Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:20

“Dəfn araşdırmaya görə uzanırsa, din ona icazə verir”


Şahin Həsənli
Şahin Həsənli

►“Məscidlərdə təhlükəsizlik kameralarının quraşdırılması normaldı... Bu, Məkkədə də, Mədinədə də var."

Milli Məclis qanunlarda xaricdə dini təhsil alanların fəaliyyətinə qadağa qoyulmasıyla bağlı dəyişikliyin, dini ekstremizmlə mübarizə haqqında qanunun müzakirəsinə hazırlaşır.

Eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəzi təkliflərlə çıxış edir, məsələn, Aşura zamanı tamaşaların ləğvini gündəmə gətirir, ancaq dini kəsimin reaksiyası gözə dəymir.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı Şahin Həsənlidən bu suallara cavab almaq istədik.

- Milli Məclis xaricdə təhsil alanların dini ayin və mərasimlərin icrasında iştirakına qadağa qoyacaq qanun qəbul etməyə hazırlaşır. Siz QMİ nümayəndəsi kimi buna necə baxırsız?

- O qanun qəbul olunmamış münasibət bildirməyək. Mən İdarəni təmsil edirəm. Qanun qəbul olunsun, onunla bağlı Qafqaz Müsəlmanları İdarəsində ətraflı müzakirə gedəcək və biz də öz fikrimizi ondan sonra bildirəcəyik.

- Bu o deməkdirmi ki, İdarə buna etiraz edəcək?

- Bu məsələ bu gün (dekabrın 3-də red.) İdarədə müzakirə edildi və bildirildi ki, qanun qəbul edildikdən sonra biz mövqeyimizi açıqlayaq. Mən də o mövqeni ifadə edəcəm.

- Yəni öz mövqeyiniz yoxdur bununla bağlı?

- Mən İdarənin nümayəndəsiyəm, gərək İdarənin mövqeyi aydın olsun və biz də buna uyğun öz mövqeyimizi ortaya qoyaq.

- Bu o deməkdirmi ki, bu təklif – xaricdə dini təhsil alanlarla bağlı qadağa parlamentdən keçməyə bilər? Yəni QMİ-nin etirazı gözlənirmi?

- Hələ heç nə deyə bilmərəm. Bir onu deyə bilərəm ki, parlament müzakirələrində nümayəndələrimiz də iştirak edəcək. (Ardı aşağıda)

Buna da bax: Prezidentə müraciət edəndən bəri səsi gəlmir

- Nardaran hadisələrindən bir həftə ötür. Hadisə təzə baş verəndə QMİ isti-isti bəyanat yaydı və belə deyək, bu məsələdə rəsmi qurumlara dəstək verdi. Bəs indi münasibətinizdə nəsə dəyişibmi?

- Bununla bağlı müraciətimiz var, mən də çıxışımda münasibətimi açıqlamışam. Bu haqda ətraflı danışmaq istəmirəm.

- İdarənin rəhbəri Hacı Allahşükür Paşazadə polis əməliyyatı zamanı ölənləri və saxlanılanları “terrorçu” adlandırıb. İstintaq getmədən bu cür şərh vermək tələskənlik deyilmi?

- Mənim mövqeyim İdarənin mövqeyindən fərqlənməyəcək.

- O hadisə zamanı ölənlərin dəfn edilib-edilməməsi haqqında rəsmi məlumat verilmir. Onların yaxınları da xəbərsiz olduqlarını söyləyirlər. Sizcə, istər dini, istər insani baxımdan bu addım doğrudurmu? Bir də İslam mərhumun tez zamanda dəfnini tələb edir bildiyimiz qədər.

- O barədə hüquq-mühafizə orqanlarına müraciət edin. Yəqin araşdırma gedir. Dəfn araşdırmaya görə uzanırsa, o zaman din ona icazə verir.

Bu videoya da bax: "Bakı zooparkında heyvanların hüququ pozulur"

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərə kameralar quraşdırılmasını təklif edir. Belə fikir var ki, məscid insanların yaradanla məhrəm münasibətdə olduğu yerdir, kameralara ehtiyac yoxdur. İkinci fikir budur ki, məhz o insanların təhlükəsizliyi üçün bu, gərəklidir. Sizcə, bu addım zəruridirmi?

- İstənilən halda bu tədbir təhlükəsizliklə bağlıdır və burda hər hansı problem yoxdur. Məscidlərdə təhlükəsizlik kameraları quraşdırıla bilər. Artıq böyük ziyarətgahlarda da var belə kameralar. Bu, tam normaldır. Bizim məsciddə də var. Məkkədə, Mədinədə də var.

- Nardaran hadisələrindən sonra Azərbaycan parlamentində dini ekstremizmlə mübarizə yönündə qanunun qəbulu müzakirəyə çıxarılır. Eləcə də dini radikal qruplar haqda danışılmağa başlanılıb. Sizcə, Azərbaycanda radikal qruplar təhlükə doğuracaq qədərdimi?

- Xırda qruplar şəklində olub və indiyədək zərərsizləşdirilib. Bu barədə müəyyən tədbirlər görülüb. Dövlətin bu istiqamətdə atdığı addımlar, məncə, yetərlidir.

- O zaman hökumətin...

- Bağışlayın, mən artıq danışa bilməyəcəm, münasib deyiləm.

XS
SM
MD
LG