Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir ay öncə həbs edilən iki fəalı – Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevlə bağlı istintaq yekunlaşıb. Dövlət əleyhinə çağırışlarda suçlanan bu şəxslərin işi yaxın günlərdə məhkəməyə göndəriləcək. Bu barədə AzadlıqRadiosuna Z.Əsgərovun vəkili Nemət Kərimli bilgi verib.
Vəkil bildirib ki, artıq istintaqın başa çatdığını nəzərə alaraq, Z.Əsgərovun ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib. Vəsatətə aprelin 10-da Binəqədi rayon Məhkəməsində baxılıb.
"Artıq istintaq bitib, şahidlərə təsir göstərməsi ehtimalı ilə bağlı göstərilən əsas da aradan qalxıb. Zaur Əsgərovu həbsdə saxlamaq üçün heç bir əsas yoxdur", - N.Kərimli belə deyib.
Di gəl, məhkəmə vəsatəti təmin etməyib və cəbhəçi ev dustaqlığına buraxılmayıb.
Müdafiəçi Z.Əsgərovun dövlət əleyhinə çağırışlar ittihamını qəbul etmədiyini bildirib.
G.Mirzəyev və Z.Əsgərov martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham verilib. Bu maddədə 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Bu iş üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
"Partiyada zorakı çağırışlar heç bir şəkildə qəbul edilmir"
Martın 29-da AXCP G.Mirzəyevin partiya üzvlüyündən çıxarıldığını açıqladı. Bildirildi ki, partiyanın Binəqədi rayon şöbəsinin Məclisi bu haqda qərar qəbul edib. İddia olunur ki, səbəb G.Mirzəyevin partiyanın nizamnamə və məramını pozmasıdır: "Təbii ki, Gündüz bəyin qanuni hüquqları bütün vətəndaşlarımız kimi müdafiə olunacaq. Amma partiya nizamnaməsini və məramını ciddi şəkildə pozan kimsə partiya sıralarında qala bilməz. Bizim yolumuz demokratiya, hüquqi dövlət qurmaq yolu, mübarizəmiz də konstitusiondur, sivildir. Partiyada zorakı çağırışlar heç bir şəkildə qəbul edilmir".
AXCP-dən bildirilib ki, hazırda partiyanın 15 nəfərdən çox üzvü həbsdədir. Onlar özlərini təqsirli bilmir, siyasi baxışlarına görə sifarişlə həbs olunduqlarını deyirlər.
Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını, həbs edilənlərin konkret faktlara görə saxlandığını bildirirlər.