-
“Biz Səttarxandansa Cavad Heyət obrazına üstünlük verməliyik”.
Azərbaycanda - “Milli İnsan Hüquqları Günü”ndə, təbii ki, bir sual aktual səslənir: “Ölkədə bu haqlar necə qorunur?”. AzadlıqRadiosu bu və bənzər suallarla Milli Məclisin İnsan Huquqları Komitəsinin üzvü Fazil Mustafaya üz tutub.
- Fazil bəy, insan haqları sahəsində vəziyyəti necə dəyərləndirirsiniz?
- Qanunvericilik baxımından yetərincə təminat verilib. Real həyatdasa müəyyən problemlər var.
O problemlər də birbaşa hüquqların qorunma mexanizmiylə bağlıdır. Məhkəmə sistemindəki neqativ hallar bu hüquqların tam şəkildə qorunmasına imkan vermir.
Amma bununla bərabər, Azərbaycan istər Orta Asiya ölkələri, istərsə Rusiya ilə müqayisədə çox sərt senzuradan yararlanan ölkə təsiri bağışlamır. İnternet məkanına açıq olmaq da müsbət haldır.
Amma qanunsuz həbslərlə bağlı problemlər var. Müəyyən şəxslərin törətdiyi əmələ görə cəzasının adekvat olmaması, hüquq-mühafizə sistemində bir sıra qanunsuz fəaliyyətlərin üzə çıxması, korrupsiya sahəsində problemlər...
Ümumiyyətlə, belə məsələlər var. Azərbaycana insan haqlarının mükkəməl qorunduğu ölkə kimi baxmaq olmaz. Amma indiki çevrədə, bu qədər qarışıqlıq və müharibə şəraitində bunun Azərbaycanda müəyyən dərəcədə düzəlməsinə ümid var.
- İnsan haqları sahəsində bir sıra hüquqların qorunduğunu deyirsiniz. İfadə azadlığını götürək, sizcə, bu sahədə məhdudiyyət yoxdur? Olkədə 10-dək bloqçu, jurnalist həbsdədir. Bunun özü göstərici deyilmi, sizcə?
- Əslində, göstərici bununla müəyyən olunmur. İfadə azadlığı başqalarını təhqir etmədən fikirlərini dilə gətirməkdir. Bu istiqamətdə bir-iki epizod ola bilər ki, kimlərsə haqsız yerə məsuliyyət daşıyır.
Amma jurnalistlərin də, bloqçularında da sosial şəbəkələrdə təhqir üslubunda fəaliyyəti danılmazdır.
Rauf Mirqədirov ermənilərlə əməkdaşlığa görə tutulub. Mən də çox inanmıram ki, bir jurnalistin belə bir əməkdaşlığı olsun. Amma imkanım yoxdur ki, xüsusi xidmət orqanlarının bu mülahizəsini təkzib edim. Bəlkə də onların əlində elə bir informasiya var ki, gedib Türkiyədən bir jurnalisti tutub gətirirlər bura.
Heç də hamı peşəkar jurnalistikayla məşğul olmur. Sosial şəbəkə kimisə təhqir etmək yeri deyil. Ona görə də dövlət, bəzən, buna sərt reaksiya verir. Bu, aşırı sərtlik olur, düzdür. Bəzən bir sıra şəxslərin həbsdə olmasıyla bağlı əsaslandırmanı doğru, real saymıram. Məsələn, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun həbsdə olmasının məntiqi izahını tapa bilmirəm. Bir sıra belə hallar var, elə İntiqam Əliyevlə və başqalarıyla bağlı da...
- Sizcə, Xədicə İsmayıl kimisə təhqir etdiyi üçün həbs olunub?
- Yox, onun həbsiylə bağlı müxtəlif versiyalar var. Fəaliyyətinin qaranlıq məqamlarıyla bağlı bir sıra mülahizələr səslənir. Dövlətin başqa ölkələrin dəstəklədiyi, xarici kəşfiyyat orqanlarıyla əlaqəsi olan bəzi şəxslərlə bağlı öz mülahizəsi var. İstisna deyil ki, bu şəxslərlə bağlı məsələlərdə də əldə olunan o informasiyalar önəmli rol oynayıb.
Amma mən bu məsələlərə daha çox Azərbaycan maraqları baxımından yanaşıram. Bilirəm ki, həbs olunanlardan kimlər Azərbaycan maraqlarına uyğun çalışıb... Amma hakimiyyətin qəbul etmədiyi insanlara qarşı bu şeylərin tətbiq olunmasının izahını tapa bilmirəm.
Ola bilsin, dövlət öz təhlükəsizliyi baxımından bəzi şəxsləri ermənilərlə işbirliyinə görə həbs edib. Məsələn, Rauf Mirqədirov ermənilərlə əməkdaşlığa görə tutulub. Mən də çox inanmıram ki, bir jurnalistin belə bir əməkdaşlığı olsun. Amma imkanım yoxdur ki, xüsusi xidmət orqanlarının bu mülahizəsini təkzib edim. Bəlkə də onların əlində elə bir informasiya var ki, gedib Türkiyədən bir jurnalisti tutub gətirirlər bura.
Bir az şəffaflıq daha yaxşı olardı. Biz də bilərdik ki, tutulan şəxsin günahı var, ya yox.
- Bir millət vəkilinin bu informasiyalara çıxışı yoxdursa, sıravi vətəndaşın hansı informasiya əldə etmək hüququndan danışa bilərik? Bu da azadlıqların pozulması sayılmaz?
- Tamamilə doğrudur. Bizim parlamentin xüsusi xidmət orqanlarının işinə nəzarət etmək imkanı yoxdur. Dəfələrlə bu məsələni qaldırmışıq. Bu imkan olarsa, o zaman sorğularımıza daha dəqiq cavab olardıq. Amma biz hər dəfə sorğu göndərəndə bildirirlər ki, dövlət sirridir, açıqlanması məqsədəuyğun deyil.
- Siz söz, ifadə azadlığı sahəsindəki vəziyyətlə bağlı baxışlarınızı bölüşdünüz. Azərbaycanda seçki və sərbəst toplaşmaq azadlıqlarının durumunu hər zaman beynəlxalq qurumlar tənqid edir, öz iradlarını dilə gətirir. Bu tənqidlərə nə qədər şərik çıxırsınız?
- Mən bilən, son vaxtlar sərbəst toplaşmaq hüququyla bağlı xüsusi narahatlıq yoxdur. Təbii ki müəyyən maneələr olur, amma istənilən siyasi qüvvə şəhərin mərkəzində mitinq keçirə bilər. Əvvəllər “20-ci sahə”də mitinq keçirilməsinə icazə verilmirdi. İndi metronun yaxınlığında kütləvi aksiya keçirilir və ora “20-ci sahə”dəkindən elə də çox kütlə yığışmır.
Yəni əhalinin ümumi passivliyi fonunda hüquqların tələb edilməsi elə müxalifət üçün də çətindir, başqaları üçün də. Çünki bir ab-hava, hüquqistəmə ənənəsi olmalıdır Azərbaycanda. Təəssüf ki, vətəndaş buna isti yanaşmır. Seçib-seçilmək hüququna gəlincə, parlament seçkiləri yaxınlaşır. Bu zaman, yəqin, siyasi partiyalar da, digər qüvvələr də seçkilərin şəffaflığına çalışmalıdır.
Ola bilsin nələrsə natamamdır, bizi qane etməyən hallar da var. Amma formal da olsa, ən azı hüquqi baxımdan, bu məsələlərə irad bildirmək imkanları var. Beynəlxalq müşahidəçilərin də gəlişi mümkündür. Onların da rəylərində elə bir aqressiv qəbuledilməzlik yoxdur.
- Yəni sizcə, Azərbaycanda seçkilər şəffaf, ədalətli keçir və saxtakarlıq baş vermir?
- Dünyada seçki saxtakarlığı olmayan ölkə yoxdur. Məsələn, Türkiyənin özündə bununla bağlı iradlar bildirilir, MHP 7 dairədə seçkinin saxtalaşdıırlmasıyla bağlı müraciət edib. Artıq onların şikayəti təmin edilib. Yəni bununla bağlı hüquqi mexanizmlər var və onun işləməsi vacibdir, o cümlədən də Azərbaycanda.
- Amma Türkiyədə seçki pozuntusu olsa da, adını çəkdiyiniz MHP, CHP parlamentdə təmsil oluna bilir və ya daha çox milli azlığın dəstəklədiyi HDP parlament seçkilərində baryeri aşır və yetərincə səs sahibinə çevrilir. Bu seçimi Azərbaycanla müqayisə etmək nə qədər uğurludur?
- Azərbaycanda bütövlükdə partiyalı seçki sistemi olmasını hamı dirəşib tələb etməlidir. Yəni partiya rəqabəti mühitində bilinsin ki, partiyaların təmsilçilik imkanı nə dərəcədə məhdudlaşır, pozulur.
Burda mojaritar qaydaya görə müstəqil namizədlərdən söhbət gedir. O biri sistemdə hakimiyyətin öz resurslarından istifadə etmək imkanı daha genişdir. Hakimiyyət inzibati və maddi resurslarından istifadə edə bilir. Müxalifətsə kifayət qədər yoxsuldur, tutalım, harasa asfalt çəkmək lazımdır, müxalifətin buna imkanı yoxdur.
Məsələn, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun həbsdə olmasının məntiqi izahını tapa bilmirəm. Bir sıra belə hallar var, elə İntiqam Əliyevlə və başqalarıyla bağlı da...
Söhbət təkcə müxalifətin təmsil edilməyindən getmir, həm də vətəndaş təşəbbüskarlığının zəif olmasından gedir. Kütləylə danışıq dili, xalqla təmas düzgün qurulmayıb. Hakimiyyətin işinə daha çox yaşıl işıq yandıran bu qabiliyyətinin olmamasıdır. Bunun nəticəsində də demokratiyadan geriləmələr baş verir.
- O zaman müxalifət partiyası kimi özünüzü günahkar sayırsınız?
- Əlbəttə. Amma günahkar saymaqdan əlavə, seçdiyimiz taktika da fərqlidir. Biz cəmiyyət arasında maarifçilik yoluyla təbliğat aparır, anlayış və mühakimələrin doğru təqdim olunmasını, bir qədər aqressivlikdən uzaq siyasi fəaliyyət göstərilməsini təklif edirik. Məsələn, biz Səttarxandansa Cavad Heyət obrazına üstünlük verməliyik. İnqilabçı yetişdirən xarakterə sahib cəmiyyət deyilik.
- Fazil bəy, sonda Azərbaycanda insan haqlarına hansı qiyməti verərdiniz?
- Azərbaycanda insan haqlarının vəziyyəti ideal deyil. Qanunda nəzərdə tutulan bir sıra müddəaların həyata keçirilməsini müşahidə etmirik. Amma qonşu ölkələrlə müqayisədə, ən azı, sabit şəraitin olması, bu hüquq pozuntuları kontekstində o qədər də acınacaqlı durumdan bəhs etməyə imkan vermir.
- Qiymətiniz neçə oldu bəs?
- Hər halda, mən “üç” verərdim. İnsan hüquqları mənim arzuladığım şərtlərdə qorunmur.