Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:24

Türk ekspert: "Qarabağda status-kvo bir gün dəyişməliydi"


Şuşa 90-cı illərin Qarabağ savaşından sonra
Şuşa 90-cı illərin Qarabağ savaşından sonra

►Hərbi əməliyyat, güc nümayişi, yoxsa başqa dövlətin təpkisi?

Qarabağda baş verənlər ekspertlərin gözüylə

“Qarabağda baş verənlər daha çox hərbi məsələdir”, - “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə deyir.

AzadlıqRadiosuna müsahibəsində o, cəbhə bölgəsində baş verənləri Minsk qrupunun 22 illik “səmərəsiz danışıqlarının” nəticəsi sayır.

Elxan Şahinoğlu deyir ki, bu müddətdə Azərbaycan öz ordusunu möhkəmləndirib,müasirləşdirib və “bir gün Azərbaycan bu gücündən istifadə edəcəkdi”.

Müsahibimizin fikrincə, cəbhədə vəziyyətin gərginləşməsində “heç bir dövlətin barmağı” yoxdur:

“Nə Rusiyanın, nə Amerikanın, – hətta Rusiya mətbuatı Erdogan-ın adını çəkir, – heç kimin rolu yoxdur. Azərbaycan illərdi davam edən status-kvonu dəyişmək və beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ ətrafında işğal edilmiş torpaqlara yönəltmək istəyir ki, Ermənistanı sülhə məcbur etsin”.

Rusiya rəsmiləri Azərbaycan əleyhinə açıqlama vermir

Siyasi şərhçi hesab edir ki, bu revanşın nəticəsi var, “artıq AŞPA sədri, bəzi avropalı deputatlar da deyir ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməlidir. Elxan Şahinoğlunun fikrincə, atəşkəs elan edilsə də, buna əməl etmək çətin olacaq, çünki Azərbaycan cəmiyyətində torpaqların güc yolu ilə azad edilməsinin mümkünlüyü ilə bağlı fikir formalaşıb, o deyir: “Bununla belə, böyük dövlətlərinin özlərini necə aparmasından çox şey asılıdır. Rusiya rəsmilərinin açıqlamalarını izləyirəm, hələ ki, Azərbaycan əleyhinə açıqlamalar yoxdur”. Elxan Şahinoğlu bunu Azərbaycanın Rusiya ilə normal münasibət qurması ilə izah edir.

Elxan Şahinoğlu əlavə edir ki, Rusiya Ermənistanla strateji müttəfiq olsa da, hüquqi əsası olmadığından baş verənlərə açıq-aşkar hərbi müdaxilə edə bilmir. O, Rusiyanın Ukraynada açdığı cəbhəni, ora “yaşıl adamların” göndərməsini xatırladıb deyir ki, qonşu dövlət Azərbaycan-Ermənistan arasındakı münaqişəyə birbaşa dəstək versə, Ermənistana da “yaşıl adamlar” göndərsə, o zaman Azərbaycana da onun yüksək münasibət saxladığı ölkələrdən “yaşıl adamlar” gələ bilər.

“Azərbaycan hədəfə dəyib”

Ermənistan prezidenti Serj Sarksyan-ın Azərbaycanla danışmağa hazır olduğunu bəyan etməsi göstərir ki, Azərbaycanın cavab tədbirləri hədəfə dəyib. Bunu Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir. O, cəbhədəki vəziyyətin gərginləşməsində Rusiyanın marağının olmasını, son vaxtlar Azərbaycan hakimiyyətinin Qərblə yaxınlaşma nümayişini, prezident İlham Əliyevin ABŞ-a səfərinin rolunu istisna etmir, deyir ki, bəlkə də Rusiya Azərbaycanın belə qəti cavab verəcəyini gözləmirmiş:

“Rusiyanın xarici işlər naziri Sergei Lavrov hər iki tərəfdən atəşi dayandırmağı tələb elədi. Yaxın vaxtlarda Rusiyadan böyük nümayəndə heyətinin gəlişi gözlənir. Belə deyək, kartlar danışdı, proseslər Rusiyanın istədiyi plan üzrə getmədi”.

“Status-kvo bir gün dəyişməliydi”

Türkiyədə yerləşən Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay Qarabağda vəziyyətin gərginləşməsinin mənbəyini ABŞ-da keçirilən Nüvə Təhlükəsizlik Sammitində görür. Deyir ki, ABŞ yetkililərinin Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişməsi üçün Əliyev-Sarksyan görüşməsinin təşkili ideyası Rusiyaya çatdırılandan sonra erməni tərəfi cəbhə boyu atəşkəsi pozub:

“Qarabağın bu qədər davam edən status-kvosunun bir gün dəyişəcəyini gözləmək olardı. Azərbaycan öz torpaqlarının işğaldan azad olunmasını beynəlxalq ictimaiyyətə diplomatik yolla izah edib Qarabağı azad etsə, bu, ölkənin uğurudur”.

“...Rusiyaya cəbhə aça bilərlər”

Hasan Oktay əlavə edir ki, münaqişənin uzanması hər iki ölkəyə fayda gətirməyəcək. Onun sözlərinə görə, Ermənistan büdcəsinin böyük hissəsini Qarabağa xərcləyir, bu isə iqtisadiyyatı zəif ölkədə xalqı daha da səfilləşdirir, Azərbaycan isə ordusunun büdcəsinin Ermənistanın dövlət büdcəsinə bərabər olması ilə öyünür və xalq isə bunun müqabilində nəticə görmür və bütün bunlar hər iki ölkədə narazılıq yaradır:

“Hər iki ölkənin xalqı Qarabağın indiki statusundan narahatdır, ona görə də hər iki dövlətin rəhbərliyi münaqişəni diplomatik yolla çözməyə çalışmalıdır”.

Hasan Oktayın fikrincə, yoxsa Qarabağ münaqişəsi vasitəsilə regionda Rusiyaya qarşı cəbhə açmaq istəyənlər ola bilər, bu isə bölgədə ciddi böhran yarada bilər.

XS
SM
MD
LG