Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:51

"Məscidə gələnlər kameraya baxıb nə deyəcəklər? Ancaq söyəcəklər"


Rafiq Əliyev
Rafiq Əliyev

►“Bu uşaqları vəhabilərin, ya radikal şiələrin əlinə verəcəyik?”

“Nurçular uşaqları özününküləşdirirdilər”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, "İrşad" İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru Rafiq Əliyev AzadlıqRadiosuna müsahibə verib.

- Rafiq müəllim, “Dini ekstremizmlə mübarizə haqqında” qanun qəbul edildi. “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edildi. Bu qanunlarda bir sıra məsələlər öz əksini tapıb. Məsələn, ölkədə dini ayinlərin Azərbaycanda dini təhsil almış şəxslərə həvalə edilməsi və s. məsələlər qadağan olundu. Sizcə, dini ekstremizmin qarşısını almaq üçün konkret nəyə ehtiyac vardı?

- Qanunları sərtləşdirməklə ekstremizmin qarşısını almaq mümkün deyil. Qanunları nə qədər istəyirsiz, sərtləşdirə bilərik, qanunlarla dini icmaların, məscidlərin, digər dini məbədlərin işinə müdaxilə edə bilərik. Qanun imkan verər, amma effekti nə olacaq? Məncə, effekt verəcək qanun kifayət qədərdir. Sadəcə, o qanunları işlədəcək adamlar yoxdur, ya da işlərini yaxşı bacarmırlar. Məsələ burdadır, ekstremizmlə hamı mübarizə aparır. “Dini etiqad azadlığı” haqqında qanunda ekstremizmlə mübarizə ilə bağlı kifayət qədər maddə var. Ekstremizmlə mübarizə aparmaq təkcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işi deyil, daxili və xarici, digər orqanlara da aiddir. Get atributları ordan çıxar, ya dünən deyirlər, “məsciddə kamera qoyaq”. Bizim nə qədər adamımız var ki, hər məscidə qoyulan kameraya yazılanlara baxıb təhlil etsin? Bakıda elə 50-60 məscid var. O kameraları məscidlərə qoyanda ora yığışan insanlar kameraya baxıb nə deyəcəklər? Ancaq söyəcəklər. Yəni biz onları qıcıqlandırırıq, bunun əvəzinə tamamilə başqa işlər görmək lazımdır.

“Bu məsələ kökündən həll olunmalıdır”

Deyirlər, “məsciddə kamera qoyaq”. Bizim nə qədər adamımız var ki, hər məscidə qoyulan kameraya yazılanlara baxıb təhlil etsin?

- Məsələn, qanunla məktəbə başıbağlı getmək qadağandır. Bu məsələ zaman-zaman gündəmə gəlsə də, hələ də məktəbə hicabda gedən qızlar var. Qanunu tətbiq etmək, bu məsələni kökündən həll etmək bu qədərmi çətindir?

- Mənə elə gəlir ki, bu məsələni kökündən həll etmək olar və lazımdır. Bu da yalnız Azərbaycan qanunlarına uyğun olmalıdır. Başıbağlı məktəbə getmək olmaz. Məktəbə yalnız məktəbli formasında gedilməlidir. Mən 1960-68-ci illərdə Bağdad Universitetində oxumuşam. Tələbə qızlar universitetə çarşabla gəlirdilər, içəridə çadralarını çıxarırdılar, gedəndə yenidən geyinib gedirdilər. İndi kimsə çadralı gəlmək istəyirsə, gəlsin, məktəbdə çadrasını çıxarsın, sinfə formada girsin, sonra çıxanda da istədiyini geyinib getsin.

“Bizdə dini təhsil verən mütəxəssislər yoxdur”

- Orta məktəblərdə dini tədrislə bağlı təkliflər səsləndi. Bu nə qədər real və effektivdir?

- Bu gün orta məktəblərdə dini təhsil yoxdur. Dini təhsil o zaman olardı ki, dini bilən şəxslər bunu uşaqlara anlayacağı dildə başa salsın. Dini təhsil türk liseylərində vardı, çox yüksək səviyyədə idi. Həm uşaqlara bilik verirdilər, həm din öyrədirdilər, həm də intellektini yüksəldirdilər. Ancaq bu nurçuların bir zəif cəhəti vardı ki, hakimiyyətə gəlmək istəyirdilər. Yəni uşaqları özününküləşdirirdilər. İndi məktəblərdə azərbaycançılıq ideyası üzərində dini təhsil verən müəllimlərimiz olacaqmı? Yoxsa bu uşaqları vəhabilərin, ya radikal şiələrin əlinə verəcəyik? Dərslik varmı? 2004-cü ildə dərslik hazırlamışdıq, “Dinin əsasları”, qoymadılar məktəblərə. Bu dərslikdə din yox, din haqqında məlumatlar vardı. Bu dərslikdə tolerantlıq vardı. Avropada da dini təhsil düzgün deyil, orda da hərəyə öz dininə uyğun məlumat verirlər və hər şagird də öz dinini daha mükəmməl bilib o birinə əyri baxır. Əslində uşaqlara dinlərin tarixi haqqında öyrətmək lazımdır və artıq orta məktəblərdə dinlə bağlı məlumat verməyin vaxtı gəlib.

- Siz kadr məsələsini qaldırırsız, bəs İslam Universiteti, BDU-nun ilahiyyat fakültəsi bu tələbatı ödəmirmi?

- Mən burda verilən təhsilə o qədər müdaxilə etmək istəmirəm. Oranın bəzi məzunları ilə tanışam. Çoxunun da dərs demək imkanı var. Amma bu, kifayət deyil, çünki orda da məzhəbçilik var. Türk liseyini bitirənlər ancaq sünnilikdən, İslam Universitetini, mədrəsələri bitirənlər yalnız şiəlikdən danışır. Burda da problemlər var və bizim elə adamlarımız yoxdur ki, uşaqların suallarına cavab versin.

“Belə dəstək yoxdur”

Dini təhsil türk liseylərində vardı, çox yüksək səviyyədə idi. Həm uşaqlara bilik verirdilər, həm din öyrədirdilər, həm də intellektini yüksəldirdilər. Ancaq bu nurçuların bir zəif cəhəti vardı ki, hakimiyyətə gəlmək istəyirdilər.

- Rafiq müəllim, ümumiyyətlə, Azərbaycanda dini inqilaba zəmin varmı? Bir qrup radikal dindar qalxıb üsyan etsə, ölkəni İslam dövləti elan etsə, onun ölkədə dəstəyi olarmı?

- Mənə elə gəlir ki, belə dəstək tapılmaz. Ancaq hakimiyyətə gəlmək istəyən, xaricdən dəstəklənən siyasi qruplaşma dini amildən istifadə edə bilər. Onlar vasitəsilə müəyyən aksiyalar, terror aktları həyata keçirə, hərc-mərclik yarada bilərlər.

- “Siyasi qruplaşma” deyəndə siyasi partiyalarımı nəzərdə tutursuz?

- Xeyr, söhbət siyasi partiyalardan getmir, onlar da dini kəsimin dəstəyini almaq istəyərdilər. Ancaq onların bu qədər gücü yoxdur ki, həm dindarları öz tərəflərinə çəksinlər, həm də hakimiyyətə qarşı mübarizə aparsınlar. İndi görürük də, Nardaranda bir hadisənin qarşısını almaq üçün aləm tökülüb ora, amma hələ də problem həllini tapmayıb. 25-30 ildir bu məsələ gedir, amma həllini tapmayıb axı hələ. Əgər kiçik bir kənddə Azərbaycan Konstitusiyasını tətbiq eləmək iqtidarında deyiliksə, bu, çox acınacaqlıdır.

“Bu, gülüncdür”

İndi görürük də, Nardaranda bir hadisənin qarşısını almaq üçün aləm tökülüb ora, amma hələ də problem həllini tapmayıb. 25-30 ildir bu məsələ gedir, amma həllini tapmayıb axı hələ. Əgər kiçik bir kənddə Azərbaycan Konstitusiyasını tətbiq eləmək iqtidarında deyiliksə, bu, çox acınacaqlıdır.

- İndiyədək belə fikirlər vardı ki, hakimiyyət Nardaranı Qərbə göstərmək üçün saxlayır ki, Azərbaycanda belə dini qüvvələr var, onlar getsələr, İranın təsiri altında olan qüvvələr iqtidara gələ bilər və ya əgər ölkədə demokratiya, söz azadlığı icazə verilmiş həddini aşarsa, o zaman belə dini qüvvələrin qabağında dayanmaq olmaz. Bu yanaşmanın həqiqət payı varmı?

Nardaran xüsusi əməliyyatdan sonra
Nardaran xüsusi əməliyyatdan sonra

- Bu yanaşmanın həqiqət payı yoxdur, siyasi savadsızlıqdır. Çünki Qərbə “bizdə belə bir təhlükə var, bizə demokratiya dərsi verməyin” demək üçün öz ərazisində xeyli əhalisi olan bir kəndi belə vəziyyətdə saxlamaq gülüncdür.

“Dövlət dövlət olduğunu sübut etməlidir”

- Rafiq müəllim, sizcə, hakimiyyət Nardaranın bu “avtonomluğuna” niyə indiyədək dözürdü?

- Bunu mən dəqiq deyə bilməyəcəm. Yəqin ki, sadəcə olaraq, bu məsələni Qarabağ münaqişəsi kimi dondurmaq istəyib. Ya düşünüb ki, onlar özlərinə gələr, bəlkə yaxın qonşularımızla münasibətlərimiz daha yaxşı olar, onda bu məsələ özü öz həllini tapar. Çox bəhanə gətirmək olar, amma bütün bəhanələrin hamısı yersizdir. Sadəcə, dövlət dövlət olduğunu sübut etməlidir. Dövlətin gücü var, harda güc lazımdır, orda da güc tətbiq etmək lazımdır. Niyə Amerikada, Avropada güc tətbiq edirlər, heç kəsə Konstitusiyanı pozmağa imkan vermirlər, biz niyə verməliyik o imkanı?

XS
SM
MD
LG