Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:11

Azərbaycan yazarlarının ideal cəmiyyəti necədir? SORĞU


Futuristik rəsm
Futuristik rəsm

- Azərbaycan yazarları arasında sorğu keçirdik:

Sənin İdeal cəmiyyətin necə olardı? Şəhər, kənd, qəsəbə, ölkə - fərqi yoxdur.

Sorğumuza cavab verən yazarların fikirlərini təqdim edirik. Sıralama şərtidir.

Rasim Qaraca:

Rasim Qaraca
Rasim Qaraca

Uşaq vaxtı yaşadığım küçədə maşınlar 100 metrəlik bir məsafədən sonra sağa burulub gözdən itərdi. Onların hara yox olduğunu maraq edərdim. Təsəvvürümdə canlandırmağa çalışardım.

Maşınların burulduğu yerdən o tərəfdə mənim nağıllar dünyam başlanardı: sirli, sehirli bir dünya... Bir gün təcili yardım maşını sürən bir qohumumuz biz uşaqları maşınına doldurub, gəlin sizi gəzdirim, dedi.

Mənim üçün böyük sevinc idi bu, öz nağıl dünyama səyahət edəcəkdim. Ən qəribəsi də o idi ki, maşın UAZ tipli pəncərəsiz bir maşındı. Nağıl dünyama qapalı qutuda gedib geri dönməyimiz sevincimi əsla azaltmamışdı.

Ağlım kəsəndən bəri ilk dəfə reallığın sərhədlərini aşıb xəyal dünyasına səfər etmişdim... Qeyri-adi bir gəzintiydi. Qapalı maşında bir müddət yırğalanmış, heç bir şey görmədən geri qayıtmışdıq...

Bu kiçik hadisə mənim gerçəkliyimin və utopiyalarımın kiçik modeli kimidir. Xəyallarım uğrundakı kor döyüşümün kiçik modeli... Bu sizin sorğunuza birbaşa cavab olmadı, ancaq qoy cavablardan biri də belə olsun...

Niyazi Mehdi:

Niyazi Mehdi
Niyazi Mehdi

İdeal cəmiyət düşüncələrindən duyğulanmaq pilləsinə hələ qalxmamışam.

...Bəzən Batını o ideala yaxınlaşmış sayıram, di gəl sonra sadəlövhlükdə utanıram.

Aygün Aslanlı:

Aygün Aslanlı
Aygün Aslanlı

Mənim ideal cəmiyyətimdə millətlər və sərhədlər olmazdı, yalnız insanlar.

Vahid bir dövlət olardı, amma indi bildiyimiz kimi yox. Hegelin anlamında dövlət.

Hər kəs öz işi ilə məşğul ola bilsin deyə, insanların həyatını yüngülləşdirmək üçün yaradılmış vahid bir qurum, qanunlar toplusu. Bircə qorxu qadağan olunardı.

Gənc şair Ramil Əhməd:

Ramil Əhməd
Ramil Əhməd

Yaşadığımız dünyada ideal nəsə axtarmaq cəhdlərimiz əbəsdi. İdeallıq ancaq film, roman, şeir, rəsmlərdəki qurmaca dünyada mümkündür.

Bu dünya bizim xəyal gücümüzün məhsulu deyil və biz dünyadan razı deyilik, amma sənətin vasitəsilə içində yaşadığımız dünyadan yüz dəfə daha gerçək, ədalətli bir dünya yarada bilirik.

Konkret olaraq, ideal cəmiyyəti necə təsəvvür etməyimə gəldikdə isə birincisi, qurmaca dünyada belə, ideallıq nisbidir, ikincisi, belə bir cəmiyyət çox monoton, rəngsiz olardı.

Nizaminin "Xoşbəxtlər ölkəsi"ndəki obrazlara fikir verin, onlar insandan daha çox rahibə, peyğəmbərə, müqəddəsə bənzəyirlər.

Elnur Astanbəyli:

Elnur Astanbəyli
Elnur Astanbəyli

Utopik ideyalar mənə heç vaxt maraqlı, cəlbedici görünməyib. Ona görə yox ki, reallıqdan çox uzaqdırlar, ona görə ki, birrənglidirlər.

Hamıda və hər şeydə mükəmməllik – sizcə də bu, həyatı çox boz, maraqsız və mənasız etməzdimi? Hamı və hər şey mükəmməldirsə, yaşamağın hansı anlamı qalır?

İnsanı mübarizələr, mücadilələr, çəkişmələr möhkəmlədir, bərkidir. İnsan ziddiyyətlərin, təzadların, absurdların, qarşıdurmaların övladıdır.

Onların sayəsində güclüdür, ağıllıdır, müdrikdir, yaxud əksinə. İndi təsəvvür edin ki, bunların heç birinə gərək yoxdur, hamı və hər şey o qədər yaxşıdır ki!

Məncə, bu, qeyri-real olduğu qədər də, mənasız bir işdir. Mən bəzən nə qədər əzablı, məşəqqətli, çətin, bəzən hətta nə qədər qanlı-qadalı olsa da, çoxsəslilikdən, çoxrənglilikdən yanayam.

Qoy yaxşılıqlar da olsun, yamanlıqlar da, düzlüklər də olsun, əyriliklər də. Enişlər də olsun, yoxuşlar da.

Güllər də olsun, tikanlar da. Günəş də olsun, fırtına da. Həyat bütün bunlar arasında mübarizədən ibarət olduğu üçün gözəldir. Gözəl və mənalı!

Qan Turalı:

Qan Turalı
Qan Turalı

Hamımız əslində ideallıq axtarışındayıq. İdeal kitab yazmaq istəyirik, ideal qadın axtarırıq. Arağın da idealını istəyirik.

Bu, insanın əslində təkamülü, daha gözəl şeylərə can atması üçün mühüm bir instinktdir.

İdeallıq axtarışı insanın yüksəlişini təmin edir.

Mənim üçün ideal cəmiyyəti kiçik bir şəhərdə təsəvvür edirəm. Burda pul işləməməlidir. Hamı sənətkarlıq və əkinçiliklə məşğul olmalıdır.

İnternet kəsilməlidir. Natural təsərrüfat işlək olmalıdır. İnsanlar bütün günü eyni işlə məşğul olmamalı, tez-tez məşğuliyyətlərini dəyişdirməlidir.

Hər iş günü ərzində bir saat kitab oxumaq fasiləsi verilməlidir. Axşam filmlərə baxılar, müzakirələr aparılar. Nə polis, nə də icra qurumları olar. Məhkəməlik bir hadisə olarsa, onu da xalq bir yerə toplaşıb qərar verər.

Belə bir şey düşünürəm. Çoxmu çətindir belə bir şəhər salmaq?

Şərif Ağayar:

Şərif Ağayar
Şərif Ağayar

İdeal, utopik məkanım olmayıb heç vaxt. Ola bilsin gərəyindən çox realistəm, ona görə.

Ancaq Azərbaycanın, bəzən dünyanın modeli olaraq götürməyə cəhd etdiyim simvolik məkanlar olub. Bunlara poetik məkanlar da demək olar.

Ən yaddaqalan örnək isə yeni yazdığım romandakı Gülüstan qəsəbəsidir. Qəsəbə şəhərlə kəndi birləşdirir. Həm də bura balaca Azərbaycan, bir az da modelləşdirilmiş dünyadır. Dünya mənim üçün məzlumlara və zalımlara bölünür.

Bir də metafizik dünya var ki, biz onun səthi işarələrini hiss edirik. Mənə görə çağdaş dünyamız adına Gülüstan, yəni Cənnət dediyimiz dəhşətli bir Cəhənnəmdir. Və ən pisi budur ki, bu cəhənnəmi insanlar düzəldiblər. Öz səadətini başqalarının fəlakəti üzərində quran insanlar...

Seymur Baycan:

Seymur Baycan
Seymur Baycan

Elə bir şəhər var ki, orda hər şey sənətlə bağlı olsun. Əsərlərdəki kafelərə, evlərə uyğun evlər və kafelər...

Hər şey adama konkret bir əsəri xatırlatsın.

Məsələn, Dikkens küçəsi, Hüqo küçəsi, Flober küçəsi. Gecə klublarında Madam Bovariyə oxşayan qadınlar o tərəfə, bu tərəfə getsinlər. Belə bir vəziyyət. Nə olursa olsun, bircə “1984” olmasın.

Zamin Hacı:

Zamin Hacı
Zamin Hacı

Mənim arzu elədiyim ideal cəmiyyəti hazırda Avropada, Amerikada qurublar.

Xəyal eləməyimə ehtiyac yoxdur.

Bir qədər də Gürcüstanda var.

XS
SM
MD
LG