Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:39

Vergiyığanların qanuni gəlir mənbəyi artsa da...


Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində kollegiya iclası - 2015
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində kollegiya iclası - 2015

-

Vergi Məcəlləsinə dəyişiklik vergi orqanı əməkdaşlarının əməkhaqqına ciddi təsir göstərəcək. Düzdür, artan maaşların ilin əvvəlindən dayandırılan «zərf» pullarını əvəzləyib-əvəzləməyəcəyi, hələlik, suallı qalır.

PULUN BİR HİSSƏSİ DƏ...

Dəyişikliyə görə, vergi orqanının sahibkarlara tətbiq etdiyi maliyyə sanksiyası məbləğinin 25 deyil, 50 faizi vergi məmurlarının əməkhaqqına və digər sosial müdafiə tədbirlərinin icrasına sərf olunacaq. Pulun bir hissəsi də nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsinə və vergi sahəsində elmi-texniki potensialın artırılmasına xərclənəcək.

Vergi hüquqpozmalarına görə tətbiq olunan maliyyə sanksiyaları dövlət büdcəsinə ödənilir. Daha sonra həmin vəsaitin bir hissəsi Vergilər Nazirliyinin büdcədənkənar fonduna köçürülür.

Prezident İlham Əliyev Nazirlər Kabinetinə tapşırıb ki, vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə qaydasını iki ay müddətində təsdiqləsin.

SANKSİYALARIN BUİLKİ MƏBLƏĞİ...

Dövlət büdcəsinin icrası haqqında qanunda göstərilir ki, ötən il Vergilər Nazirliyinin vergidən yayınma faktları üzrə tətbiq etdiyi maliyyə sanksiyalarının toplam məbləği 180 milyon manat olub. Maliyyə Nazirliyində sanksiyaların builki məbləği elə həmin səviyyədə proqnozlaşdırılıb.

2015-ci ildə Vergilər Nazirliyinin büdcədənkənar fonduna daxil olan 30.7 milyon manatın 11.7 milyonu əməkhaqqının ödənilməsinə xərclənib. Bundan başqa, dövlət büdcəsi hesabına, DSMF-ə ödəmələr də daxil, əməkhaqqı xərcləri 15 milyon manatı keçib.

Rəsmi maaşa gəlincə, vergi orqanlarında çalışan 2 min 300-dək işçinin çoxunun aylıq vəzifə maaşı 285 manatdan 540 manatadəkdir. Nazirlik aparatında çalışanlara hesablanan əməkhaqqı 510 manatdan 1100 manatadək dəyişir. Bura rütbəyə, xidmət illərinə və s.-ə görə ödənilən əlavələr daxil deyil.

«DÖZÜN... MAAŞ ARTACAQ»

Azərbaycanda vergi orqanlarında çalışanların yalnız «quru» maaşla dolanmadığı düşüncəsi geniş yayılıb. Onlara «paket maaşı» deyilən aylıq pullar da ödənilirdi. Di gəl, böhran dərinləşəndən bəri məbləği 500 manatdan 5 min manatadək dəyişən bu qeyri-rəsmi maaş kəsilib. İşçilərə isə deyilib ki, «dözün, büdcədənkənar fonddan ödəmələr hesabına maaş artacaq».

Hələlik, maaşa əlavənin vəzifələr üzrə nə qədər olacağı məlum deyil.

Sahibkarlara konsaltinq xidmətləri üzrə ixtisaslaşmış şirkətlərdən birinin adının çəkilməsini istəməyən nümayəndəsi AzadlıqRadiosuna bildirib ki, büdcədənkənar fonda köçürmələrin həcmcə artımı vergi sistemindəki qanunsuzluqların miqyasına elə də ciddi təsir göstərməyəcək və yeni maaş sistemi də köhnə «paket maaşı»nın yerini verməyəcək: «Maliyyə sanksiyasının əməkhaqqına yönəldilən hissəsinin artırılması vergi əməkdaşlarının sahibkarları daha çox incitməsinə yol açacaq. Onsuz da, indi məhkəmələrdə baxılan işlərin əhəmiyyətli hissəsi vergi yoxlamaları nəticəsində şirkətlərə tətbiq olunan maliyyə sanksiyaları ilə bağlıdır».

KONSALTİNQ XİDMƏTİ GÖSTƏRƏN EKSPERT DEYİR Kİ...

İşində problemlərlə üzləşməmək üçün kimliyinin açıqlanmasını istəməyən ekspert daha bir məqama diqqət çəkərək deyir:«Önəmli olan məsuliyyətli vergi ödəyicisi yetişdirmək, biznes mühitini daha da yaxşılaşdırmaq, iqtisadiyyatda və biznesdə vergidən yayınma hallarına yol açan neqativ amilləri aradan qaldırmaqdır».

XS
SM
MD
LG