Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Şəhriyar del Gerani: Oxucularımın təhsiliylə maraqlana bilməmişəm (Müsahibə)


Şəhriyar del Gerani
Şəhriyar del Gerani

-

Şair Şəhriyar del Gerani ilə bazar günü OxuZalında söhbət

Onunla şairə Sevinc Elsevər söhbətləşib

“Şeirlərim oxucularıma sevgi etirafımdır”

- Şəhriyar, sənin oxucun doğrudan da çoxdur. Son illər poeziyada sənin qədər fanatı olan adam ancaq Aqşin olub. Başqası yadıma gəlmir. Bəziləri də deyirlər ki, o ikisini də sevənlər, oxuyanlar texnikum qızlarıdır. Bu da sirr deyil ki, oxucularınızın əksəriyyəti qızlardır. Bəlkə xarizmatik olduğuna görədi bu?

- Tutaq ki, sən deyən kimi, xarizmanın rolu var. Amma, lap tutaq ki, bunu da mənə aid etdiniz. Bəs Aqşin? (gülür) Mən Aqşini tanıyalı haradasa 10 ildir, ağzında cəmi-cümlətanı 10-15 dənə sürtülməmiş dişi olub, pinjamanı da bircə avqustda çıxardıb. Onu da avqust ayları lap, lap isti keçəndə.

Danışa-danışa yadıma düşdü. İnişil dostlarla dənizə getmişdik, iyulda, çimərliyə. Bir də baxaq ki, bunun əynində pinjama. Dostlardan biri soruşdu ki, ayə, bu nədi? Bu da qayıdasan ki, "ə, nə bilim, yadımdan çıxıb boz aydan qalıb əynimdə". Belə xarizma olur? (gülür)

Bu, sənin sualına cavabımın zarafat tərəfi. O ki qaldı sualın həqiqi cavabına, düzü, oxucularımın təhsiliylə vaxt eləyib dərindən maraqlana bilməmişəm. Bu, mənim səhvimdir. (gülür)

Arabir tələbə oxuculardan mesaj alıram ki, universitetlərdə müasir ədəbiyyat dərslərində bizim də şeirlərimizdən danışırlar. Düzdü, bu, tədris proqramına daxil deyil, çox güman. Görünür, ədəbiyyata xüsusi sevgisi olan müəllimlər izləyir, oxuyur, tələbələriylə bölüşürlər. İmtahan suallarına salırlar. Bu, yaxşı haldır.

Yəni, ədəbi elita da bizi yüksək dəyərləndirir. "Texnikum qızları" söhbətini isə AYO-çular çıxardıb hər ikimiz haqqında. Amma bizi ən çox oxuyan, əzbərləyən, yeyib-içmək məclislərində piyanlaşıb şeirlərimizi deyən də özləridir. (gülür)

Bizə ironiya ilə "onillik şairlər" deyən də onlardı. Amma, düşünürəm, biz 21-ci əsr Azərbaycan poeziyasının istiqamətini dəyişdirən, auditoriyasını, sərhədlərini genişlədən imzalar kimi bütün onilliklərdə hörmətlə xatırlanacağıq. Elə bunu yazan da onlar özləri olacaq. Nədən ki, mən onların ədəbi vicdanlarına inanıram...

Qadın oxucularım bir şair kimi məni necə sevirlərsə, mən də onların sevgisinə adekvat olaraq, yeni-yeni mətnlərlə, kitablarla cavab verirəm. Mənim hər yeni şeirim oxucularıma sevgi etirafımdır. Yəni bizim məhəbbətimiz mətn üzərindəndir. O səbəbdən, daha təmiz, daha ilahidir.

- Mən bayaq Aqşinin adını təsadüfi çəkmədim. Sənin şeirlərinin Aqşinin şeirlərinə bənzədiyini düşünürlər. Məsələn, Aqşinin şeirlərində aforizmvaridi əksər misralar. Səndə də.

"Yer üzündə bütün kimsəsizlər dənizə atılmış balıq şəkilləridir", burda hökm kəsirsən sanki...

Səndə başqa bir cəhət də var, elə bil oxucunu təsir altına salmaq üçün xüsusi kəlmələr seçirsən. Bilmirəm bunu bilərəkdən edirsən, ya yox. Adama elə gəlir ki, ehey, eşit məni deyə səsləyirsən oxucunu. "Deyirəm ki, ...filan filan filan" kimi misralara rast gəlmək olur şeirlərində. Fikrimi belə yekunlaşdırım: sənin şair obrazın çox vaxt təvazökar deyil, ağsaqqal, sanki hamıdan çox bilən birinin obrazıdı...

- Qəsdlə deyil. Sadəcə, mənim təhkiyəm, ifadə tərzim, üslubum belədir. Nəsrdə də, şeirdə də müəllifin ilk abzasdan, ilk misralardan tanınmağının tərəfindəyəm. Şair, yazıçı yalnız fərdi üslubunu formalaşdıranda sevilir, seçilir, böyük olur. Ümumiyyətlə, şeirlərimi müdafiə etməyi sevmirəm. Müdafiə məqamı gələndə isə, həmişə qaçıram. Obrazlı desək, öz yaradıcılığımın müdafiəçisi kimi xeyli fərariyəm.

Oxşarlıq bu ki, Aqşinin də, mənim də şeirlərimin şəcərəsi var. Yəni qurama, qondarma, fısdırınqı, cırtıqulu hisslər deyil. Məsələn, Aqşində deyək ki, bunun adı "unudulmaq, unutmaq, yadlaşmaqdır". Məndə isə "təklik, darıxmaq, kimsəsizləşmək". Bunları məsəl xatirinə deyirəm. Əl-əlbət, ədəbiyyatşünaslar, təhlilçilər bunu daha aydın izah edə bilərlər. Dediyim bu ki, bir şair kimi bizi ömür boyu narahat edən hissin adı var, bizim şeirlərimizin kökü, necə deyərlər, bizim poetik düşüncəmizin nəsli-nəcabəti var, bic deyil, calaq deyil. O səbəbdən hər hansı yaxınlıq mütləqdir.

Şəhriyar del Gerani
Şəhriyar del Gerani

Aqşinə də bunu irad tutublar bir vaxtlar. Amma, deyəsən Aqşin narahat olmuşdu buna görə, porsumuşdu (gülür). Bir saytda şeirləri getmişdi. Belə bir yeri vardı ki, "məni elə unut, heç kimin yadına düşməyim". Məndə də belə idi ki, "səni elə unudaram hamının yadından çıxarsan". Oxucular kommentarilər yazıb, "bu misra Şəhriyardan plagiatdı-filan".

Bu da tezdən tənginəfəs zəng eləyib məni yuxudan oyadıb ki, "əə, bə səndə elə misra var imiş, nəşə deməmisən mənə?" Mən də qayıtdım ki, "ayə, aman ver, yatım də. Ona qalsa məndən qabaq Vera Pavlovaya zəng elə ki, "kişi qadının vətənidir"i niyə məndən qabaq yazmısan? Necat İşlərə zəng elə ki, "adamlıq eyni qadına hər gün aşiq olmaqdır"ı niyə yazmısan? Xülasə, bir yol da mən porsutdum, söndürdü telefonu.

- Şəhriyar, bəziləri deyirlər ki, yer üzündə yaşayan sadə adamların ağrılarını, acılarını yazmaqdansa, postinsanı yazaq. Sən necə düşünürsən?

- "Poçt qutusu" hekayəsinin ədəbi cameə tərəfindən ən yaxşı hekayə seçilməsindən sonra yarandı bu söhbət. Mən də "Poçt qutusu"nu ciddi hekayə hesab etmirəm. "Bir rus olur, bir erməni, bir də azərbaycanlı" başlığıyla şablon anekdotlar vardı 1990-cı illərdə, həmin anekdotların daha bayağı forması kimi qəbul edirəm.

- Biz bəlkə "Poçt qutusu"nu kənara qoyaq. O hekayə öz tarixi qiymətini alıb. Heç bizim fikrimizə də ehtiyacı yoxdur. Məsələ ondadır ki, bu sorğudan sonra məlum oldu tənqidçilərin ümumiyyətlə, biz yazarlardan bir gözləntisi varmış: biz real insanın dərdini, problemlərini, acılarını yazmayaq. Hansısa qondarma üst-insanı yazaq. O barədə fikrini bilmək istərdim.

- Reallıqdan qaçanlar ya mifdən yazırlar, ya da belə sortbasort zadlardan. Ümumiyyətlə, adamın öz yaradıcılığı olmayanda nə desən, eləyir. Bu mövzuda deyiləsi sözüm yoxdur, keçək ayrı suala.

- Sənə elə gəlmir ki, oxucuların adətən sənin çox güclü şeirlərini unudurlar. Məsələn, "Sənin döşlərində körpə payı var, toxun qollarında körpə səsinə" kimi misralarının paylaşıldığını görməmişəm.

Şəhriyar del Gerani
Şəhriyar del Gerani

​ ​-Oxucuya diktə etmək olmaz ki, filan şeiri sev, filan şeiri çox sev, filan şeiri da lap çox sev. Mən şeirlərimin öz talelərini azad yaşamaqlarının tərəfdarıyam. Hansı şeir özünü kimə sevdirirsə, qoy gedib sevilsin, yaddaşlarda sülənsin, avaralansın.

Bunun başqa səbəbi də bu ki, yalnız kitabda gedən şeirlər var, onlar mətbuatda yayımlanmayıb, elektron versiyası yoxdur. Ona görə az paylaşılır, heç tirajlanmır. Məsələn, "Sunay Akına ithaf" şeirimdə bir yer var, çox sevirəm: "İnsanlar deyil də, daha çox ağaclar yalnız qalır məzarlar üçün kəsildiyində". Və ya: "körpələrin gülüşündə yuyarıq günahları, üzündə arzu tutarıq günəşli sabahlara”.

Adətən mənim özümün sevdiyim şeirlərimlə oxucuların sevdiyi şeirlər fərqli olur. Daha çox populyar olan şeirlərim də var ki, elə çox sevildiyinə görə gözümdən düşüb.

Fəridə Məmmədova
Fəridə Məmmədova

Fəridəylə çox rahat danışırıq bu mövzuda. Fəridə Məmmədova mənim çox sevdiyim şairdir. Şeir zövqü də mükəmməldir. Müəllifi olduğum elə misralar, şeirlər olub ki, onları mənə Fəridə sevdirib.

- Qəsdən kütlənin zövqünə hesabladığın şeirlər necə, olub? Yəni, qoy bir-ikisini də belə yazım, nə ziyanı var dediyin?

- Yox, olmayıb.Amma, sonradan elə alınan şeirlər olub. "Sən axı bilmirsən, hardan biləsən, üzünnən irağ - it kimi darıxmaq nə təhər olur" - bu şeir kütləviləşdi durduq yerdə. İndi bir hissəsini yazdım, 10-12 misralıq şeirdir, gecə Facebook-da paylaşıb yatdım. Sabah ayıldım ki, xeyli reaksiya gəlib. Çox ədəbiyyat saytlarında heç o qədər oxucu olmur. 200-250 nəfər paylaşmışdı. Minlərlə izləyicisi olan səhifələr-filan paylaşmışdılar. Təxminən 10-15 min civarında oxucu münasibət bildirmişdi. Elə həmin gün də gözümdən düşdü o şeir. Kütləviləşən heç bir sənət nümunəsi ali ola bilməz. Kütləviləşirsə, demək, nəsə çatmır.

- Azərbaycanda niyə poeziyada parlayan adamlar tələm-tələsik nəsrə keçirlər? Şeir kitablarına maraq azdır? Yoxsa nəsrin nüfuzu daha çoxdur?

- Şeirdən nəsrə keçmiş xeyli imzalar var. İstər dünya ədəbiyyatında, istər yerli ədəbiyyatda. Daha çox şeirdə boy göstərə bilməyən müəlliflər nəsrə keçirlər. Şeirin həqiqəti daha böyükdür. O həqiqətlə yaşamaq da, yazmaq da çətindir. Ümumiyyətlə isə şairə belə bir şərt qoymaq olmaz ki, nəsr yazma, şeir yaz.

Yaxşı şair həm də yaxşı yazıçı olur. Mən belə görmüşəm, belə oxumuşam. İstedadlı adam yaradıcılığın bütün sahələrində özünü təsdiq edə bilər.

- İqtisadi böhran getdikcə kitab çapına da təsir edir. Seymur Baycanın məlum Facebook statusuyla bu məsələ gündəmə gəldi bir daha.

Proqnozlar var ki, hələ irəlidə kitab çap eləmək daha çətin olacaq. Seymur çıxış yolunu onda gördü ki, kitabın maliyyəsi üçün ictimaiyyətə müraciət etsin. Sən çıxış yolunu nədə görürsən?

- Nəsimi demiş, "kitab" vaxtı deyil, şair. (gülür) Ümumiyyətlə, bir müddət kitab çıxarmaq sevdasını dincə qoymaq gərək...

- Vəziyyətin düzəlməyini gözləsən, bir şair kimi vəziyyətin düzəlməyində sənin rolun nə olacaq?

-Niyə rolum olmalıdı ki? Düzü, heç nəyə həvəsim qalmayıb. Çox yorğunam. Telefonla danışmağa da hövsələm qalmayıb heç. Atam da zəng eləyəndə deyirəm, başına dönüm, hiss etmirsənmi çərlədim? Bəsdi də. (gülür) Yəni, doğmalarla da, dostlarla da uzun-uzadı danışa bilmirəm. Ümumiyyətlə bu fikirdəyəm ki, biz sözlərdən çox istifadə edirik.

- Rəssam deyilik ki, fırçadan və rənglərdən istifadə edək?.. Zaman ayırdığın üçün təşəkkür edirəm.

- Var ol dəyər verdiyin üçün.

XS
SM
MD
LG