-
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbərinin onun 170 min dollarını mənimsədiyini iddia edən Eynur Kərimov ifadə verib. Onun ifadəsi fevralın 17-si Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində alınıb.
Bu xəbəri «Report»a E.Kərimovun vəkili Adəm Məmmədov deyib.
Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs Baş İdarədə 13 vərəq həcmində izahat yazıb:
«Fevralın 17-də müvəkkilim Eynur Kərimov mənim iştirakımla 5 saat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində oldu. O, idarədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Komitənin sabiq Aparat rəhbəri Səfər İmanovla bağlı 13 vərəq izahat verdi».
Vəkil A.Məmmədov əlavə edib ki, onlar heç kəsi cinayətkar adlandırmayıb. «Mən açıqlamalarımda nə Hicran Hüseynovanı, nə də Səfər İmanovu cinayətkar adlandırmışam. Hüquqlarını müdafiə etdiyim şəxs onu ittiham edib. Dövlət Komitəsi adından yayılan açıqlamanı hazırlayanlara tövsiyə edirəm ki, qanunları düzgün qavrasın və mətbuatda yazılan xəbərləri düzgün oxusun» - deyə A Məmmədov qeyd edib.
E.Kərimov isə «Report»a belə deyib: «4 il bundan əvvəl Hicran Hüseynova məni atasının yubileyinə dəvət edib. Həmin tədbirdə Hicran xanım qarşıma gələrək, mənimlə şəxsən görüşüb. O, hətta məndən məclisdə harada oturduğumu da soruşdu. Həmin tədbirdən videogörüntülər də var. Bu il yanvarın 16-da Səfər İmanovla görüşdük. O, mənə qəbz verdi. Qəbzdə belə yazılmışdı: «Mən İmanov Səfər Bəbir oğlu 2012-ci ildə Eynur Kərimovdan Hicran Hüseynovanın vasitəsi ilə işə düzəltmək məqsədi ilə 170 min ABŞ dolları aldım. Bu pulun qaytarılmasını öz öhdəliyimə götürürəm. İmzamla təsdiqləyirəm…».
E.Kərimov qəbzi fevralın 17-də prokurorluğa təqdim edib: «Ötən il oktyabr ayının 22-də Hicran xanımın qəbulunda olmuşam. Bu gün mətbuatda mənin dələduz olmağım haqda məlumat yayılıb. Həmin şəxslərə bildirmək istəyirəm ki, mənim iki ali təhsilim var. Heç bir məhbusluq həyatı yaşamamışam. Həmçinin, heç bir hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən də saxlanmamışam».
S.İmanov 2015-ci il noyabrın 1-də AQUPDK-nun Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun artıq Azərbaycanı tərk etdiyi söylənir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bu ittihamları əsassız sayıblar. Oradan bildirilib ki, hazırda araşdırma gedir və bu araşdırmanın sonunu gözləmək lazımdır.