Manchester United Pogbaya görə Yuventusa 100 milyon funt sterlinq, yəni 120 milyon avro təklif edir. Manchester United (MU) klubunun baş icraçısı Ed Woodward son 48 saat ərzində Fransa futbol millisinin ulduzu 23 yaşlı Paul Pogbanı almaq danışıqları aparır. Bunu Britaniyanın Sky televiziyası xəbər verir.
Pogbanın hazırda oynadığı İtaliyanın Yuventus klubu son 1 ildə iki dəfə MU-nun təkliflərini rədd etmişdi. Sonuncu dəfə MU Pogbaya görə 100 milyon avro təklif edirdi.
MU Pogbaya həftəlik maaş kimi 360 min avro verməyə də razıdır.
Ancaq Sky bildirir ki, Pogbaya Real Madrid klubu da maraq göstərir, Klubun baş məşqçisi Zidan və klubun prezidenti Peres də Pogba ilə bağlı danışıqlar aparırlar.
Pogbanın özü də Real-da oynamaq istəyir.
Maraqlıdır ki, Pogba Yuventusdan qabaq elə Manchester United klubunda oynayırdı, ancaq 2012-ci ildə onu qiymətləndirməyən klub Pogbanı sərbəst buraxdı ki, istədiyi kluba gedə bilsin.O vaxtki məşqçi Fergusson deyirdi ki, Pogbanın çıxıb-getməsinə heyfslənmir.
Reala gəldikdə, Pogbanın agenti Raiola keçən ay deyirdi ki, Pogbaya 3 böyük klub maraq göstərir və danışıqlar gedir. O, bildirirdi ki, Real bu 3 klubdan biridir.
Ancaq Raiola deyirdi ki, "danışıqlar gedir, hələ nəticə yoxdur".
Fransa yığmasının keçmiş ulduzu Therry Henry deyir ki, Pogbanın tarixdə ən yaxşı yarımmüdafiəçilərdən biri olması üçün bütün keyfiyyətləri var.