-
"Hakimiyyətin gücü başqa şeylərlə yanaşı, həm də utopiyanı bizim şüurumuzdan silməsidir."
"Gənc fədakarlıq edir, qızın gözəl yaşıl gözlərindən həyəcanlanır, öz maşınına deyil, qızın maşınına salır petrol pompasını."
Nərmin Kamal
Utopiyaya inanmayan cəmiyyət
Kommunizm çökəndən sonra bizdə bir səhv qənaət formalaşdı. Bu səhv qənaətə görə, kommunizm qürub edibsə, utopiya da etibarsızdır. Utopiya ictimai şüurumuzdan çıxdı. Utopiya arxaik bir şey hesab olundu.
Söhbət 1990-cı illərin axırlarından gedir. Yadıma gəlir ki, həmin vaxt nəinki utopiyaya, hətta "ictimai şüur" söz birləşməsinə qarşı humanitar elmlərin adamlarında böyük ikrah yaranmışdı.
Biz Sovetdən sonra yer üzündə insan üçün ideal bir cəmiyyət qurmaq mümkün olmadığına inandıq.
İndi müxtəlif ağızlardan səslənən - “Hər yanda belədir, bütün dünyada vəziyyət pisdir, televizorda görürük, hər yanda yaşamaq çətindir, tək bizdə belə deyil ki. İdeal dövlət harda var” arqumentinin arxasında da utopiyaya inamın itməsi dayanır. Əvvəllər biz "hər yer pis ola bilər, biz parlaq gələcəyə doğru gedirik" söyləyirdik, o zaman utopiyaya inanırdıq. Xəstə utopiya, sağlam utopiya, bu, başqa mövzudur.
Kommunizm qürub edəndən sonra sosial hərəkatlara, fəhlə-kəndli, zəhmətkeş həmrəyliyinə də inam itdi. Utopiyaya inam sındırıldığına görə, insanların böyük sosial hərəkatlara başlamaq motivi yoxdur.
Sosial nailiyyətlərin sosial hərəkatlarla əldə olunmasına daha inanmırlar.
Utopiya bizim ictimai şüurumuzdan yerli-dibli götürülüb. Vətəndaş ölkəsindən gözəl gələcək gözləmir, özündə ideal gələcəyə canatma hiss etmir. Sözü-söhbəti budur: “Hər yanda belədir, bizdə də”, “ideal ölkə harda var ki”.
Hakimiyyətin gücü başqa şeylərlə yanaşı, həm də utopiyanı bizim şüurumuzdan silə bilməsidir.
Utopiyaya inanmayan cəmiyyət məsuliyyətsiz olur. İnanır ki, onsuz da heç nə əla ola bilməz, onsuz da heç nə onun istədiyi kimi ola bilməz. Yaxşı gələcək üçün özünün də məsuliyyət daşıdığını hiss etmir.
“Parlaq gələcək, “gözəl gələcək” ifadələri dilimizdən yoxa çıxıb. Deməzdim ki, pafoslu olduğu üçün. Axı başqa pafoslu sözlər dipdiridir...
İntiharlar haqqında çox psixoloqlar danışırlar, çox siyasətçilər susurlar, ancaq məktəblinin intiharından tutmuş bankda özünü yandıran kişiyə qədər, əksər intiharların arxasında dayanan geniş fəlsəfi səbəb budur: utopiyaya inam sındırılıb. Qərb cəmiyyətlərindəki intiharlara da aiddir bu səbəb.
İndiki vəziyyətdə ziyalılar nə edə bilərlər?
Ziyalılar, intellektuallar utopiyaya inamı bərpa etməli, daha doğrusu, yeni Azərbaycan utopiyasını yaratmalıdırlar. Əgər oturub hökumətin nə qərar verəcəyini gözləməyən vətəndaşlar, sosial hərəkat, sosial dövlət istəyiriksə, intellektuallara bu təvazökar, vacib məsuliyyət düşür.
İstənilən cəmiyyət praqmatizm və utopiya arasında inkişaf edir. İnsanlar indi qarşılarına "Kreditdən qurtarım", "dollar kreditini manat edim", "işıqpulum silinsin" kimi məqsədlər qoyurlar. Bu, praqmatizmdir.
"Necə edim ki, bu gün dövlət pulundan özüm üçün pul silim", "filankəsdən nə qədər qopara bilərəm", "filan layihədən nə qədər xeyrim olacaq"... - bu da qarşı tərəfin praqmatizmidir. Praqmatizm var, ortaq utopiya yoxdur.
Camaatda öz əllərində olan xoşbəxt gələcək haqda fikir yoxdur. Bu utopiyaya inam onlara öz məsuliyyətlərini hiss etdirə, meydanlarda qanlı vurhavurlar etmədən sabit, ardıcıl sosial hərəkata, yeni həmkarlar ittifaqlarına, kəndli söz biriklərinə gətirib çıxara bilərdi.
Etiraz etmək məsələsində xalqın payı böyükdür. Fəhlələr, neft çıxaranlar, soğan əkənlər, o insanlar ki, ömür boyu zəhmət çəkiblər, əlləri qabar-qabardır, o adamların sosial sahədə daha çox təcrübələri və bildikləri var, nəinki nazik əlli ziyalının. Ancaq sosial hərəkatın olub-olmayacağı xalqdan olduğu qədər intellektuallardan da asıldıır. Azərbaycanın yeni utopiyasını, gələcək layihəsini hazırlamaq ziyalıların, intellektualların məsuliyyətidir.
Necə ki, peyğəmbərlər cənnət layihəsi yazır, sıravi dindarlar da ora düşmək uğrunda çalışıb-vuruşurlar. Ziyalılar Azərbaycanın yeni utopiyasını yaratmalıdırlar. Xalq və ziyalı yenə, tarixin bütün dövrlərində olduğu kimi, bu işin iki vacib həmkarlarıdır.
"Qabaqcadan fikirləşməliydim"
Yazıçı Italo Calvino'nun “Petrol Pump” adlı bir hekayəsini oxudum bu gün. Hekayə belə başlanır:
“Qabaqcadan fikirləşməliydim, indi çox gecdir. Gecə 1-in yarısıdı, yadımdan çıxıb benzin vurdurmamışam, saat 3-ə qədər bütün benzin stansiyaları bağlı olacaq.”
1973-cü ilin İlk Neft Şoku dövründə yazılıb, çox xoşuma gəldi bu hekayə.
Bir dostum deyir ki, bizlərdə hekayənin məzmununu yazırlar, belə olmaz, məzmun yazmaq düzgün deyil. Ancaq nə edim, bilirəm, indi məzmununu danışmasam, çox ölərilər oxumayacaq bu hekayəni, ona görə yenə də danışım, deyirəm:
Qəfil neft kasadlığı düşür şəhərə, bu zaman bir gənc özünü danlayır ki, həmişəki kimi məsuliyyətsizlik elədim, indinin işini sonraya saxladım, maşını benzinlə vaxtında doldurmadım.
Stansiya açılır. Gecə saat 3. Özünəxidmət benzin stansiyasında təşvişlə hərə öz maşınına benzin vurmağa çalışır, son bir neçə litr qalıb, ya bəlkə heç o da qalmayıb.
Gənc də öz maşını üçün çalışır. Bu vaxt benzin stansiyasında maşınını saxlayan bir qız onu stansiyanın işçisi sayır, "doldur" sifarişi verir. Gənc fədakarlıq edir, qızın gözəl yaşıl gözlərindən həyəcanlanır, öz maşınına deyil, qızın maşınına salır petrol pompasını. Özü də bu fədakarlığı bilə-bilə edir.
Cihaz hərəkətə gələcəkmi? Benzin bitibsə, cihaz susacaq. Gənc ürəyində deyir: "Əgər bir neçə saniyə də sükut olsa, (benzin gəlməsə), onunla əl-ələ tutub qaçardım" - hekayə belə tamamlanır.
Şərh edəsi olsaq: neft olmayanda, maşın dayanandan sonra da insan xoşbəxt ola bilir. Kişinin utopiyası maşın deyil, qadındır.
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)