Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:34

'Allahın evi'ndə kamera. Yeri var?


Bakıda Heydər məscidi
Bakıda Heydər məscidi

►"Bu məsələyə birmənalı qiymət vermək çətindir"

Bu il (2016) böyük məscidlərdə kameraların quraşdırılması başa çatdırılacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı “ANS” televiziyasına deyib ki, yaxın vaxtlarda ölkədəki məscidlərdə müşahidə kameralarının quraşdırılmasına başlanacaq və məscidlərin səlahiyyətli şəxsləri və aidiyyəti qurumların mütəxəssisləri kameralar vasitəsilə nəzarəti həyata keçirəcəklər.

Dini ibadət yerlərində müşahidə kamerası quraşdırılması vicdan azadlığına təhlükə yarada bilərmi?

“Bunu nəyi pisdir?”

Şərqşünas Seyid Camal Əzizbəyli AzadlıqRadiosuna deyir ki, o, bu addımı illərdir ki, gözləyir. Çünki son illər Yaxın Şərqdə İslamı istismar edənlər müxtəlif terror hadisələri, təxribatlar törədirlər və Azərbaycan da bu hallardan sığortalanmayıb.

Onun fikrincə, hələ Azərbaycanda gecikiblər və məscidə yalnız ibadət məqsədilə gələn şəxsin kameradan qorxusu olmamalıdır.

“Əgər adamın niyyəti yalnız ibadətdirsə, vətəninə, dövlətinə, insanlığa bağlı biridirsə, təhlükəsizlik kamerasından niyə çəkinsin ki? Mən Türkiyə məscidlərində müşahidə kamerası sistemi quraşdırıldığını gördüm. Bunun nəyi pisdir? Bir hadisə olarsa, ən azı onu törədənləri müəyyənləşdirmək mümkün olacaq”, - şərqşünas Əzizbəyli belə düşünür.

“Məscidlərdə kamera adamları ibadətə cəlb edəcək”

Bağlanan “Əbu-Bəkr” məscidinin axundu Qamət Süleymanov da təhlükəsizlik kameralarından dindarlara bir zərər gəlməyəcəyi qənaətindədir. Onun fikrincə, bu, zərurətdir, belə ki, terrorlar elə məscidlərdə olur. Üstəlik, şəriətdə də bunda problem yoxdur. Qamət Süleymanov əlavə edir ki, müşahidə kameraları ibadətə gələnlərin sayını artıracaq:

“Bu, insanları məscidə daha da cəlb edəcək. Çünki adamlar görəcək ki, məscidlərdə təhlükəsizlik baxımdan rahatlıq var”.

_________________________________________________________

Bunlara da bax:

_________________________________________________________

“Hökumət dindarları nəzarətdə saxlamaq istəyir”

Tarixçi alim Altay Göyüşov fərqli düşünür, onun sözlərinə görə, hakimiyyət bu addımla dindarları nəzarətdə saxlamaq istəyir:

“Məscidlərə kamera quraşdırılmasını vaxtilə Əbu-Bəkr, Qaraçuxur məscidində və digər məscidlərdə baş verən hadisələrlə əlaqələndirirlər. Ancaq hesab edirəm ki, əsas məqsəd dini kəsimi, dini qrupları nəzarətdə saxlamaqdır”.

Ancaq Altay Göyüşov onu da vurğulayır ki, din həssas məsələ olduğundan hökumətin tədbirlərini də anlamaq lazımdır. Onunfikrincə, bu məsələyə birmənalı qiymət vermək çətindir.

“Bir çox təxribatlar dindar qruplar tərəfindən həyata keçirilir. Məscidə ibadətə gələn üçün müşahidə kamerası, fikrimcə, problem yaratmayacaq”.

“Ancaq söyəcəklər”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, "İrşad" İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru Rafiq Əliyev ötən ay AzadlıqRadiosuna müsahibəsində məscidlərdə kamera quraşdırılması məsələsinə toxunub demişdi ki, bununla ekstremizmin qarşısını almaq mümkün olmayacaq:

“Bizim nə qədər adamımız var ki, hər məscidə qoyulan kameraya yazılanlara baxıb təhlil etsin? Bakıda elə 50-60 məscid var. O kameraları məscidlərə qoyanda ora yığışan insanlar kameraya baxıb nə deyəcəklər? Ancaq söyəcəklər. Yəni biz onları qıcıqlandırırıq, bunun əvəzinə tamamilə başqa işlər görmək lazımdı”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG