Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:33

Əli Hüseynli polis-vətəndaş işbirliyindən danışdı


Əli Hüseynli
Əli Hüseynli

-

«Bu fərman çox əhəmiyyətli bir sənəddir. Vətəndaşların ictimai asayişin qorunmasına cəlb edilməsi çox aktual məsələdir. Belə təcrübə bütün inkişaf etmiş ölkələrdə də mövcuddur».

Bu sözləri parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli vətəndaşların polislə işbirliyini nəzərdə tutan prezident fərmanını modern.az-a şərh edərkən deyib.

...FƏRMANLA GƏNCLƏR VAKANT YERLƏRƏ UYĞUN İŞLƏ TƏMİN OLUNACAQLAR

Komitə sədri fərmanın həm də yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətli olduğunu ifadə edib: «Əslində bu fərmanla fiziki sağılam, məhkumluğu olmayan gənclər vakant yerlərə müvafiq işlə təmin olunacaqlar. Bu baxımdan ictimaiyyətə, dövlətə xidmət etmək istəyən gənclərin işlə təmin olunması çox əhəmiyyətlidir. Əsasən də o kəslərin ki, onların daxilində dövlətə, vətənə, dövlətçiliyə , insanlara xidmət etmək xisləti var».

Ə.Hüseynli polislə əməkdaşlıq sisteminin yaradılmasının könüllülük prinsipinə söykənəcəyini deyib:

«Yəni, ictimai şüurda bir dəyişiklik olacaq. Cəmiyyətdə və ictimai yerlərdə baş verən xoşagəlməz, neqativ hadisələr azalacaq. Hansısa avtobus sürücüsünün nəqliyyat vasitəsini kobud şəkildə idarə etməsindən tutmuş hansısa ictimai yerdə, restoranda bir nəfərin digərlərinə qarşı qeyri-etik hərəkətinə qədər biz ictimai qınağı görəcəyik».

MEDİA İCTİMAİ ASAYİŞİ QORUYACAQ VƏTƏNDAŞLARI TƏBLİĞ ETMƏLİDİR...

Deputat deyib ki, bu məsələdə xüsusilə televiziyalar ictimai asayişin qorunmasında iştirak edəcək vətəndaşların müsbət obrazlarını yaratmalıdırlar.

«Bəzən media daha çox cüzi olan neqativləri göstərib, bir sıra hallarda «komik» obrazlar da yaratmağa çalışır. Məncə, daha çox müsbət obrazları yaratmaq lazımdır ki, insanlar hüquq-mühafizə və polis orqanlarına güvənsinlər. Jurnalistlər hansısa ağır bir cinayətin qarşısını almış vətəndaşı nümunə göstərməlidirlər ki, digər insanlar da bunu görüb cəsarətlənsinlər», - deyə Ə.Hüseynli bildirib.

XS
SM
MD
LG