Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:35

'Dağlıq Qarabağa keçici status verilməklə bəzi rayonlar azad edilə bilər'


Rauf Mirqədirov
Rauf Mirqədirov

►Rauf Mirqədirov: “Bunun Laçına, Kəlbəcərə şamil ediləcəyini düşünmürəm”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gəlir. Bu səfər ərəfəsində Azərbaycan prezidenti İlham Əliyev hökumətin iclasında Dağlıq Qarabağ münaqişəsindən danışarkən deyib ki, axır vaxtlar danışıqlarda “tarixdə olmadığı qədər fəallıq var”.

Son iki-üç ayda münaqişənin nizamlanması yönündə fəallıq müşahidə edilir. Prezidentlər qısa müddətdə iki dəfə görüşdülər, həmsədr ölkələrdən Rusiyanın təşəbbüskarlığı da diqqətdən qaçmır. Amma bu, sadəcə, görüntüdür, ya nəsə baş verir? Siyasi şərhçi Rauf Mirqədirovla bu haqda danışırıq.

– Yadınızdadırsa, 1990-cı illərin ortalarında ABŞ Dağlıq Qarabağ probleminin həllinə çalışırdı və bu istiqamətdə aktiv danışıqlar aparırdı. Bu istiqamətdə bir neçə cəhd də oldu. O vaxt hətta sazişin imzalanmağa hazır olduğu deyilirdi, ancaq sonradan Ermənistan parlamentində məlum hadisələr baş verdi və danışıqlar təxirə salındı. Rusiyanın bu məsələdə mövqeyi isə fərqlidir. Rusiya prinsipcə, Dağlıq Qarabağ münaqişəsinin həllinin əleyhinə deyil, bir şərt daxilində – Cənubi Qafqaz tamamilə onun təsiri altına düşsün, burda Qərbin, ABŞ-ın iqtisadi, siyasi, hərbi mövqelərinin möhkəmlənməsi qeyri-mümkün olsun. Qısaca desək, Rusiya bölgədə hegemonluğu tam bərpa olunacağı halda münaqişənin həllinə imkan verəcək. Bu isə Azərbaycanın, o cümlədən Azərbaycandakı hakim elitanın maraqlarına ziddir.

– Bəs son aylardakı fəallıq nəylə bağlıdır?

– Bu, aprel hadisələri ilə bağlıdır. Aprel hadisələri prosesə təkan verdi. Hadisələr göstərdi ki, bu cür qeyri-müəyyən, hüquqi çərçivədə olmayan status-kvo hadisələrin qaynar fazaya keçməsinə imkan verir. Bu da fəallığı artırdı. Amma bu cəhdlərin nəticə verəcəyinə inanmıram. Regionda Qərb, ABŞ və Rusiya arasında gərginlik davam edir. Cənubi Qafqaz rəqabət regionudur, postsovet məkanında Ukrayna olduğu kimi. Münaqişənin həlli birinin digərinə güzəştə gedəcəyi halda mümkündür. Yaxud da tərəflərin hansısa razılaşma əldə etməsi halında. Mən nə tərəflərin yekun vəziyyəti müəyyənləşdirən güzəştə hazır olduğunu düşünürəm, nə də tərəflərdən birinin regionu digərinin nəzarət altına keçməsinə göz yumacağına. Ən yaxşı halda, aralıq sazişi imzalana bilər. Bu da münaqişənin tam həllini tam şərtləndirməyəcək.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -
Lavrov Ermənistanın xarici işlər naziri ilə. Yerevan, 4 iyul, 2016.
Lavrov Ermənistanın xarici işlər naziri ilə. Yerevan, 4 iyul, 2016.

– Aralıq sazişində nələr razılaşdırıla bilər?

– Ən yaxşı halda, Dağlıq Qarabağa keçici status verilməklə bəzi rayonlar azad edilə bilər. Bunun Laçına, Kəlbəcərə şamil ediləcəyini düşünmürəm. Dağlıq Qarabağla Ermənistan arasında koridor olacaq rayonların azad edilməsini və ya onlar ətrafında indiki halda hər hansı razılaşmanı mümkünsüz sayıram. Hətta Dağlıq Qarabağ ətrafındakı beş rayonun geri qaytarılması da problemlidir. Tərəflər danışıqlar haqda tam həqiqəti cəmiyyətə demirlər. Hərəsi özünə sərf edəni deyir, Azərbaycan rayonların azad edilməsindən danışırsa, Ermənistan Dağlıq Qarabağlın statusundan danışır. Təsəvvür edin ki, belə şəraitdə beş rayonu azad edirik, status məsələsi də sonraya qalır. Bu, Ermənistanda dövlət çevrilişinə səbəb olar. Söhbət həm də hərbi qüvvələrin iştirakı ilə cəmiyyətin birgə edəcəyi çevrilişdən gedir. Bunda münaqişənin həllində maraqlı olmayan qüvvələr də iştirak edə bilər, məsələn, Rusiya. Amma Rusiya da artıq anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan-Ermənistan münasibətləri müstəvisindən çıxaraq Vaşinqton-Moskva, bütünlükdə Qərb-Moskva münasibətləri səviyyəsində həll olunur. Orda isə, hələlik, pozitiv tendensiya yoxdur.

– Sergey Lavrovun səfərində məqsəd nədir o zaman?

– Rusiyaya qarşı beynəlxalq təzyiq var. Bir tərəfdən o bu şəkildə sülhpərvər missiyasını nümayiş etdirmək istəyir. Və Lavrov bu çərçivədə danışıqlar aparır. İkincisi, Rusiya indiki şəraitdə Azərbaycanla Ermənistanın ovqatını öyrənmək istəyir. Bu ölkənin prezidenti Vladimir Putin də yaxınlarda Bakıya gəlməlidir. Bütün bunlar regionun nəzarətdən çıxmaması üçündür. Düşünmürəm ki, Lavrovun səfərindən ciddi nəsə gözləmək olar. Lavrov Putinin səfərindən öncə Bakıya gəlməklə bir hesabat hazırlayır.

XS
SM
MD
LG