Azərbaycanda 2009-cu ildə 78 072 nikah və 7 784 boşanma olmuşdusa, cəmi 5 il sonra artıq 84 912 nikah, 12 088 boşanma qeydə alınıb. Ötən il isə 68 min 985 nikah müqaviləsi bağlanıb. 12 min 886 boşanma olub.
Bu statistika hələ rəsmi nikahlara aiddir. Qeyri-rəsmi cütlüklər daha tez ayrılır. Boşanmaların artmasına səbəb nədir?
Hüquq müdafiəçisi Sədaqət Paşayeva hesab edir ki, ailələrin sosial-psixoloji durumu ilə bağlı tədbirlərin görülməməsi boşanmaların artımına səbəb olur:
“Boşanmalara daha çox işsizlik, ailə zorakılıqları təsir edir. Boşanmaların əsas səbəbləri bunlardır. Sosial iqtisadi vəziyyətin ağır olması boşanmaların artmasına çox ciddi təsir göstərir. Qeyri-rəsmi nikahlı ailələrdə isə bu daha artıq özünü göstərir. Qeyri-rəsmi boşanmalarda qeyri- rəsmi nikahlı ailələrin də payı çoxdur. Məsələn, bəzi hakimlər bundan çox narahat olduqlarını da bildirirlər. Məsələn, Xətai məhkəməsində bir qadın hakim bir dəfə bildirmişdi ki, "hər gün 4 boşanma ərizəsinə baxıram". Bu həqiqətən ciddi bir faktdır.
Ailə institutu sürətlə dağılır. Boşanmaların səbəbi işsizlik, daimi və ya ardıcıl iş yerlərinin olmaması və bir də ailə zorakılıqları, ailələrin sosial psixoloji durumu ilə bağlı hər hansı bir tədbirlərin görülməməsidir.Ölkədə məişət zorakılığı ilə bağlı qanun qəbul olunsa da bununla bağlı hər hansı iş görülmür. Yəni bu qanun sadəcə işlək deyil.
HƏR AY 1000 NƏFƏR BOŞANIR
“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, bəzən ailələr özlərini nə qədər qorumağa çalışsalar da , sosial-psixoloji, sosial-iqtisadi, siyasi proseslər ailə münaqişələrinə kifayət qədər təsir edir:
“ Boşanmalarla bağlı statistik rəqəmlər bizi narahat edir. Hətta bu birinci il deyil. Neçə ildir ki, biz boşanmalarla bağlı narahatlıq keçiririk. Hətta bu yaxınlarda bir nəfər bir maraqlı rəqəm səsləndirdi ki, 10 cütlükdən 7-i boşanır. Düzdür, bu bir qədər real görünmür. Çünki rəsmi statistika göstərir ki, hər ay demək olar ki, min nəfər boşanır.
Nikahların sayı isə get-gedə azalmaqdadır. Rəsmi nikahlara girənlərin sayı əvvəlki illərər nisbətən xeyli azalıb. Bu, əslində ailə münasibətlərinin nə qədər dağılmağa doğru getdiyinin və rəsmi nigaha münasibətlərin kifayət qədər böhran vəziyyətində olduğunun göstəricisidir. Biz həmişə konkret bir məqama baxırıq. Boşanma. Başlayırıq həyəcan keçirməyə, fikirlərimizi səsləndirməyə. Bununla da bitir hər şey.
Hər ay min nəfər boşanma rəsmi nikahda olanlardır. Amma qeyri-rəsmi boşanmalar nə qədərdir?. Biz müqayisə etsək ki, rəsmi nikahlara gedənlərin sayı keçən il və ondan əvvəlki illərə nisbətən xeyli aşağı düşüb, bu onu göstərir ki, qeyri-rəsmi nikahların sayı çoxalıb.
Doğulan uşaqların sayına baxdıqda ailə qurmayan və subay qalan şəxslər fikri yaranmır. Insanlar kəbindən və ya nikahın hər hansı formasından istifadə edərək evlənirlər. Amma onların dayanıqlılığı və üzunmüddətliliyi çox ciddi bir sual altındadır. Qeyri-rəsmi nikahda olanların ayrılmaları, aliment davaları, atalıq faktlarının müəyyən edilməsi məsələləri gündəmdədir. Bununla bağlı kifayət qədər dövlət qurumlarına müraciət edilir.
Ayrılmalara səbəb sosial iqtisadi, sosial psixoloji, bəzi siyasi proseslər, miqrasiya , dəyərlər sisteminin pozulması, qadına qarşı münasibətin dəyişməsi, zorakılıq problemləri, bir-birinə dayanıqlıq, məsuliyyət problemləridir. Amma qlobal götürəndə sosial- psixoloji, sosial- iqtisadi, siyasi proseslər ailə münaqişələrinə kifayət qədər təsir edir. Bizə elə gəlir ki, biz bu proseslərdən uzağıq. Bizə elə gəlir ki, bizim ailə dörd divarın arasındadır və biz bura heç kimi daxil etmirik. Amma bu belə deyil. Bu dörd divarın arasında televiziya var, informasiya var, kompyuter var, sosial şəbəkələr var. Bunlar hamısı ailə münasibətlərinə kifayət qədər təsir edir”.
TƏHSİL
Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl isə boşanmaların səbəblərinin sırasında təhsildəki çatışmazlıqları görür:
Boşanmaların səbəbləri çoxdur. Bu da bizi bir qadın cəmiyyəti olaraq narahat edir. Ümumiyyətlə səbəblər arasında iki əsas səbəb göstərilə bilər. Birinci sosial-iqtisadi səbəbdir ki, Azərbaycanda işsizlik problemi, təminatsızlıq problemi həddindən artıq yüksək olduğundan bu ailə-məişət problemi gənc ailələri çətin bir dövrə gətirib çıxarır. Və münaqişələr adətən boşanmalarla tamamlanır.
Ikincisi isə bizim təhsildə əsaslı çətinlikləri və qüsurları göstərmək olar ki, bu da gəncləri hardasa həyata və ailə həyatına hazırlamır. Bir sıra bilik və bacarıqlar var ki, bəzi infortmasiyalar var ki, onları uşaqlara gənc yaşından demək lazımdır ki, onlar həyata hazır olsunlar. Bunun arasında özünəgüvən də var, münaqişələrin idarə olunması da var, insanlar arasında münasibətlər də var, ailə həyatına yolların düzgün paylanması məsələsi var, ailə həyatına hazırlıq var. Mən hesab edirəm ki, təhsildə bu dəyişikliklər olsa boşanmaların sayı bir xeyli azalar.