Keçid linkləri

2024, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:26

Nərmin Kamal. Gəlin mövzunu dəyişdirək


Nərmin Kamal
Nərmin Kamal

-

"Mən köhnə yazıçılar demiş, beşatılan kimi açıldım: Dəhşət. Bir dənə bulkaya görə bu boyda yol gedərlər? Girib deyəcəksiz, pensionerəm, mənə bulka verin?"

Nərmin Kamal

BİR PULSUZ BULKA

Bir neçə gün bundan qabaq qohumum D.xala dedi ki, “Bon...tit” şirniyyat dükanı pensionerlərə gündə 1 dənə pulsuz bulka verir.

Elə bil radioda reklam eşitdim, mənə dəxli olmayan məsələyə fikir vermədim. Səhəri gün D.xala yenə bu söhbəti saldı, dedi, “Bon...tit” şirniyyat dükanı pensionerlərə gündə 1 bulka verir, Valya (qonşu) gedib almaq istəyir, israr edir ki, onunla gedim.

Mən köhnə yazıçılar demiş, beşatılan kimi açıldım: “Dəhşət. Bir dənə bulkaya görə bu boyda yol gedərlər? Girib deyəcəksiz, pensionerəm, mənə bulka verin? 20 qəpiklik bulka. Sizə bulka lazımdı, mən alım. Heç fikirləşirsən, birdən bir şagirdin səni görər orda, ayıb deyil?”

Bulkalar
Bulkalar

Növbəti gün yenə bulka söhbəti düşdü. Bu dəfə müəllimə D.xala dedi ki, Valya çox israr elədi, məni də apardı, getdik, növbəyə dayandım, aldım, öz bulkamı Valyaya verdim, məni elə buna görə aparırdı.

Artıq iş-işdən keçmişdi. Əlim heç yana çatmırdı. Ömrünün son illərinə qədər gəlib çıxmış iki yaşlı insanın, özü də tanıdığım insanların bir dənə bulkaya görə uzun yol getmələrini, orada növbəyə dayanmalarını, özlərini təqdim etmələrini, bulkaya əllərini uzatmalarını ayrı-ayrı təsəvvür eləyib, dəqiqədə bir neçə dəfə pərt olurdum.

O isə deyirdi ki, mən fikirləşdiyim kimi deyil:

“Girən kimi görürsən uzun növbədi, biz də dayandıq. Növbə çatanda özləri verdilər. Heç bizim nəsə deməyimizə ehtiyac qalmadı. O qədər adam vardı; biri deyir, iki dənə ver ki, sabah da gəlməyim, biri deyir, nəvəm üçün də. Valya da o hay-hayda qabaqdakılardan soruşur ki, böyük bulkadı?..”

Dövlət idarələrinin qabağında qazan döyəcləməyin heç olmasa romantikası var, bəs dükanlarda bulka payını gözləyən pensioner mənzərələrinə necə dözəcəyik?

Necə sarsılmayasan?! Çıxıb görürsən gözəl bulvar, parlaq binalar, rəngarəng qızlar və oğlanlar, mədəniyyət və sivilizasiya, London və Dubay, sülh və əmin-amanlıq, sanırsan ki, o dövr keçib, payok xeyriyyəsi, müharibə elementləri keçmişdə qalıb. Sonra isə D.xala deyir ki, filan şirniyyat dükanı hər pensionerə bir pulsuz bulka verir, növbə düzülüb. Bir bulka gizli mənzərəni necə də məharətlə açıb göstərir.

Görünür, dükan pensionerlərin vəziyyətini hökumətdən, D.xala ilə Valya xalanın vəziyyətini məndən yaxşı bilirmiş. Birdən bu, reklam üsulu olub başqa dükanlara da yayılsa, pensionerlər öz nəvələrilə birlikdə başqa dükanların da qabağında tikə gözləsələr?!

Dövlət idarələrinin qarşısında qazan döyəcləməyin heç olmasa romantikası var, bəs dükanlarda bulka gözləyən kütləvi pensioner mənzərələrinə necə dözəcəyik?

Yaxşısı budur, çalışıb son ana qədər yoxsulluğumuzu gizlədək. İnsan ləyaqəti bu qədər alçalmamalıdır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG