Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:19

Abşeronda məmurlara rüşvət ittihamı


►“İcra nümayəndəsi gəldi, dedi, “özbaşınasan ki, burda ev tikəsən?” Dedim, “axı, hər sənədim var, icra hakimiyyəti də eskiz layihəmi təsdiqləyib””.

Gülyanaq Əsgərova AzadlıqRadiosuna danışır ki, bütün maddi imkanlarını səfərbər edərək Masazırda torpaq sahəsi alıb, özünə ev tikməyə başlayıb.

Tikili yarıya çatanda icra nümayəndəsi peyda olub. Tikinti işlərini dayandırıb, yarımtikilini isə sökdürüb.

Əsgərova deyir, əvvəl qanunla nəzərdə tutulan sənədləri düzəldib. Abşeron rayon İcra Hakimiyyətinə müraciət edib. Tikinti haqqında yeni qanunda nəzərdə tutulmuş müddətə qədər gözləyib. Sonra tikintiyə başlayıb.

Evin daş hörgüsü başa çatanda Abşeron rayonunun baş memarı Akif Əliyev bir neçə işçisi ilə tikinti yerinə gəlib. Tikilinin özbaşına aparıldığını bildirib və söküləcəyi ilə hədələyib. Tikinti sahibi də baş memara izah edib ki, yeni qanun ona qurumu xəbərdarlıq etdikdən sonra tikintiyə başlamaq imkanı verir:

“O isə bəhanə elədi ki, bizim eskiz layihəsində qurumun möhürü yoxdur. Tələb etdi ki, tikintini dayandıraq. Biz də tikintini dayandırdıq və eskizə baş memarın möhürü ilə imzasını əlavə etdirdik. Özləri də etiraf etdilər ki, artıq tikinti aparılmasına heç bir maneçilik ola bilməz. Biz də arxayınlıqla tikintimizə davam etdik, işlər qaydasında gedirdi, evin daş hissəsini tamamilə başa çatdırmaq üzrəydik ki, yenə peyda oldular”.

“ORDA İCRANIN DA HAQQI VARDI”

Deyir, bu dəfə peyda olan icra hakimiyyətinin Masazır üzrə icra nümayəndəsi imiş. Əvvəlkindən fərqli olaraq, bu dəfə tikilini traktorun ağzından xilas edə bilməyib:

“Mən baş memara zəng vurdum, dedim, “bəhanə elədiniz ki, möhür yoxdur, onu da vurdurduq. İndi nə istəyirsiniz?” Dedi, “bilirsiz, orda icranın da haqqı var idi. Onu verməmisiniz. Səhər saat 09:00-da 3 min 500 manat gətirin, söhbət bağlansın””.

__________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

Deyir səhər 9 tamam olub, pul ünvana çatmayıb. Az sonra tikilinin yaxınlığında ağır texnika görünüb:

“Kəlam adında traktorçunu göndərmişdilər. Gəldi, dedi, “göstəriş var ki, tikilini söküm”. Bir hissəsini sökdü, özümüzü traktorun qarşısına atdıq, imkan vermədik ki, hamısını söksün”.

ƏMLAKIN QƏSDƏN MƏHV EDİLMƏSİ

Tikilinin sahibi 10 min manatdan çox zərərə düşdüyünü bildirir. Deyir, baş verənlərin hesabını sormaq üçün İcra Hakimiyyətinə gedərək baş memarla görüşüb. Qurumu məhkəməyə verəcəyini bildirəndə “get, əlindən nə gəlir, beş qaba çək” cavabını alıb.

Hüquqşünas Namizəd Səfərov deyir, Abşeron rayon İcra Hakimiyyəti əlində hər sənədi olan vətəndaşın şəxsi əmlakına qəsd etməklə ona həm mənəvi, həm də maddi zərər vurub. Buna görə vətəndaş qurumu məhkəməyə verməlidir:

“Vətəndaş tikinti aparmaq üçün bütün qanuni tədbirlərini görüb. Torpağın şəhadətnaməsi, fərdi ev tikintisi üçün müvafiq sənədi, icra hakimiyyətinə tikinti aparmaqla bağlı xəbərdarlıq məktubu, baş memarın möhürü və imzası ilə təsdiqlənmiş eskiz layihəsi… Həm də təkcə məhkəməyə yox, hüquq-mühafizə orqanlarına da müraciət edə bilər. Çünki burada söhbət əmlakın qəsdən məhv edilməsindən gedir”.

“BAŞ MEMARDAN SORUŞMAQ LAZIMDIR”

Hüquqşünas deyir, rüşvət tələbi ilə bağlı vətəndaş Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsinə müraciət etməlidir:

“İdarə baş memarı çağırıb sual etməlidir – vətəndaşın bütün sənədləri qaydasındadırsa, əlində imzan və möhürünlə təsdiqlənmiş eskiz layihəsi varsa, bu tikilinin sökülməsinə zərurət nədən idi? Əgər deyirsənsə, rüşvət tələbi yalandır, o zaman anlat, tikili niyə sökülüb?”

Abşeron Rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna məsələni araşdırıb nəticəsi barədə məlumatlandıracaqlarını bildirsələr də, üç gün ərzində quruma növbəti müraciətlərimizə cavab verən tapılmayıb. İcra hakimiyyətinin memarlıq şöbəsinə dəfələrlə etdiyimiz zənglər cavabsız qaldı.

İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Xəlilov Meydan TV-yə bildirib ki, vətəndaş sənədlərini götürüb İcra Hakimiyyətinə, şəxsən ona yaxınlaşsın. O, məsələni araşdırmağa çalışacaq.

Buna da bax...

'Xutor' sakinləri evlərinin sökülməsinə etiraz edir
Gözlə

No media source currently available

0:00 0:04:52 0:00

XS
SM
MD
LG