Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:28

"Türkiyəni idarəedilən dövlətə çevirmək istəyirlər"


Atatürk hava limanı
Atatürk hava limanı

İstanbulda hava limanında törədilən partlayışda ölənlərin sayı 41 nəfərə çatıb, azı 239 nəfərsə xəsarət alıb. Bu barədə iyunun 29-da İstanbul valisinin ofisi məlumat yayıb. Ölənlərdən 10-nu xaricilər, üçü ikili vətəndaşlığı olanlardır.

“Atatürk” hava limanında iyunun 28-də törədilən bu partlayış bu il Türkiyədə törədiıən ən qanlı terror aktıdır.

Türkiyədə baş verən bu proseslər hara gedir?

Siyasi şərhçi Ərəstun Oruclu bildirir ki, Türkiyədə baş verənlər bu ölkəni sarsıtmağa və gücdən salmağa yönəlmiş addımlardır:

Ərəstun Oruclu
Ərəstun Oruclu

“Bu vəziyyət göstərir ki, Türkiyəni daxildən sarsıtmağa, terror vasitəsi ilə bu ölkəni iqtisadi cəhətdən çökdürməyə, gəlir mənbələri olan nəqliyyat və turizm sektorunu etibarsız kimi göstərməklə rəqabət qabiliyyətini aşağı salmağa, gəlirlərdən məhrum etməyə yönəldilib. Və bu istiqamətdə kifayət qədər çoxplanlı və ardıcıl səylər həyata keçirilir. Bütün bu şeylər hamısı ona yönəlib ki, maksimal dərəcədə Türkiyə sarsıdılsın. Son nəticədə Türkiyə nəinki xarici siyasətdə, öz daxili imkanlarına belə təsir imkanını itirsin. Yəni idarəedilən bir dövlətə çevrilsin. Hazırda Türkiyəni terrora məruz qoyanların başlıca hədəfi budur”.

YANLIŞLIQLAR

Siyasi şərhçi Rauf Mirqədirov isə hesab edir ki, bu gün Türkiyədə yaşananlar bu ölkənin daxili və xarici siyasətindəki yanlışlıqların nəticəsidir:

Rauf Mirqədirov
Rauf Mirqədirov

“Türkiyənin demək olar ki, bütün qonşu dövlətlərlə problemləri var. Bu əslində Türkiyənin aydın daxili və xarici siyasətinin olmamasının nəticəsidir. Türkiyə çox ağır bir regionda yerləşir. Belə bir regionda yerləşən dövlətin aydın strateji daxili və xarici siyasətinin olmadığı halda bu cür hadisələrin baş verməsi çox realdır. Erdoğan hökuməti kürdlərlə bir müddət danışıqlar apardı. Hətta belə bir fikir vardı ki, kürdlərlə problemlər həll olunacaq, sülh imzalanacaq. Bu baş vermədi.

Rauf Mirqədirov : "Yanlışlıqların nəticəsidir"
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00
Direct-ə keçid

Son bir ildə Erdoğanın kürdlərə qarşı siyasəti əvvəlki dövrlərdən heç nə ilə fərqlənmir. Amma türk hökumətinin özünün etiraf etdiyi kimi PKK dağlardan şəhərlərə daşındı. Erdoğan siyasətinin nəticəsində. Çünki onlara imkan verildi, onlarla sülh danışıqları aparıldı və.s. Eyni zamanda İŞİD-lə bağlı təəssüflər olsun ki, Türkiyə hökuməti bu məsələdə bir sıra hallarda məzhəbçi siyasəti həyata keçirir. Bu siyasət ərəb dövlətlərində sünni hərəkatlarını dəstəkləmək, onlara yardım etmək idi. Rusiya ilə münasibətlərə də baxaq. Söhbət Rusiya bombardmançı təyyarəsinin Türkiyə səmasında vurulmasında deyil, bu hadisədən sonra baş verən hadisələrdən gedir. Rusiya Türkiyəni İŞİD-i maliyyələşdirməkdə, onlarla əməkdaşlıqda ittiham etməyə başladı. Türkiyə isə Rusiyanı kürd terrorçularını silahlandırmaqda, maliyyələşdirməkdə ittiham edirdi.

Və birdən- birə bu ittihamlar olmamış kimi Türkiyə, Rusiya hökumətlərinin bir-birinə əl uzatmağa hazır olduqlarını görürük. Və Avropa Birliyi ilə Türkiyənin münasibətlərindəki problemlər. Bu cür gərgin regionda, bu cür problemli regionda qeyri-ardıcıl siyasətin həyata keçirilməsi nəticə etibarı ilə Türkiyəni çox ciddi problemlər qarşısında qoyacaq. Türkiyə çox aydın, strateji daxili və xarici siyasi xətt işləyib hazırlamalıdır və ardıcıl olaraq gerçəkləşdirməlidir. Türkiyə hökuməti Bakı küləyi kimi hər gün bir tərəfə əsir. Onda bütün tərəflərdə ciddi problemlərin yaranmasına gətirib çıxarır”.

HAKİMİYYƏT DƏYİŞİKLİYİ

Siyasi şərhçi Altay Göyüşov isə deyir ki, Türkiyə hökuməti terror hadisələrinin qarşısında aciz durumda qaldığından və adekvat cavab verə bilmədiyindən hakimiyyət dəyişikliyinə getməlidir.

Altay Göyüşov
Altay Göyüşov

“Ötən ilin oktyabr ayından etibarən demək olar ki, az qala hər ay terror hadisələri baş verir. Artıq qurbanların sayı da ötən il Əfqanıstandakı terror hadisələrində ölənlərin sayından çoxdur. Başa düşülür ki, Türkiyə bir tərəfdən İŞİD, o biri tərəfdən PKK ilə üz-üzə qaldığı bir çətin dönəmdədir. Amma məsələ burasındadır ki, hökumətin də boynuna bir məsuliyyət düşür. Bu artıq müdəmadi xarakter almağa başlayıb. Hökumət, cəmiyyət bu məsələ ətrafında mobilizasiya olunmalıdır. Bunun qarşısını almağı bacarmalıdır. Bu günə görə vəziyyət ondan ibarətdir ki, hökumət faktiki olaraq bu terror aktları qarşısında acizdir.

Normal demokratik sistemin mövcud olduğu ölkələrdə sistem buna adekvat cavab verməlidir. Bu vəziyyətdə əgər hökumət qarşısını ala bilmirsə, acizdirsə hökumət dəyişikliyi mütləq baş verməlidir. Başqa yolu yoxdur. Görünən odur ki, bu hökumət artıq Türkiyəni idarə etmək gücündə deyil. Türkiyədə hakimiyyət dəyişikliyi labüddür”.

XS
SM
MD
LG