Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:07

Daha bir neçə bank bağlana bilər?


►Palata sakitləşdirir: Narahatlığa əsas yoxdur

Bir gündə «bircə qələmlə» 4 bankın lisenziyası geri alınıb. Bu, maliyyə sektorunda ciddi çalxalanma olacağından xəbər verir. Ekspertlər daha bir neçə bankın bazarı tərk edəciyini proqnozlaşdırırlar, amma...

Amma Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP-də) narahatlığa əsasın olmadığını, digər banklarda durumun «nəzarətdə» saxlandığını deyirlər.

Tədbir görməyə başlamışdılar?

Səhmdar kapitalında ciddi problemlər olan «Dekabank», «Kredobank» və «Parabank»ın səhmdarları xeyli vaxt idi ki, nizamnamə kapitalına vəsaitlərin cəlb olunması üçün tədbir görməyə başlamışdılar. Bakı Fond Birjasının məlumatına görə, hətta «Dekabank» səhmdarlardan 4,6 milyon manat, «Parabank»sa 15 milyon manat yığa bilmişdi.

Görünür, bu banklarda, eləcə də «Zaminbank»da daha ciddi problemlərin yaşanması onların öz lisenziyasını itirməsinə gətirib çıxarıb.

İndi ölkənin əksər bankları rüblük, hətta illik maliyyə hesabatlarını ictimaiyyətdən, o cümlədən banka depozit yatıran, ondan kredit alan müştərilərdən gizlədir. Hər halda, hesabatların korporativ saytlarda yerləşdirilməməsi belə düşünməyə əsas verir.

Bununla belə, MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov AzadlıqRadiosuna bildirib ki, bütün digər bankların kapitalı tələbləri ödəyir.

Buna da bax: 'Bankları ciddi sınaqlar gözləyir'

«Hesabatların təhlili göstərir ki...»

Qanunvericiliyə görə, fəaliyyətdə olan bankların toplam kapitalı 50 milyon manatdan az olmamalıdır.

Apreldən fəaliyyətə başladqlarını deyən R. Abbasov elə həmin vaxtdan bəri banklara müvafiq təlimatların göndərildiyini və monitorinqlərə start verildiyini bildirb.

Hazırda 2 bank («Azərbaycan Beynəlxalq Bankı» və «Bank Standard») sağlamlaşdırılır, tələblərlə ayaqlaşmayan 4 bankın lisenziyası isə bu gün – iyulun 22-də ləğv edilib:

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

«Hesabatların təhlili göstərir ki, bütün digər bankların vəziyyətini indi normal qiymətləndirmək olar. Problemli və adekvat kapitallaşmayan bankların sistemdən kənarlaşdırılması vasitəsilə biz bank sektorunda rısklərin azaldılmasına, maliyyə dayanıqlığının gücləndirilməsinə, etimadın artırılmasına və bütövlükdə maliyyə sektorunun inkişafına nail olmaq istəyirik. Bugünkü mətbuat konfransında Palata Direktorlar Şurasının sədri Rüfət Aslanlının da qeyd etdiyi kimi, ləğv edilən 4 bank xaric, digər bütün banklarda vəziyyət stabildir və bizim nəzarətimiz altındadır. Əhalinin digər banklardakı durumdan narahatçılığına əsas yoxdur».

MBNP təmsilçisi sözlərinə onu da əlavə edib ki, dövlət sığortalanmış əmanətlərin arxasında dayanıb.

«Nizamnamə kapitalı formal xarakter daşıyır...»

Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank sektoru üzrə ixtisaslaşmış hüquqşünas Əkrəm Həsənov hesabatlılıq tələblərinə əməl olunması məsələsini AzadlıqRadiosuna şərh edərkən deyib ki, Palatanın bu sahədə səlahiyyəti genişdir: lazım gələrsə, bu cür banklara cərimə kəsilə və belələri lisenziyadan da məhrum edilə bilər.

Ə. Həsənovun fikrincə, bir çox bankın nizamnamə kapitalı formal xarakter daşıyır, real məcmu kapitalsa göstəriləndən azdır.

Maliyyə hesabatını heç açıqlamayan banklar var Yeri gəlmişkən, bu ilin əvvəlinə «Rabitəbank» ASC-nin nizamnamə kapitalı 46 milyon 227 min manat, məcmu kapitalsa bundan da az - 41 milyon 358 min manat idi. «Bank VTB» (Azərbaycan) ASC-nin (https://goo.gl/GQdmzV) 50 milyon 850 min manat nizamnamə kapitalı olsa da, zərərə uğradığından, toplam kapitalı 12 milyon 770 min manata enib.

«Nikoil Bank» və «Naxçıvanbank» ASC-lərsə maliyyə hesabatlarını ümumiyyətlə açıqlamırlar.

Lisenziyalı 33 bank qalıb

Dünya bazarında neftin ucuzlaşmasından bəri sərbəst dönərli valyutalarla müqayisədə Azərbaycan manatının dəyərsizləşməsi nəticəsində indiyədək bir neçə kommersiya bankının («Bank of Azerbaijan», «Gəncə Bank», «Yunited Credit Bank», «Evrobank», «Texnika Bank», «Atrabank», «Qafqaz İnkişaf Bankı», «Azərbaycan Kredit Bankı») lisenziyası geri alınıb.

İndi lisenziyalı bankların sayı 33-ə enib.

XS
SM
MD
LG