Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:38

Azərbaycanda estetik dava varmı? [Sorğu]


-

"20-ci illər proletar kulturası dövründə yenilikçi ədəbi qüvvələr "Rədd olsun tar, səni sevmir proletar" deyirdilər, bunun qarşılığında M.Müşfiq "Oxu tar" şeirini yazmışdı..."

Azərbaycan ədəbiyyatında və incəsənətində bir sıra böyük davalar olub, bu gün də var. Bu davaların nə davası olmasının özü də mübahisəlidir: təşkilat, siyasi mövqe, münasibət, şəxsi nüfuz davasıdır, ya yoxsa bədii-estetik məsələlərdən doğan dava? Ədəbiyyatşünaslar, şair və yazıçılar bu barədə nə düşünürlər?

Murad Köhnəqala: "Ədəbiyyatımız izmlər üzərində inkişaf etmədiyinə görə..."

Murad Köhnəqala
Murad Köhnəqala

İncəsənət növlərinin inkişaf etdiyi ölkələrdə yaranmış ayrı-ayrı cərəyanlar arasında mübahisələr və davalar həmişə olub.

Məsələn, Avropada İntibah dövründən bu yana müxtəlif sənət növləri arasında hələ də davam edən mübahisələr əslində ümumi inkişafa xidmət edir. Müşahidəmə görə, qızğın polemikalar daha çox rəssamlar, şair-yazıçılar və musiqiçilər arasında olur. Bu da həmin sənətlərin yenilik və çeviklik tələb etməsindən irəli gəlir.

Söhbət bizim ədəbiyyatımızdan gedəcəksə, deməliyəm ki, burada yeni ədəbi cərəyanlara meyl çox zəifdir. Lakin zaman-zaman nəsillərarası ortabab qarşıdurmalar gözə çarpır. Bu isə daha çox atalar və oğullar tipli, inkarçılığa köklənən ənənəçilər və yenilikçi gənclər arasındakı münaqişəyə əsaslanır. Həmin fərq də kənardan müəyyən qədər estetik savaş görüntüsü yarada bilir.

Ədəbiyyatımız izmlər üzərində inkişaf etmədiyinə görə, buradakı ədəbi mübarizə cərəyanlar arasında yox, ayrı-ayrı təşkilatlar və ədəbi banda başçıları arasında gedəsi olur.

Sadaladığım problemlər və digər səbəblər üzündən ədəbi mühitdə özünü novator adlandırmaq qədər riskə girən bəzi "cəsur" gənclərin yazdıqıqları ictimai çəkidən məhrum, estetik baxımdan Əbül Üla Gəncəvidən də ixtiyardı. Sadəcə, başlarına dolamalı olduqları çalma bu gün boğazlarında şərf kimi görünür...

Cavanşir Yusifli: "Yazmamaq həsrəti..."

Cavanşir Yusifli
Cavanşir Yusifli

Estetik davanın olması üçün bir mühit, şərtlər və səbəblər olmalıdır. Fikrimcə, indi bunların heç biri qaneedici həddə deyil, estetik dillə.

Olması zənnimcə, gözlənilir. Adamlar qələmi saxlayıb, başlarını qaldırsalar və bir az düşünsələr, yaxşı bir başlanğıc olar. İndi vəziyyət belədir: yazmaq az qala mexaniki bir prosesə çevrilib, yazmamaq həsrəti olmalıdır, yəni yazmaq istədiyindən vaz keçmək, bu yoxdur və hər şey çox kədərlidir.

Qan Tural: "Bu, şəksiz ki, estetik bir mübarizədir"

Qan Tural
Qan Tural

Nəzərə alaq ki, nəsillər arasındakı iyirmi illik bir fərq olur. Özü də bu iyirmi il 1870-illə 1890-cı ilin fərqi deyil. Bu iyirmi ildə SSRİ dağılır, ikiütblü dünya başa çatır, Berlin divarı sökülür, Fukuyama tarixin sonu çatdığını bəyan edir, bütün əski düşüncələr darmadağın olur, postmodernizm dalğası güclənir, dini fundamentalizm aktuallaşır, SSRi-nin qapalı sistemi əvəzində biz vasitəsiz filansız dünya mədəniyyətinə inteqrasiya olunuruq, Qarabağ müharibəsi başlayır, cəmiyyətdə dekadens ovqat yaranır və bütün bunlar küll halda yeni düşüncəni, yeni fikirləri aktuallaşdırır, motivə edir.

İndi bu fonda yaşlı və gənc yazıçılar arasında dünyagörüşü, estetik fərq olmamağı mümkündürmü? Yaradıcılığa Xruşşov dövrünün mülayimləşməsi ilə başlayıb durğunluq və yenidənqurma illərini keçən yazıçı ilə gözünü müstəqil Azərbaycanda açan yazıçı dünyanı eyni cür görə, eyni estetik duyumla qavraya bilərmi? Düşüncələr arasındakı bu mühüm fərqlər estetik mübarizəni şərtləndirir.

Tehran Əlişanoğlu
Tehran Əlişanoğlu

Tehran Əlişanoğlu: "Estetik dava var, amma köhnə-boyat estetik cəbbəxanada"

Azərbaycan ədəbiyyatında estetik dava, məncə, var. Yoxsa hansı ədəbiyyatdan danışa bilərik?! Hansı qrup imitasiyasından, nüfuz davasından söz deyə bilərik?

Bədii-estetik iddiaya gəlmirsə, hamısı yalandır, qəlpdir, simulyakrdır. O ayrı söhbətdir ki, ədəbiyyat davası bizdə köhnə-boyat estetik cəbbəxanada gedir. Yüz ilin olsun, ya on ilin köhnəSi… YeniSi çatışmır – həqiqət budur. Həqiqət davası çatışmır – bəla bundadır…


Rasim Qaraca: "AYO qrupu məhz estetik yenilənmə şüarıyla meydana atılıb"

Rasim Qaraca
Rasim Qaraca

Ədəbiyyat sahəsində estetik dava bu və ya digər dərəcədə hər zaman olub. Yadımıza salaq, Mirzə Cəlil - Əli bəy Hüseynzadə, Səməd Vurğun - Cavid davasını.

20-ci illər proletkult dövründə yenilikçi ədəbi qüvvələr "rədd olsun tar, səni istəmir proletar" deyirdilər, bunun qarşılığında M.Müşfiq "Oxu tar" şeirini yazmışdı. Mikayıl Rəfilinin "Mədəniyyət və İnqilab" jurnalında modernist qərb incəsənətinə dair, bu gün belə, aktuallığını itirməyən məqalələri dərc olunurdu.

Dünyada olan estetik cərəyanlara "burjua mədəniyyəti" adını qoyublar və rəsmən qadağan olub.

Repressiya illərindən sonra, ta 2000-ci ilədək olan dövrü ədəbiyyatımızın durğunluq dönəmi adlandırmaq olar.

"Şəhər nəsri - kənd nəsri" səviyyəsində məhəlli davalar olub, dünyada olan estetik cərəyanlara "burjua mədəniyyəti" adını qoyublar və rəsmən qadağan olub. Buna görə də şeir və nəsr sahəsində dünya səviyyəli boy artımını görə bilmirik. Buna görə də xaricdə bizim ədəbiyyatımızı folklorik ədəbiyyat sayırlar. Azərbaycan deyəndə ffuu deyirlər, yəni folklor... Yeni milleniumun başlamasıyla AYO qrupu məhz estetik yenilənmə şüarıyla meydana atılıb. Sadəcə bir başlanğıc deyək buna. Dünya dilində danışmağa başlayan, ilk yazarlarımız ayoçulardır...

Rəşad Məcid
Rəşad Məcid

Rəşad Məcid: "Estetik davanın çalarları..."

Bizdə estetik davanın çalarları, işartıları var. Amma əsasən dava şəxsi, təşkilat müstəvisində davadır. Bir-birinin əsərlərini ciddi şəkildə bəyənməmələri, buna əsaslanan estetik dava elə də hiss olunmur.

Seymur Baycan: "Estetik savaş var. Sadəcə bu savaşı görmək istəməyən adamların sayı çoxdur"

Seymur Baycan
Seymur Baycan

Bu sual tənqidçilərə ünvanlasa daha yaxşı olar. Amma bizim ölkədə tənqidçilərin çoxu büdcədən maliyyələşən yaradıcı təşkilatlardan, büdcədən maliyyələşən jurnallardan, qısası, məmurlaşmış yazıçılardan maaş aldıqlarına görə onlar bu suala obyektiv cavab verə bilməzlər. Bəzən mənə deyirlər, filan tənqidçi sənin haqqında yazıb, mənim isə cavabım qısa olur: azad olmayan adamın nə tənqidi, nə də tərifi mənə lazım deyil. Tənqidçilərin çoxu azad olmadıqları üçün sözlərinin kəsəri itib, az-çox öz sərbəstliyini qoruyub saxlayan yazıçılara qarşı çox tələbkar olduqları halda məmurlaşmış yazıçılara yalmanmaq fürsətni qaçırmırlar.

Estetik savaş var. Sadəcə bu savaşı görmək istəməyən adamların sayı çoxdur, bizim isə sayımız çox azdır. Müxalifətli-iqtidarlı çox adam soet dövründə yetişdirilmiş parnik ziyalılarının tərəfindədirlər, hələ də onlara heyranlıqlarını bildirməkdədirlər, hələ də onların şişirdilmiş obrazlarından qorxmaqdadırlar. Yadımdadır, Anar Rzayev bizim haqqımızda biabırçı həcvini yazanda nə qədər adam təəssüf hissi keçirmişdi. Təəssüf hiss keçirmişdilər ki, axı o niyə bizə həcv yazıb.

Saytlarda, qəzetlərdə çalışan adamların bədii zövqü çox aşağı səviyyədədir, hələ də nə qədər adam müəllifi olduğum “18, 6 cm” romanımı ədəbiyyat hesab etmir. Əslində “18,6” romanı Azərbaycan oxucusu üçün ən az otuz il tez yazılmış romandır. Bizim oxucuların “18,6 cm”-i ədəbiyyat kimi görməsinə ən azı otuz il var. Yaxşı ki, üç kitabım rus dilinə çevrildi, yoxsa bizim oxucuların ümidinə qalsaydım, özümə qarşı şübhələr yarana bilərdi.

Ülvi Babasoy: "Söyüşmə-deyişmə mərhələsi bitib. İndi yeni estetika axtarışları var"

Ülvi Babasoy
Ülvi Babasoy

Əslində estetik dava yox, estetik rəqabət. Ədəbiyyat, sənət naminə sağlam rəqabət. Estetik manifest. Estetik tendesiya. Adın önəmi yoxdur. Qoy olsun, estetik dava. Estetik dava mətnlə olmalıdır. Hər şeyi mətn həll etməlidir. Dünyada belədir. Bu proses bizdə də olub.

İndi isə... Son 15 ildə estetik dava daha çox dəstə və qrupların söyüşlü deyişməsindən “yaranır”. Estetikasız, filansız. Fərdlərin və ədəbi birliklərin estetik konsepsiyası ya yoxdur, ya da çox sürüşkəndir. Bir tərəfdə 19-cu əsr ənənələri, digər tərəfdə isə süni texnarlıq innovasiyası. Məqsəd yeni ideya və struktur estetikası yaratmaq olmalı. Estetik dava mənfəət mübarizəsinə çevrilməsə yaxşdır. Elə ki, şəxsi qazanc ön plana keçdi, ədəbiyyatdan söz gedə bilməz. O zaman tərəflər arasında mediatik, populist davalar gedir. Gənclər də ədəbiyyat alverinə dözə bilmirlər. Beləcə, istedad korlanır:

Məmurlaşan, bəzən də iyrəncləşən “ədəbiyyatın” varlığı gəncləri yazmağa qoymur. Hazırda mənfəət davası daha güclüdür. Bir neçə istedadlı gənc yazar çətin şəraitdə oxuyur, düşünür və yazır. Ümidimiz onlaradı. Yeni gənc nəslin formalaşmasında Azad Yazarlar Ocağı çox böyük işlər gördü. Hesab edirəm ki, söyüşmə-deyişmə mərhələsi bitib. İndi yeni estetika axtarışları var. Gənclər ciddi səy göstərirlər. Bununçün çox böyük enerji sərf edirlər. Ən azından ədəbi eksperimentlər ümid doğurur.

Keçmişə baxaq. Ən böyük estetik dava kimin olub? Mirzə Fətəlinin. Axundov ədəbi-mədəni estetika inqilabını başlatdı. Bu, xalis estetik dava, xalis estetik mübarizə idi. “Fətəli fəthi” bütün dövrlərə çatdı. Çingiz Hüseynovun romanına qədər gəldi. Və orada ölümsüzləşdi. Mirzə Fətəlidən sonra mollanəsrəddinçilər və füyuzatçılar. Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev və Sabirin realist estetikası. H. Cavid, M. Hadi romantikası. Onların ədəbi-estetik miqyası nəylə ölçülə bilər ki?! Sərhədsizdir, eləmi?! Yaxud, İsa Hüseynov, Yusif Səmədoğlu və Çingiz Hüseynov triosu. Özümüzü keçib dünya estetikasına qovuşdular. Bilinənləri xatırladım. Çünki indiki gənclik ehtirasla mütaliə edir və təcrübi mətnlər yazır. Sıra onlara gəlib. Dövr onlarındır. Ədəbiyyatımıza qərəzsiz estetika davası diləyirəm. Daxili rahatlığı qoruyaq, qalanı düzələn şeydir. Davamız mübarək olsun!

Qismət Rüstəmov: "Sərf etmir"

Qismət Rüstəmov
Qismət Rüstəmov

Azərbaycan ədəbiyyatında estetik dava yox dərəcəsindədir, istisnaları çıxmaq şərtilə, bu haqda düşünmək bu gün heç kimə maraqlı deyil, yaxud da sərf etmir. “Sərf etmir” dedim, çünki ədəbi mühitimizdə normal polemika atmosferi və müzakirə etikası yoxdur, hər söhbətin arxasında ya üçüncü növ utilitarizm sezilir, ya da nifrətə qədər gedib çıxan şəxsi qəzəb.

Bizdə qruplar, təşkilatlar estetik prinsiplər ətrafında birləşməyiblər, birləşə bilmirlər. Dünyada az qala yarım əsr bundan əvvəl həll olunmuş məsələlər təzə şeymiş kimi gündəmə gəlir. Məsələn, bədii mətndə ləhcədən istifadə etmək olarmı, nə bilim, kitabdangəlmə-həyatdangəlmə ədəbiyyat və s.

Bir dəfə tanınmış ədəbiyyatçılardan birinə tərcümə olunmasını arzu etdiyim, bəzilərini özüm tərcümə etmək istədiyim ədəbiyyatla, sənət tarixi ilə, estetika ilə bağlı bir siyahı təqdim etdim. Məsələn, Theodor Adorno'nun “Minima Moralia”sı, Walter Benjaminin “Pasaj”larını və s. Həmin ədəbiyyatçı siyahıya uzun-uzun baxdı, bir siqaret yandırdı və dedi: “Yaxşı ktiablardı, amma kimə lazımdır axı bunlar? Hamısı analitikdir.”

Şərif Ağayar: "Azərbaycan ədəbiyyatında sovet hökuməti hələ də dağılmayıb, ona görə..."

Şərif Ağayar
Şərif Ağayar

Məncə, Azərbaycan ədəbiyyatında nəsillər arasındakı əvəzlənmə öz təbii axarı ilə getmədiyi üçün dərin estetik dava da yoxdur. Təbii ki, 2000-ci illərin əvvəlində Azad Yazarlar Ocağı bu mübarək mücadiləni başladı, ancaq yeni dövr yazarlarının enerjisinin çoxu ədəbiyyatda bütə çevrilmiş imzaların olduğu kimi tanıdılmasına yönəldi. Ədəbi mühitdəki murdarlıqları ifşa etmək ən başlıca amal idi. Bu murdarlıqlar vardısa, estetik dava necə başlaya bilərdi?! Bizdə sadəcə iki qütb yarana bildi: idarə olunan ədəbiyyat və azad ədəbiyyat.

Siz deyən estetik dava azad təşkilatların, azad istiqamətlərin formalaşmasından sonra onların arasında başlamalı idi. Bu proses baş vermədi. İndi qismən müxtəlif ədəbiyyat saytlarında estetik mübahisələr gedir. Amma küll halında yalanla doğrunun, boyunduruqla azadlığın, antiədəbiyyatla ədəbiyyatın savaşı gedir. Çünki bizim ədəbi mühitdə iqtidar həmişə yalanın, boyunduruğun və antiədəbiyyatın əlində olub.

Azərbaycan ədəbiyyatında sovet hökuməti hələ də dağılmayıb, ona görə plüralizm, liberalizm kimi müasir dəyərlər yerinə oturmayıb. Ancaq proses getmir söyləmək də insafsızlıq olar. Gedir, sadəcə Azərbaycanvari gedir. Hər halda dayanmamağına sevinməliyik.

XS
SM
MD
LG