Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 09:07

Azərbaycanın öz Ərdoğanı yetişə bilərmi?- Altay Göyüşov yazır


Altay Göyüşov
Altay Göyüşov

►Azərbaycanda da Türkiyədəki proseslər yaşana bilərmi?

Sekulyar müxlaifətin sistematik şəkildə sıradan çıxarılması siyasiləşmiş İslamın alternativ kimi meydana çıxmasına gətirib çıxara bilir...

Altay Göyüşov

AZƏRBAYCANIN ÖZ ƏRDOĞANI YETİŞƏ BİLƏRMİ?

SSRİ-nin süqutundan 25 il keçir.

Belə görünür ki, 1980-ci illərin sonlarından bəri Azərbaycanda intensivləşən dini dirçəlişin artım dinamikası indi müəyyən dərəcədə səngiyib.

Bu dövr ərzində müxtəlif dini qrupların yayılma sürəti sovetlərdən çıxmış nəsildə, yaxın prespektivdə olmasa da, şəriət idarəçiliyi xofu yaradırdı.

Amma indi artıq ölkənin həyatına yeni, postsovet nəsli daxil olub. Bu gənclik ictimai-syasi baxışlarına görə yekcins deyil və əsasən, sekulyardır. Bu fonda isə teokratik dövlət perspektivləri elə də inandırıcı görünmür.

Sekulyar ziyalıların – intellektualların rolu

Bu o deməkdir ki, 19-cu əsrdən maarifçilərimiz tərəfindən həm sünni və şiə kəsimlərini birləşdirəcək məlhəm, həm də ümumiyyətlə, zaman və tərəqqinin tələbi kimi təlqin edilməyə başlamış, ilk demokratik respublikanın qurulması ilə rəsmilik möhürü vurulmuş dünyəviliyin, “azərbaycanlı” kimliyinin dayanıqlı bir tərkib hissəsi olması faktı süniliyə, aldanışa oxşamır.

Vaxtilə, Rusiyada imperiyanın süqutu bir çox müsəlman bölgələrində milli hərəkatların aktivləşməsi ilə nəticələnmişdi. Lakin istər Şimali Qafqaz, istərsə Orta Asiyadan fərqli olaraq, Azərbaycanda bu hərəkatın aparıcı qüvvəsi şəriət idarəçiliyi istəyənlər deyil, sekulyar ziyalılar - intellektuallar olub.

Oxşar hal SSRİ-nin dağılmasından sonra da özünü göstərib. Yenə Orta Asiya və Şimali Qafqazdan fərqli olaraq, bizdə postsovet dövründə milli hərəkatın əsas ideologiyası islamçılıq deyil, məhz Cümhuriyyət dövründə olduğu kimi, sekulyar millətçilik olub.

Üst kimlik

Qlobalizasiya və internet çağında informasiyanın sərhədləri genişləndikcə, həyat şəraiti yaxşılaşdıqca Azərbaycanda sekulyarizmin dərinləşməsi labüddür. Amma davamlı olması üçün demokratik cəmiyyət və onun təklif etdiyi mexanizmlər də işə düşməlidir. Tənqid və suallara, müzakirə və güzəştli razılaşmalara meydan olmalıdır.

Sözsüz ki, SSRİ dövründə sekulyarizmin sərhədləri daha da genişlənib. Dünyəvilik üzərində formalaşmış “azərbaycanlılıq” yalnız maarifçi elitanın deyil, yerli şiə və sünni müsəlmanların əksəriyyətinin üst kimliyinə çevrilə bilib.

Sekulyarizmin SSRİ-də bu güclənməsi stalinizmlə, yəni “Mübariz Allahsızlar cəmiyyətinin” simvoluna çevrildiyi repressiv basqı dövrü ilə deyil, daha çox Xruşşov mülayimləşməsindən sonra həyatın müxtəlif sahələrində baş verən ümumi tərəqqi və həyat şəraitinin yaxşılaşması ilə əlaqədardır.

Məsələ burasındadır ki, 1920-1930-cu illərdə modernləşmə məqsədilə dinin sərt üsullarla təsirini məhdudlaşdırmaq siyasətinə Atatürk Türkiyəsində, Rza şah İranında, hətta qismən Əmənulla xan Əfqanıstanında da əl atılıb. Lakin sonucda İslami hərəkat əks həmlə ilə bu basqının, belə demək olarsa, əvəzini çıxmağa müvəffəq olub, nəinki mühafizəkar dini təbəqə, hətta sekulyarlaşmış kəsim belə xeyli şəkildə siyasi İslamı dəstəkləyib.

Dünyəviliyə potensial təhlükə - totalitarizm

SSRİ-də bu adıçəkilən ölkələrlə müqayisədə İkinci Dünya Müharibəsindən sonra həyat şəraitinin gözəçarpacaq dərəcədə yaxşılaşması sekulyarlaşmanı daha da dərinləşdirib, ancaq burada da totalitar sistem dünyəviliyə potensial təhlükə mənbəyi olub. (Ardı aşağıda)

Bakıda Fatimeyi Zəhra məscidi ətrafında ibadət
Bakıda Fatimeyi Zəhra məscidi ətrafında ibadət

Totalitar idarəçiliyin sekulyarlaşmanı “mübariz ateizm”lə əvəzləməsi, yəni basqı ilə dini sıradan çıxartmaq cəhdləri rəsmi təbliğata inamsızlıq yaradırdı. Problem konservasiya olunur, reallıqla görüntü arasında ziddiyyət formalaşırdı. Din, sadəcə, belə demək mümkünsə, gizlənir və əks həmlə üçün məqam gözləyirdi.

Camaat müsəlman kimliyinə emosional bağlılığını saxlamışdı və basqı sisteminə inamsızlıq səbəbilə bu emosional bağlılıq bəzi hallarda zora passiv etiraz forması kimi dərinləşirdi. Nəticədə, sistemin zəifləmə anında dinin dirçəliş ehtimalı yaranırdı. Sovet dövlətinin çöküşü ilə onun ateizm sahəsində elan etdiyi nailiyyətlərin zəifliyi bütün qabarıqlığı ilə üzə çıxdı və hətta güclü sekulyar maarifçilik ənənələrinə malik omayan Orta Asiya və Şimali Qafqazda din dünyəvi düzənə əksəriyyətin rəğbət bəslədiyi əsas alternativə çevrildi.

____________________________________________________________

Bunlara da bax:
“Ya torpaqlarımıza qayıdaq, ya da imkan versinlər, tualet tikək”
''Heydəristan'ı fransızca yazacam'

____________________________________________________________

İslami bağlılıq və dünyəvi milli kimlik

Azərbaycanda isə gedişatdan məlum oldu ki, əksəriyyətin emosional İslami bağlılığı ilə dünyəvi milli kimliyi arasında özünəməxsus münasibətlər mövcuddur. Din məişət həyatının müxtəlif sahələrində özünü büruzə verir, güclü islami kimlik var, amma şəriət idarəçiliyi və dinin bəzi digər doqmaları ilə ziddiyətdə olan dünyəvilik azərbaycanlı kimliyin başlıca tərkib hissəsinə çevrilib.

Yəni, İkinci Dünya Müharibəsindən sonrakı elmi-texnoloji, təhsil sahəsində modernləşmənin yerli sekulyar maarifçiliyin nisbətən azad mühitdə əldə etdiyi nailiyyətlərlə çulğalaşması postsovet dövründəki əks-həmləni xeyli zəiflətdi və siyasi İslamın sistemə qarşı aparıcı alternativ ideologiyaya çevrilməsinə mane oldu.

Nəticə budur ki, qlobalizasiya və internet çağında informasiyanın sərhədləri genişləndikcə, həyat şəraiti yaxşılaşdıqca Azərbaycanda sekulyarizmin dərinləşməsi labüddür. Amma davamlı olması üçün demokratik cəmiyyət və onun təklif etdiyi mexanizmlər də işə düşməlidir. Tənqid və suallara, müzakirə və güzəştli razılaşmalara meydan olmalıdır.

Dini ehkamçılıq və dünyəvilik arasındakı ziddiyyətlər

Sekulyar sistem dini doqmatika ilə dünyəvilik arasındakı ziddiyyətləri tam aradan götürmür. Doqmatikaya sadiq, dinin normalarını qeydsiz-şərtsiz qəbul edən, yayan, bəzən siyasiləşən təbəqə ilə sekulyar sistem arasında təbii ziddiyət yaranır. Burada nə basqı, nə də süni maarifçilik libasına bürünmüş dövlət təbliğatı deyil, demokratik mühitə xas vasitə və mexanizlər öz əvəzolunmaz gücünü göstərərək, töhfə verə bilər. Bu vasitə və mexanizmlər dindarı dinindən imtinaya vadar etmir, dini yasaqlamır, sadəcə, din azadlığının sekulyar sistemlə uyuşmasını, ziddiyətlərin yumşalmasını təmin edir.

Demokratiya yoxluğu, yəni avtoritarizm isə, xüsusən təhsildə ciddi geriləmə, sosial bərabərsizliyin dərinləşməsi, sekulyar müxlaifətin sistematik şəkildə sıradan çıxarılması ilə müşayiət olunursa, siyasiləşmiş İslamın alternativ kimi meydana çıxmasına, onun sosial bazasının get-gedə genişlənməsinə və sekulyarizmə təhlükəli alternativə çevrilməsinə gətirib çıxara bilir.

Bu, dindir, ya mövhumat? (Viktorina)

Bu, dindir, ya mövhumat? (Viktorina)

Start the Quiz to find out

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 iyun)

“Azadlığa buraxılanların bəziləri yenidən həbs olunmaq riskilə üz-üzədir.”
Günün əsas hadisələri Azadlıq Radiosunda (16 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 iyun)

“Formula-1”ə 300 milyon xərclənib?
'Formula-1'ə büdcədən 300 milyon xərclənir?
Gözlə

No media source currently available

0:00 0:15:58 0:00
XS
SM
MD
LG