-
Yanvarın 24 və 26-sı yağan qar dağ rayonları olan Yardımlı və Lerikdə fəsadlar törədib. Bu rayonların əksər yaşayış məntəqələrində elektrik enerjisi kəsilib. Yanvarın 28-dən artıq havalar yağmursuz keçsə də, bəzi kəndlərə hələ də elektrik enerjisinin verilməsi bərpa olunmayıb. Yardımlıya çəkilən yüksəkgərginlikli xətdə qəza baş verib. İcra hakimiyyətindən yerli KİV-lərə verilən məlumatlara görə, elektrik xətti çətin ərazilərdən keçir. Yer buz bağlayıb, lazımi texnikalar həmin əraziyə gedə bilmirlər.
Yardımlı qəsəbə sakini Şakir İsmayılov deyir ki, qəsəbəyə Lerikdən keçən elektrik xəttindən enerji verilir:
«Yanvarın 27-dən qəsəbədə işıq yanır. Elə kəndlər var ki, orda işıq hələ bərpa olunmayıb».
«DÜNƏN AXŞAM İŞIQ VERDİLƏR»
Yardımlı rayonunun Şilvəngə kənd sakini Vahid Baxışlının dediyinə görə isə, 4 gün işıqsız qalıblar:
«Dörd gün işıqsız qaldıq. Dünən axşama işıq verdilər. Kəndimiz Yardımlı qəsəbəsindən 5-6 kilometr uzaqda yerləşir. Qəsəbəyə piyada gəlmişəm. Maşın işləmir».
Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Azər Xaniyev «Report»a bildirib ki, ərazidə işıq və qaz var:
«Rayonun mərkəzində qarın hündürlüyü 40-50, kəndlərdə 60-70 santimetrə qədərdir. Bütün kəndlərlə əlaqə var, yollar qardan təmizlənib. Kəndlərə və rayon mərkəzinə elektrik enerjisinin və təbii qazın verilməsində heç bir problem yoxdur».
YARDIMLI RAYONUNUN CƏMİ İKİ KƏNDİ QAZLAŞDIRILIB...
Yardımlıda 88 yaşayış məntəqəsi elektrik enerjisi ilə təmin olunsa da, təbii qaz yalnız qəsəbəyə və iki kəndə verilir.
Lerikdə də kəndlərə elektrik enerjisinin verilməsində fasilələrin olduğu deyilir. Qəza yerlərində bərpa işlərin aparıldığı bildirilir. Verilən məlumatlara görə, günün ikinci yarısında hər iki rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisi bərpa olunacaq.
Dağ rayonlarının elektrik təsərrüfatlarını yaxşılaşdırmaq üçün hər il küllü miqdarda pul xərclənir. Bu sahənin inkişafı «Regionların sosial-iqtisadı proqramı»nda da nəzərdə tutulub.