaları çıxardı. Qaynar asılqanlardan bizim qəhrəmanlarımıza tanış olan nimdaş paltarlar asılmışdı.

Dustaqlar boyunlarını bükərək 72-ci kameraya qayıtdılar. Orada, əvvəlki taxtabitili oturacaqlarda onların yoldaşları uzanmışdı və baş verənləri öyrənmək üçün səbirsizlənirdilər.

Pəncərələrə yenidən əlavə barmaqlıqlar taxılmış, göyərçinlər tünd zeytun rəngli boyanın altında gözdən itmişdilər, küncdə isə dörd vedrəlik paraşa var idi.

Taxçada unudulmuş balaca bürünc Budda isə müəmmalı şəkildə gülümsəyirdi...

XS
SM
MD
LG