-
Gürcüstanda subayları siyahıya alırlar; Türkiyə Rusiyanın qabağından qaçmır – 11 may Qərb mediasının icmalı.
Avropada homoseksualların ən pis yaşadığı ölkə Azərbaycandır. Bunu mayın 10-da açıqlanmış LGTB indeksinə əsasən söyləmək olar. «The Guardian» qəzetinin yazdığına görə, Azərbaycan bu qurumun kriteriyalarının yalnız 5%-nə uyğun gəlib.
ILGA –Avropa Göyqurşağı İndeksi (ILGA-Europe Rainbow Index) Avropanın 49 ölkəsinin qanunlarını, siyasətini, bunların LGTB icmalarına təsirini araşdırır. Ən aşağı balları Ermənistan, Rusiya və Azərbaycan alıb. İndeksin başında isə 80%-dən yuxarı göstəricilərlə Malta, Belçika və Böyük Britaniya gəlir.
Qurum vurğulayır ki, Azərbaycanda homoseksuallıq qadağan olunmasa da, LGTB icması nifrət cinayətlərindən və ayrı-seçkilikdən qoruna bilmir.
«Zorakılıq və nifrət qurbanlarına çevrilən sosial qruplar içində ən çox əziyyəti biz çəkirik», - azərbaycanlı fəal Cavid Nəbiyev deyir. «Hər il yüzlərlə LGBT üzvü ailəsi və ətrafdakı insanların fiziki, psixoloji və iqtisadi zorakılığına məruz qalır. Onları öldürürlər, ikili həyat yaşamağa məcbur edirlər, intihara əl atır, yaxud ölkədən gedirlər».
Nəbiyev hazırda Almaniyada qaçqın sığınacağında qalır, kiçik otağının divarları LGBT və Azərbaycan bayraqları ilə bəzədilib. O deyir ki, başına gələnlərə baxmayaraq, vətəni üçün darıxır. Cavid Azərbaycanda oğlan dostuna evlilik təklif edəndən, nişan mərasimlərinin fotoları Facebook-da yerləşdiriləndən sonra ona təzyiqlər artıb və ölkəni tərk etməli olub.
«ILGA-Avropa»nın proqram direktoru Bjorn van Roozendaal-ın fikrincə, Şərqlə Qərb arasındakı gərginlik LGBT haqları uğrundakı mübarizənin kökündə durur. «Regionda böyük geriləmə baş verib. Bir ümumi cərəyan odur ki, Ermənistan, Azərbaycan və Rusiya özlərini Qərbdən uzaqlaşdırmağa çalışırlar və LGBT mübarizəsi də bu çarpışmanın mərkəzində dayanır. LGBT-yə Qərbdən gələn müasir dəyər kimi baxılır və bu mentalitet LGBT icmasına baha başa gəlir».
Yazıda Azərbaycanın Avropa Şurası üzvü kimi Avropa İnsan Haqları Konvensiyasını imzaladığı vurğulanır. AB parlamenti 2015-ci ilin sentyabrında qəbul etdiyi qətnamədə LGBT icmasıyla bağlı durumdan dərin narahatlığını bildirib. Amma Bjorn van Roozendaal bu qətnamənin təsirinə inanmır. «Məncə, Azərbaycan kimi ölkələr AB-nin nə düşündüyünü vecinə almır. Məncə, onlar LGBT hüquqlarının təbliğatçısı kimi görünmək istəmirlər».
O, «ILGA-Avropa»nın Azərbaycanda gördüyü işlər barədə açıq danışmır, çünki bu halda həmin işə də, adamlara da risk yaranmış olur: «Hökumət bu fəaliyyəti xeyli çətinləşdirir ki, bu da çox kədərlidir».
Van Roozendaal deyir ki, LGBT icmalarını dəstəkləməyə çalışırlar, onları riskdən necə yayınmaq, nifrət cinayətlərini sənədləşdirmək üzrə maarifləndirirlər. Ancaq ayrı-ayrı qrupları dəstəkləmək də çox çətindir: «Ölkəyə gedən pul ciddi nəzarət altındadır. Bu baxımdan, maarifləndirmə kampaniyasına pul ayırmaq qəlizləşib».
GÜRCÜLƏRİ EVLƏNDİRƏCƏKLƏR
Gürcüstanda nikah bağlayanların və yeni doğulan körpələrin sayı azalır. Artıq ölkə üzrə subay kişi və qadınların siyahıya alınmasının başlandığı bildirilir. Layihəni qeyri-kommersiya təşkilatı olan Demoqrafik İnkişaf Fondu (DDF) həyata keçirir. Bu barədə Eurasianet.org saytında Giorgi Lomsadze yazır. Fond nikah və doğuşun azalmasının Gürcüstanı «demoqrafik fəlakət»ə sürüklədiyini düşünür və hökumətin xüsusi evlilik xidməti yaratmasını vacib sayır.
«Bütün subayları, dul kişi və qadınları, boşanmışları siyahıya alacaq, onlar barədə məlumat bazası yaradacağıq», - Fondun prezidenti Davit Khizanishvili deyib.
Fond artıq işə başlayıb, subayların çəkisi, boyu, zodiak əlamətlərini toplayaraq bazaya əlavə edir və bütün bunların xüsusi agentlik tərəfindən idarə olunacağını bildirir.
2015-ci il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanın əhalisi 3 milyon 729 mindən çox olub. Bu, 2002-ci ildən bəri 14.7%-lik azalma deməkdir.
Gürcülər ailə, uşaq məsələsinə ciddi yanaşsalar da, bu evləndirmə xidməti təklifinə şübhəylə baxırlar. Bəziləri hökumətin adamları evlənməyə məcbur edəcəyindən ehtiyatlanır. İctimai tənqidin bir səbəbi də layihənin arxasında biznesmen Levan Vasadze-nin durmasıyla bağlı fikirlərdir. O, homoseksuallara və abortlara kəskin münasibəti ilə ad çıxarıb. DDF isə biznesmenin bu kampaniyaya bağlılığını yalanlayıb.
Hələlik, hökumətin layihəni dəstəkləyib-dəstəkləməyəcəyi bəlli olmasa da, Gürcüstan Pravoslav Kilsəsi artıq dəstəyini bildirib.
TÜRKİYƏ RUSİYANIN QABAĞINDAN QAÇMIR
Türkiyə rusiyalı pilot Oleg Peshkov-un ölümündə günahlandırılan şəxsi azadlığa buraxıb. Pehskov Türkiyə ötən ilin noyabrında Rusiyanın «Su-24» təyyarəsini vuranda həlak olmuşdu. Həmin insidentdən sonra Türkiyə-Rusiya münasibətləri xeyli gərginləşdi.
«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, Alparslan Çelik-in martın 31-də həbsi münasibətlərin yaxşılaşmasına doğru vacib addım sayıla bilərdi. Ancaq indi onun buraxılması gərginliyin qalacağını göstərir.
«Türkiyədən ötrü bu gərginliyin qalması o deməkdir ki, Suriya daxilində əsgərlərinə təhlükəsiz zona yaratma planları reallaşmayacaq. Ankara anlayır ki, Kremllə razılaşmasız Suriyanın şimalına göndərilən istənilən qüvvə Rusiyanın hücumuna məruz qalacaq. Türkiyə bu zonadan istifadə edərək «İslam Dövləti» (İD) silahlı qruplaşmasıyla savaşar, kürd qruplarını da nəzarət saxlayardı. Eləcə də, Türkiyənin dəstəklədiyi suriyalı üsyançılar bu zonadan faydalanardı… Amma Rusiya keçmiş sovet periferiyasında Türkiyə və NATO-nun nüfuzunu sarsıtmağa çalışır və bu plana qarşıdır. Moskva ciddi güzəştlər olmadan Türkiyənin bu addımını dəstəkləməz».
«Ancaq gərginliyə baxmayaraq, Türkiyə və Rusiyanın ümumi hədəfləri mövcuddur. Hər ikisi Suriyada İD-ni məğlub etmək istəyir. Bu səbəbdən, Rusiya Türkiyənin Suriyada İD hədəflərini vurmasına dözə bilər. Türkiyənin şənbə günü yalnız sərhəddə konkret hədəfləri vurması da Rusiyanı çox qıcıqlandırmadı. Ancaq barışıq olmadıqca, Rusiya Ankaranın Suriyada istənilən fəaliyyətini pisləməkdə davam edəcək», - məqalədə vurğulanır.