Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:26

Azərbaycana nə qaytarıla, Rusiya əvəzində nə istəyə bilər?


Sankt Peterburq görüşü
Sankt Peterburq görüşü

Azərbaycan prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt Peterburq görüşündə münaqişənin mərhələli həllinə üstünlük verilib. «Yəni, bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər», - deyə administrasiya rəhbərinin müavini bildirib.

Novruz Məmmədovun bu dediklərini Azərbaycanda skeptik qarşılayanlar var. Çünki onun dediyi elə Azərbaycanın istədiyidir. Doğrudanmı Sarkisian buna razılaşıb? Və doğrudanmı Rusiya Qarabağ problemini həll etmək istəyir?

Bu belədirsə, Azərbaycana nə qaytarıla, əvəzində Rusiya nə istəyə bilər?

Yeri gəlmişkən, news.am saytının məlumatına görə, Ermənistanın xarici işlər naziri Nalbandian deyib ki, Novruz Məmmədov danışıqlarda bilavasitə iştirak etməyib. Sankt Peterburq danışıqları da istisna deyil. Onun sözlərinə görə, Novriuz Məmmədov yalnız naharda iştirak edib, orda isə pozuntuların araşdırılması mexanizmi müzakirə olunurdu. Nalbandian deyir ki, münaqişənın həlli ilə bağlı heç bir razılaşma olmayıb.

YERSİZDİR...

Siyasi şərhçi Nəsimi Məmmədli deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan ədalətli həll gözləmək yersizdir:

“Əslində Ermənistan Azərbaycan arasında yaranmış bu durumun birbaşa müəllifi Rusiyadır. Rusiya maraqlıdır ki, bu dövlətlər arasında çox ciddi qarşıdurma olsun ki, regiona təsir imkanlarını itirməsin. O baxımdan işğala son qoyulması ilə bağlı Rusiyadan hansısa ədalətli addım gözləmək mümkün deyil.

Faktiki olaraq həm Ermənistanı, həm də Azərbaycanı təsir altında saxlamaq üçün Rusiya əlbəttə ki müəyyən addımlar atır. Və bu addımlar sırf təzyiq xarakterlidir. Yəni burda hansısa ədalətli sülhdən, ədalətli nizamlamadan söhbət gedə bilməz. Bu baxımdan Rusiya Azərbaycanın hətta suverenliyini təhdid edəcək qədər böyük iddiaya sahibdir. Amma təbii ki, dünya şərtləri var. Bu şərtlər daxilində o özünün strateji maraqları baxımından istəyər ki, Azərbaycan onun strateji siyasi kursuna yaxın siyasət yeritsin. O cümlədən Dağlıq Qarabağ məsələsinə dair o ermənilərin marağı baxımından, Rusiyanın orda sülhməramlı qüvvələr kimi iştirakı baxımından öz şərtlərini irəli sürə bilər. Başqa Rusiya tərəfindən hər hansı bir ədalətli nizamlama gözlənilmir”.

SİYASİ ELİTA MARAQLARI

Jurnalist Nicat Məlikov isə bu münaqişənin həllində siyasi elitaların maraqlarını önə çəkir:

“Qərb artıq vasitəçilik missiyasını öz üzərindən götürüb. Həmin əlaqələndirici statusu Rusiya üzərinə götürüb. Müxtəlif təkliflər ola bilər. Həm rəsmi təklif ola bilər. Amma məncə burda daha çox qeyri-rəsmi təkliflər, pərdəarxası təkliflər irəli sürülür. Çünki rəsmi təkliflər adətən konkret dövlətə olur. Amma pərdəarxası təkliflər konkret hansısa siyasi elitanın maraqlarına uyğun olur.

Həmin siyasi elitaların maraqları nədir? Ermənistan Rusiyanın forpostudur, Azərbaycan guya ki, çoxvektorlu siyasət yeridir. Amma burda siyasi elitaların şəxsi maraqları da var. Amma Rusiyanın siyasi elitalardan nə istəyə biləcəyini demək çətindir. Çünki Azərbaycanda KİV azad olmadığına görə bunun açıqlanması bir az problematikdir. Bu ilin aprel ayında cəbhə xəttində Azərbaycanın irəliləməsindən sonra masa arxasına keçəndə Azərbaycan tərəfi hər hansı yeni təklif irəli sürə bilər. Amma yenə bunun Azərbaycanın milli maraqlarına, milli təhlükəsizliyinə uyğun olub-olmamasını demək bir az problematikdir. Yəni burda güc prinsipi rol oynayır. Azərbaycan nə əldə edə bilər söhbəti getmir. Çünki siyasi elitalar şəxsi maraqlarından kənar Azərbaycanın dövlətçilik maraqlarına uyğun hərəkət edirlər ya yox,bu bir az suallar doğurur”.

Rauf Mirqədirov : Rusiya o vaxt istəyər ki,...
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00
Direct-ə keçid

Rauf Mirqədirov
Rauf Mirqədirov

​Siyasi şərhçi Rauf Mirqədirov isə deyir ki, Rusiya bu münaqişəni o vaxt həll edə bilər ki, regionda hegemonluğunu qəbul etdirə bilsin:

“Hadisələrin inkişaf variantlarından asılı olaraq Rusiyanın seçim imkanları var. O Qarabağ münaqişəsini olduğu kimi, yəni dondurulmuş şəraitdə saxlaya bilər, həllinə də çalışa bilər və ya müharibəni təşkil edə bilər. Bu təkcə Rusiyanın geosiyasi maraqları ilə bağlı deyil, eyni zamanda Rusiyadakı daxili siyasi vəziyyətlə də bağlıdır. Söhbət Dağlıq Qarabağ münaqişəsinin həllindən gedirsə, bu məsələdə Rusiyanın əsas məqsədi, əsas şərti regionda öz hegemonluğunu tamamilə bərpa etməkdir. Bu əsas şərtdir. Bu əsas şərt daxilində Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində pozitiv rol oynaya bilər. Əgər söhbət digər yolla həllindən gedirsə Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması ola bilər. Müxtəlif variantlarla yəni 5+2, 6+1 və.s.

Ən yaxşı halda Dağlıq Qarabağın keçici statusla uzunmüddətli qeyri müəyyən hüquqi, xüsusi statusla qalmasından söhbət gedə bilər. Formal olaraq Azərbaycanın tərkibində, gerçək olaraq tam fərqli şəkildə qalması ola bilər. Bu şərtlər daxilində Rusiyanın pozitiv rol oynaması üçün Azərbaycan tamamilə Rusiyanın regiondakı hegemonluğunu qəbul etməlidir. Bu faktiki olaraq bütövlükdə regionu Rusiyanın təsir dairısinə keçirər. Belə olan halda Gürcüstanın da əhəmiyyəti itmiş olacaq. Regionda Qərbin, xüsusilə ABŞ-ın uzunmüddətli siyasi maraqlarını gerçəkləşdirməsi qeyri-mümkün olacaq. Mən siyasi maraqlar dedikdə həm də Orta Asiya ilə bağlı maraqları nəzərdə tuturam”.

XS
SM
MD
LG